"İş yerimdə uşaqlar məni məsğərəyə qoymasaydı..." - Müsahibə

"İş yerimdə uşaqlar məni məsğərəyə qoymasaydı..." - Müsahibə

Keçən il "Avroviziya" yarışmasında yarımfinala qədər yüksələn Xəyal Tağıyevin "Vətəninfo.az"a müsahibəsi:

- Xəyal Tağıyev kimdir? Özünüzü necə təqdim edərdiniz?

- Şəxsiyyət vəsiqəmdə adım Xəyal Tağıyev kimi gedir. Amma millətçi olduğum üçün adımı dəyişib Metexan Tağılı etmək istəyirəm. Amma dəyişə bilmədim. Dedilər ki, uzun məsələdir. Amma imkan olan kimi İnşallah dəyişəcəm. Amma mahnılarımın qarşısında adım Xəyal Xan kimi gedir.

- Niyə məhz adınızıi dəyişib Metexan qoymaq istəyirsiniz?

- Çünki adım ərəb adıdır. Mən türk adını istəyirəm.

- Sizdə musiqiyə həvəs uşaqlıqdan vardır yoxsa, nə sonradan yaranıb?

- Sözün düzü uşaqlıqda məndə heç musiqiyə həvəs olmayıb, heç səsimin olduğunu da bilmirdim. Uşaq vaxtı nadinc idim və oxumaq nədir bilmirdim. Daha çox məktəbdə aktyorluq edirdim. Yaxşı aktyorluq bacarığım olduğunu bilirəm. Səsim olduğunu isə əsgərlikdə gecə postda olanda darıxmayım deyə oxuduğum vaxt çavuş blindajdan göz yaşları içində çıxanda bilmişdim. Hələ demişdi ki,  axmaq nə gözəl oxuyurmuşsan,  məni ağlatdın. O, gündən sonra səsim olduğunu bilmişəm və oxumaq həvəsinə düşmüşəm.

- Necə oldu ki, “Avroviziya” yarışmasının seçimlərinə qatılmağa qərar verdiniz?

- Keçən il iş yerimdə uşaqların mənə lağ edib, məsğərəyə qoymasından sonra onların acığına gedib sənədlərimi vermişdim. Onlara nəyi isə təsdiq edib hər kəsin səsini kəsmək üçün “Avroviziya” yarışması üçün sənədlərimi verdim. Sözün düzü mən heç inanmırdım ki, seçilərəm. Özüm də eşidəndə şok oldum. Sevincdən bilmirdim qışqırım, yoxsa ağlayım. Ona görə ağlamaq istəyirdim ki, onlar mənə inanmasalar da həmişə çalışırdım hər kəsə bu işi bacardığımı təsdiq edim. Bu işdə mənə Tünzalə xanımın böyük köməyi olub.  Bu danılmaz faktdır. Buradan da Tünzalə Ağayeva, Yalçın müəllimə, aparıcı Leyla xanıma və məni 3 gün səhnədə müşaiyət edən musiqiçi Bəbir qardaşıma təsəkkür edirəm. 

- Əgər siz getsəydiniz, “Avroviziya”da neçənci olardınız?

- Ən yaxşı variantda 2-ci, ən pis də isə  6-cı yeri tutardım. .

- Bu il neçə seçimlərdə iştirak etməyi düşünürsünüzmü?

- Bu il isə özümə tam güvəndiyim üçün qatılmışam və seçilmişəm. İndi qalıb iştirak edib özümü yaxşı mənada göstərməyim. Hər kəsə və dünyaya sübut etmək istəyirəm ki, baxın Oğuz türkləri musiqidən anlamaya-anlamaya da oxumağı bacarırlar. İnşallah yəqin ki, bunu göstərə biləcəm. Seçilməsəm də Allah kərimdir. Yaxşı ifa edib, yaxşı fikirlər eşitməkdə mənim üçün qələbə olacaq.

- Əvvəllər sizin durumunuzdan heç kim xəbərdar deyildi. İndi isə fərqlidir. Sizcə bunun yarışmada sizə faydası olacaqmı?

