
Belə misallar onlarla, yüzlərlədir, və bu "siyasət”in mərkəzində hər zaman eyni adam – Prezident Administrasiyasının keçmiş rəhbəri R.Mehdiyev dururdu! Ancaq anlamaq lazımdır ki, söhbət yalana patoloji sevgidən və ya sadəcə, onların xoşuna gəlməyən adamlara qarşı böhtandan getmir. Bu, kifayət qədər məkrli və konkret məqsədə yönəlmiş siyasət idi. Azərbaycan FETÖ-sünə həmişə zəif Prezident və ondan mümkün qədər çox ölkə vətəndaşının narazı olması lazım olub. Bununla da bu məmurlar Prezidenti xalqdan, müxalifətdən, qeyri-hökumət təşkilatlarından "xilas edənlər” rolunda çıxış edərək özlərinə bunun müqabilində daha çox siyasi və iqtisadi imtiyazları tələb edə bilərlər.
Azərbaycan FETÖ-sünə xalq içində populyar Prezident lazım deyil, bunu onlar özlərinə böyük təhlükə hesab edirlər, belə olan halda özlərinin dövlət quruculuğunda heç bir şeyə yaramayan, sadəcə, lazımsız və artıq məxluq kimi aşkara çıxarılmasından qorxurlar. Buna görə də onlar insanları narazılığa təhrik edərək və ələ alınmış bəzi "müxalifət” partiyalarının liderləri ilə manipulyasiya edərək uzun illər dövlətə və Prezidentə birbaşa təzyiq göstərirdilər. Təsadüfi deyil ki, müxalifətin böyük mitinqlərinin çoxu Azərbaycan FETÖ-sünə lazım olan zamanda məhz sifarişlə baş verirdi və R.Mehdiyev, Ə.Həsənov hakimiyyətdən uzaqlaşdırılandan sonra bütün bu fəal, hətta icazəsiz mitinqlərə, polislə toqquşmalara can atan partiyalar və liderlər birdən-birə susdular və heç bir mitinq fəallığı göstərmirlər.
Azərbaycan FETÖ-sü hələ Heydər Əliyev idarəçiliyinin son illərində dövlət aparatının bir hissəsində formalaşmağa başlayıb. Prezidentin xəstəliyindən və uzun müddət müalicəsindən istifadə edərək o, gələcəkdə nəzərəçarpacaq dərəcədə möhkəmlənib, öz adamlarını bir çox dövlət müəssisələri, hüquq-mühafizə orqanları və parlamentdə yerləşdirərək, ictimai sektoru və media məkanını nəzarətə götürərək nüfuzlu xarici havadarlarının dəstəyi ilə 2003-cü ildən sonra artıq açıq şəkildə siyasi ambisiyalarla çıxış etməyə, politologiyada "hökmranlıq edir, lakin idarə etmir” adlandırılılan tezisi, başqa sözlə, faktiki "ikihakimiyyətliliyi” Prezidentə və cəmiyyətə qəbul etdirməyə inadkarlıqla can atıb.
Bu şəbəkəyə daxil olmayan və onların məkrli planlarına müqavimət göstərən dövlət məmurları onların nəzarətində olan KİV-lər vasitəsi ilə hücumlara və ləkələnməyə məruz qaldılar. Onların barəsində kompromatlar və yalan donoslar toplanırdı ki, onların istefasına nail olsunlar və yerlərinə öz adamlarını gətirsinlər. Sonra bəzi partiya liderlərinin ələ alınması yolu ilə öz şəbəkə orbitinə müxalifət partiyalarının bir hissəsini də cəlb edə bildilər. Bundan sonra müstəqil KİV və müstəqil qeyri-hökumət təşkilatlarının total əzilməsi dövrü başlandı, yaranan boşluqlar da Azərbaycan FETÖ-sünün nəzarətində olan yüzlərlə dekorativ QHT və KİV ilə dolduruldu. Bunlardan isə dövlətin ayırdığı büdcə vəsaitlərinin mənimsənilməsi üçün daha çox istifadə olunurdu.

Bununla yanaşı, Azərbaycan FETÖ-sünün aydın görünən xarici siyasət prioritetləri və xarici dəstəyinin olması şübhə doğurmur. Azərbaycanın Qərbə inteqrasiyasına tərəfdar olan bütün ictimai təşkilatların total şəkildə dağıdılması və bunu həyata keçirən azərbaycanlı məmurların Kremldə RF orden və medalları ilə açıq şəkildə mükafatlandırılması bunun bariz nümunəsidir. Hətta Türkiyə ilə qardaşlıq münasibətlərinin inkişafı onlarda nifrət və kinli reaksiya doğururdu. 90-cı illərin ortalarında Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən güclü zəlzələ baş verəndə müstəqil Azərbaycan KİV-də qardaşlarımıza yardım etmək çağırışı ilə kampaniya başlamışdı. Bu kampaniyaya ilk reaksiya verənlər o zaman SOCAR-ın vitse-prezidenti İlham Əliyev və Azərbaycan Müdafiə Nazirliyi oldu. Bu barədə elan ediləndə Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev qəfildən MN-ə zəng etdi, bu təşəbbüsü dəstəklədiyinə görə naziri kəskin şəkildə danladı və dövlət orqanlarına bu kampaniyada iştirak etməyi qadağan etdi. Guya ki, Türkiyə Azərbaycandan daha varlıdır, biz niyə ona kömək elməliyik? Heydər Əliyev müdaxilə etməli oldu və hamının yanında R.Mehdiyevi danladı ki, məsələ pulda deyil, məsələ qardaş xalqlar və dövlətlər arasında münasibətdədir, məsələ çətin anda qardaşlara kömək və dəstək göstərməkdədir.
