Ramiz Rövşən - Kölgə

Ramiz Rövşən - Kölgə

Sənin kölgən düşür burda hər şeyə;

Bu evə-eşiyə,

yorğan-döşəyə,

Körpəm mışıl-mışıl yatan beşiyə

sənin kölgən düşür gecəbəgündüz.

Kölgən düşür

qadınımın üzünə,

Gizlədir üzünün eyiblərini……..

…….Ağac kölgəsinə,

daş kölgəsinə

Maşın kölgəsinə,quş kölgəsinə

ilişir,dolaşır,qarışır kölgən.

Bütün kölgələri çəkib canına

təzədən canıma daraşır kölgən.

Görəsən,bir azca səni unudub

birtəhər başımı qatarammı heç?

Görəsən,kölgənin ucundan tutub

gəlsəm,gəlsəm sənə çatarammı heç?

Bəlkə ən dözümlü kölgədi kölgən,

qırılan,cırılan,sökülən deyil.

Tanrı kölgəsidi,bəlkə də,kölgən,

ölüncə üstümdən çəkilən deyil.

Gecələr kölgənlə üstümü örtüb

yuxlaya biləydim bu dünyada kaş.

Kölgənə üzümü-gözümü sürtüb

ağlaya biləydim bu dünyada kaş.

Ağlaya bilmirəm…….

yağır yağış-qar,

Çöldə kölgən qalır yağış-qar altda.

Keçir kölgən üstdən

ağır maşınlar,

Kölgən tapdalanır

ayaqlar altda.

Kölgən dirsəklənib daşa-torpağa

dikəlmək istəyir,qalxmaq istəyir.

Dayanıb mənimlə qabaq-qabağa

gözümün içinə baxmaq istəyir.

Tez-tez bu şəhərdə aldanır gözüm,

sən donda görükür gözümə qızlar.

Bəlkə parça-parça doğrayıb-kəsib

kölgəndən don tikib özünə qızlar.

Kölgənə nə qədər əllər uzanır,

o küncə-bu küncə qısılır kölgən.

Aylar ötüb keçir,illər uzanır,

günbəgün gödəlir,qısalır kölgən.

Kölgən qısaldıqca

uzaqlaşırsan,

Bəlkə də,hardasa çılpaqlaşırsan.

Beləcə sən məndən,mən səndən uzaq

ölüncə yaşarıq tək-tək

dünyada.

Hələ bircə qarış kölgən qalıbsa,

mən qərib deyiləm,demək,dünyada.

Bir gün sən hardasa dil-dil ötəndə

son sözüm kölgənə yazılar sənin.

Kaş ki,vaxt bitəndə,əcəl yetəndə

qəbrimi kölgəndə qazalar sənin….

P.S. Dostumuz,mərhum Yavər Hüseynbəylinin Ramiz Rövşənin “Kölgə” şeirinə aid səslənməsinə təqdim edirik:



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az