- Sözün düzü, mənim durumum deyəndə şükürlər olsun Allaha dünyanın ən xosbəxt insanlarındanam, əlim, ayağım, canım sağ-salamatdır. İşim-gücüm və ən əsası ağlım başımdadır və nəyin doğru, nəyin yanlış olduğunu ayıra bilirəm. Bu bir xosbəxtlikdir. Buna görə də Allahıma minnətdaram. Kim olduğumu isə efirdə bu il də demək fikrim yoxdur. Sevmirəm mənə yazıq kimi baxılsın. Məncə bu düzgün olmaz. Yazıq əli-ayağı olmayan, gözü görməyən əlilləri saymaq olar. Amma bəzən baxır sanki o cür şikəst insanlar Allaha hər günü üçün şükür edir və bu mənim üçün bir utanc olar ki, o cür insanların qarşısında özümə yazıq dedirtsəm. Mən çox xoşbəxtəm, həqiqi mənada xoşbəxtəm. Mənim bu günümdə ətrafımda həqiqi mənada dostum deyə biləcəyim iki insanı tapmışam: Yetim Qacar və Rəşad. Özləri bilir kimləri deyirəm. Mene kim olmağıma baxmayaraq hörmət edən və hər çağırışımda köməyə gələcək insanlar var və mən nə tək, nə də kimsəsiz deyiləm. Ən əsas isə başımın üstündə məni heç vax tək qoymayan böyük Allahım var.

- İndi nə işlə məşğulsunuz?

- İndi çayçı işləyirəm

- Bu sənətdə irəliləmək üçün sizə kimsə kömək edirmi, yaxud da belə təkliflər almısınızmı?

- Düzü heç kim kömək etmir Rəşaddan başqa. Özümüz onunla nəsə ortaya çıxartmağa çalışırlq. Təklif də olmuşdu Tünzalə xanımla duet oxumalıydıq. Amma Tünzalə Ağayeva işləri çox olduğundan mən də problem yaratmayım deyə onun rahat vaxtının olmasını gözləyirəm. Düzü mən sevmirəm əl-ayağa dolaşmağı.

- Rəşad kimdir ?

- Rəşad  həm dostum, həm də mahnılarımın aranjımançısıdır.

- Səsinizə sizi tanıyanlar və ifanızı dinləyənlər bələddir. Nə vaxtsa sizə kömək edib bu sənətdə  qabağa çəkəcəklərini gözləyirsinizmi?

- Xeyr. Mən Allahdan başqa kimdənsə, heç nə gözləmirəm və ummuram. Heç o cür ümidlərədə qapanmıram. Çünki vaxtı ilə çox ümidlərə qapanmışam. Bilirsinizmi insanın ümidləri param-parça olanda özünü necə hiss edir? İndi siz bunun bir də kimsəsiz birinin başına gələndə görəsiniz. Kimdənsə bir parça ümid gözlə və o səni yarı yolda buraxsın. Mənim uşaqlıq xəyallarım 9 yaşımda bitib və 10 gündən sonra 29 yaşım olacaq. Sizcə 29 illik ümidsizliyin içində Allahdan başqa kimdənsə ümid gözləməyim doğrumu olardı?

- İnsan əslində hər yaşda ümidi yalnız Allahdan gözləməlidir. Çünki insanlar bilib-bilmədən, istəyərək və ya istəməyərək insanı ümidsizliyə dücar edirlər. Pozitiv, gələcəkdən ümidli olmaq üçün yalnız Allaha inanmaq, ona ümid etmək və hər şeyi ondan istəmək lazımdır. Bəs Xəyal Tağıyevin imkanı olsaydı, sənəti üçün nələr edərdi?

- Sənətim üçün gərəkənləri edərdim. Amma əsas məqsədim sənətimlə birlikdə türklüyü, bütöv azərbaycançılığı və ədalətin bərqərar olması üçün çalışmaqdır. Mənim məqsədim həyatda budur. Dünya şöhrətli müğənni olsam, bu xəyallarımı həyata keçirəcəm.

- İmkanlarınız olsaydı, sizcə dünya şöhrətli sənətçi ola bilərmisiniz?

- Əlbəttə, ola bilərəm. Bəzən dünya şöhrətli musiqiçilərə baxıram. Onların əlində olan imkanlar, səsyazma studiaları, ətraflarında olan musiqiçiər, rəqqaslar, bekvokalçılar mən də olsa, inanırsınız səhnədə elə şoular edərəm ki, hər kəs heyran qalar. Rəqsi bacarıram. Sadəcə bunları göstərməyə imkan yoxdur.

- Oxucularımıza və bizə son sözünüz...

- Sonda hər kəsə təşəkkür edirəm. Bu müsahibənin üzərində çalışacaq olan  və əziyyət çəkəcək insanlardan, oxuyub gözlərini bu yazıdan ayırmayan hər kəsdən Allah razı olsun




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az