Alim Qasımov: "Necə ki, dərvişlər zikr edib o hala düşürlər, səmazənlər fırlanırlar, bu sənətdə də eləcə"
Qonağımız Azərbaycan Republikasının xalq artisti Alim Qasımovdur.(Eksklüziv)
-Alim müəllim, nə vaxt özünüzü, səsinizi kəşf elədiniz?
-Vallah, mən elə uşaqlıqdan oxumuşam. Taqqanadan, dəmirdən, teldən-zaddan taxtaya bağlayıb özüm üçün oxuyurdum, elə o vaxtdan məni dinləyənlərin çox xoşları gəlib səsimdən, deyiblər, sən bu işlə məşğul ol. Mən buna təbii baxıram. Çünki, bizdə evdə hamı oxuyurdu, Atamın da yaxşı səsi vardı. Bir də bu böyük qardaşımın da yaxşı səsi var (əlini uzadıb kənardakı qardaşını göstərir). Əvvəlcə başqa işlərdə işlədim, mantyor köməkçisi, sürücü, daha sonra neftdoldurma yerində, yağları ölçən. Xeyli sonra ailə qurdum. Gördüm ki, o işlər mənim əlimdən gəlmir. İş elə gətirdi ki, Siyavuş Aslan mənim qaynanamın qohumu oldu. O xahiş elədi böyük bəstəkarımız Vasif Adıgözəllidən, o da dedi ki, problem deyil, gəldim. Siz biliriniz, o vaxt 2500 manat pul istəyirdilər və o pul da hər adamda yox idi. Elə məhz Səyavuş Aslanın tapşırığı ilə məni qəbul elədilər və ilk dəfədən də “5” yazdılar. Əlibaba müəllim, Bəhram Mənsurov idi mənə o qiyməti yazan. Elə sevinirdim, uçurdum göylərə, bilirdim axı, məni tapşırıblar.
-Belə çıxır ki, Alim Qasımov sənətə tapşırıqla gəlib...
-Götürmürdülər. Məni Sumqayıtda kəsib “kafi” vermişdilər. Düzdür, elə də yaxşı oxumamışdım orda, amma onlar usta idilər, bilməliydilər ki, burda nəsə var, o “nəsə”ni tutmalıydılar.
-Bugünkü sənətçilərdən sizin zövqlə dinlədiyiniz...
-Vallah indiki cavanlardan o halı tutanlar çox azdır. Keçmişdən də müəyyən dəsgah formasında var, məsələn Mütəllim rəhmətlik Nizamdan oxuyub. Hacıbaba, Zülfi, Yaqub Məmmədov, Qədir Rüstəmov müəyyən muğamların hissələrini gözəl ifa edib. Rübabə Muradova həm muğam həm də muğamların müəyyən şöbəsini özünəməxsus oxuyub. Seyid Şuşinski, Cabbar, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Keçəçi oğlu Məhəmməd, Bülbül özü. Onun da özünəməxsus oxumağı var. Mən bunların hamısına qulaq asmışam, demək olar ki, hamısının tələbəsi olmuşam.
- Sizin tələbələrdən Mütəllim Dəmirov...
-Hə, o mənim tələbəmdi.
-deyir ki, mən oxuyanda özümdə olmuram. Mənə göydən Allahın bir nəşəsi gəlir və mən onu tutub özüm üçün dəmlənirəm. Nə hərəkət elədiyim, tamaşaçıya necə göründüyümün fərqində olmuram. O hal necə olur, nədir o halın adı?
-O hal mənə elə gəlir, aktyorlarda var...
-Artistlikdimi bu?
-Xeyr, əsla. Artistliklə bunu eləmək olmaz, o halda süni çıxar. Yapışmaz. Ona görə o də o hal məhz daxildən gəlməlidir. Necə ki, dərvişlər zikr edib o hala düşürlər, səmazənlər fırlanırlar, bu sənətdə də eləcə. Bu da o haldandı. Biz də bir on-on beş dəqiqə sənətimizlə dürüst məşğul olsaq, elə bil ki, keçirik dərvişlərin halına. Bu yol eyni yoldu. Onlar da zikr edirlər, edirlər, daha sonra o hala düşürlər. Ağızlarına kömür qoyurlar yana-yana, isti suyla dəstəmaz alırlar. Biz o səviyyəyə girə bilmirik yəqin ki, müəyyən dərəcədə öz oxumağımızı oxuyan vaxtların çoxusunda o halda ola bilirik.
-Bilirəm ki, siz bunlardan kənardasınız amma bu muğam dünyasında da ikiüzlülüklər, yaltaqlıqlar, ironiyalar varmı?
-Təbii ki, var. Gözəldi ki, ifa vaxtı bunlar yox olur. Nə olsa ifa vaxtı o çıxıb gedir.
-Musiqinin bir sağaltma funksiyası da var...
-Mən ərəb ölkələrində olanda eşitmişəm bunu. Su səsi, damcı, musiqiylə insanların sağaldığı bir yer vardı. O yerdə oldum. Əminəm ki, gözəl ifaçı hər bir cəhətdən Allahdan güc alan gözəl sənətkar, onda o qüvvə varsa, həmin o Allahdan aldığı enerjini xəstəyə yönəldə bilərsə o xəstə mütləq sağalmalıdır.
-Sizin başınıza belə bir hadisə gəlibmi?
-Olub. “Yüksək təzyiqlə konsertə gəlmişəm, siz oxuyandan sonra heç bilmədim təzyiq hara getdi. Uçdum getdim göylərə, Allahla qovuşdum...”, bu kimi sözləri həm yerlilərimiz, həm də əcnəbilər deyiblər mənim özümə.
-Yeniliklər varmı?
-Var. Yeni proqramlar var ki, yaxşı konsertlər verək.
-Xaricdə, ölkədə?
-Xaricə çağıran kimi gözləmirik, gedirik, hazır proqramlar var və biz gedib onları təqdim edirik.
-Ən çox getdiyiniz ölkə haradır? Orda insanların reaksiyaları necədir?
-Xaricdə çox öncədən təqdimatlar, proşüralar yayılır və dinləməyə gələnlər artıq məlumatlı olurlar. Ona görə də bizim son konsertlərdə onlar bizim oxuduğumuz qəzəllərdən bəyəndiklərini tərcümə eləmişdilər. O qəzəllər onların əllərində var idi və ekranda gedirdi. Demək olar ki, bütün ölkələrdə bizim qəbul olunmağımız eyni şəkildədir.
Söhbətləşdi:Nigar