20 ildən artıq bir müddətdə Azərbaycan FETÖ-sü tərəfindən ölkənin dövlət və milli maraqlarına vurulmuş ziyanın hamısını bir məqalə çərçivəsində ətraflı sadalamaq mümkün deyil. Bunu etmək üçün bir və bəlkə də daha çox kitabın yazılması lazımdır. Bu qarşıdurmada dönüş yalnız son illərdə – Mehriban Əliyevanın Birinci vitse-prezident kimi təsdiqlənməsindən, həmçinin Prezident Administrasiyası rəhbərliyinin dəyişməsindən, sosial-iqtisadi blok nazirliklərinin rəhbərliyində ciddi islahatların həyata keçirilməsinə yönəlmiş gənc kadrların təyin edilməsindən sonra baş verdi. Lakin düşünmək lazım deyil ki, Azərbaycanda bir neçə böyük məmurun vəzifədən çıxarılması ilə bu problemi bir dəfəyə həll etmək mümkün oldu…
Hətta pandemiya böhranı zamanı yoluxanların, ölənlərin sayının artması şəraitində belə yeni partiya mərkəzlərinin yaranması, gözlənilməz siyasi blokların və ittifaqların formalaşması prosesinin necə paralel getdiyini görürük. Və bu təsadüfi deyil: cəmiyyətə həddindən artıq irimiqyaslı islahatlar təklif olunub, hakimiyyətin yuxarı eşalonlarında həddindən artıq ciddi kadr dəyişiklikləri baş verib, siyasi və iqtisadi maraqlara, "toxunulmaz” olan fiqurlara, qruplara, klanlara çox güclü zərbə vurulub. Onlar hakimiyyəti və imtiyazlarını itirsələr də, hələ böyük maliyyə, hakimiyyət orqanlarında qalan çoxsaylı əlaltılarının hesabına inzibati resurslara, Azərbaycanda sabitliyin pozulmasında və ölkənin zəifləməsində maraqlı olan xarici dairələr tərəfindən siyasi dəstəyə, eləcə də artıq çoxdan onların "himayəsində” olan bəzi "müxalifət” partiyalara, nəzarətlərində olan KİV-lərə, yəni əlavə siyasi və media resurslarına malikdirlər.
Mahiyyətcə Prezidentin və Birinci vitse-prezidentin təklif etdiyi irimiqyaslı, sistemli islahatlar kursu həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyətin daxilində yolayırıcı xətt oldu. Məhz bu meyarın (təklif olunan islahatlara münasibət) əsasında daxili siyasi sahənin yenidən qurulması prosesi gedəcək və biz gələcəkdə ən gözlənilməz və hələ bir neçə il öncə qeyri-mümkün görünən siyasi müttəfiqlikləri və birlikləri görəcəyik. Və biz artıq görürük ki, özünü ən "prinsipial”, "barışmaz” müxalifət adlandıran insanlar hakimiyyətin korrupsiya sisteminin öz vəzifələrini itirən keçmiş "sütunları” ilə necə ruh yüksəkliyi ilə iş birliyi qurmağa başlayırlar.
Bu proses hələ ilkin mərhələdədir (köhnə sistem hələ sonadək dağıdılmayıb, yenisi isə hələ tam qurulmayıb) və əminliklə demək olar ki, bu proses ətrafında əsas mübarizə hələ irəlidədir.
Politologiyanın məlum qanunu var: islahatçı üçün daha çətindir, nəinki inqilabçı üçün. Çünki inqilabçı yalnız hakimiyyətlə mübarizə aparır, islahatçı isə iki cəbhədə – həm müxalifətlə, həm də dövlət aparatının islahatlara qarşı olan bir hissəsi ilə mübarizə aparır. Ona görə də, islahatçıların heç də hamısı uğur qazanmır, yalnız öz komandasını qətiyyətlə yeniləyənlər, effektiv fəaliyyət göstərən hakimiyyət formalaşdıranlar uğur qazanırlar. Bu təhlükələrin və risklərin düzgün qiymətləndirilməsi başlanan islahatlarin taleyində həlledici rol oynayır.