Rəfiqə Rzayevanın revanşı

Rəfiqə Rzayevanın revanşı
Bu yaxınlarda saytımızda getmiş "Rəfiqə Rzayevanın MMC-i yoxsa dövlət liseyi” adlı yazının dərcindən sonra Şirvan şəhər 1 nömrəli tam orta-məktəbdə nələr baş verib? Direktor Rəfiqə Rzayeva adı hallanan problemin həlli yolunda addım atıb, müəllimlərin dərs yükü məsələsinə təzədən baxıb, narazı müəllimlər dərslə təmin olunub, hətta sözügedən əvəzçi müəllim məktəbdən uzaqlaşdırılıb. İlk baxışdan elə görünə bilər ki, direktor səhvini başa düşüb, ziyanın yarısından qayıtmağı üstün tutub, haqqı gec də olsa bərpa edib. Amma  təəssüf ki, bu, sadəcə məsələləri ört-başdır etməyə və guya ki, faktları yox eləməyə xidmət edir. Nöşün ki, Rəfiqə xanımın ikinci addımı bizə hücum etmək olub, özünə vəkil tutan direktor dolayısıyla xox gələrək bildirir ki, əgər təkzib verməsək, bizi məhkəməyə verəcək.
Xub, qanun qarşısında boynumuz qıldan incə. Bizə xəbərdarlıq məktubu yollamış vəkili vasitəsiylə deyirik: Rəfiqə xanım, məlumunuz olsun ki, mən jurnalistkaya bu gün gəlməmişəm, əlimdə keçərli fakt olmadan və haqqı müdafiə etdiyimdən əmin olmadan bir cümlə belə yazmaram. Sizin haqqınızda isə bildiklərimdən Sabir demiş, "mən hələ dörddə birin yazmayıram”. Mən hələ onu yazmıram ki, siz "süddən çixmış ağ qaşıq" deyilsiz, haqqınızda mətbuatda bir neçə dəfə tənqidi yazı gedib. Mən hələ onu yazmıram ki, bu yazının dərc olunmasından əvvəl sizin müəllimlərdən Zəminə Bayramova və Xatirə Kərimova Regional Təhsil şöbəsinə gedərək bir qrup müəllim adından sizdən şifahi şəkildə narazılıq ediblər. Bundan sonra sizi təhsil şöbəsinə çağıraraq müəllimlərin şikayətinə baxmağı tapşırıblar. Mən  heç onu da yazmamışdım ki, sizin kollektivdən bir neçə müəllimin imzası ilə rayon təhsil şöbəsinə  yazılı şikayət gedib. Məktubun mətni ilə sizi yazının sonunda tanış edəcəyik.
Bəli, mən bunları yazmamışdım, cünki məqsədim sizdən fərqli olaraq təmizdi, sadəcə Azərbaycan müəlliminin haqqının bərpa olunmasını istəmişdim, yazmışdım ki, "müəllimlərin ruzisi və qüruru ilə oynamayın", sizsə  üzünüzdəki ləkəni silmək əvəzinə vurub güzgünü sındırmaq fikrinə düşdünüz, bizə müharibə elan etdiniz.

Hörmətli xanım, məlumunuz olsun ki, mən sizlə heç bir ədavət  saxlamıram, sizi tanımıram və heç bir şəxsi-qərəzliyim yoxdu, əgər olsaydı, daha başqa şeylərdən daha başqa cür yazardım. Məsələn, xəstənin yaralı ayağını qoyub, sağ ayağını kəsən cərrahın assissenti olan və bu məsələyə görə töhmət alan həyat yoldaşınızdan.
Amma, məncə, canını bu millətin təhsili yolunda qoymuş qocaman müəllimləri təhqir edib alçaltmaqla xəstənin sağlam ayağını kəsmək arasında elə bir fərq yoxdu, hətta bu, daha böyük cinayətdir. Yoxsa ailəliklə bu ölkəni dərəbəylik zənn etdiniz, Rəfiqə xanım? Müəllimlərin dərs yükünü bərpa etdiniz, bəs onların qırılmış qürurlarını necə bərpa edəcəksiniz? Keçən ilin aprel ayında  cərimə adı ilə aldığınız  pulları necə qaytaracaqsınız? Yoxsa elə bilirsiz, müəllimləri ələ alıb, qorxudub bu faktların arxasından çəkə biləcəksiniz, yalanın qələbəsinə bu qədərmi inanırsız, hörmətli direktor? Hətta belə olsa da, mən sizdən üzr istəyəsi deyiləm, burda üzr istəyəcək yeganə adam sizsiniz, o da öz müəllimlərinizdən. Axı siz bu faktların dosdoğru olduğunu hamıdan yaxşı bilirsiniz, hansı məntiqlə, nəyə güvənərək məni məhkəmə ilə hədələyirsiniz? Mən haqqın qələbəsi ilə bitən çox məhkəmə  gördüm, Rəfiqə Rzayeva, məni sizin hədəniz qorxutmaz. Çünki ömrümə İmam Hüseynin o çox sevdiyim sözlərini şüar etdim: "Mən bir haqsıza qarşı bir haqlının çıxa biləcəyini nümayiş etdirmək üçün vuruşdum”.

Aydın Məmmədoğlu

P.S. Vəkil Cavid Rzazadənin nəzərinə çatdırmaq istəyirik ki, göndərdiyi məktubda konkret göstərməliydi ki, hansı fikir təhqirdi, hansı fikir də böhtan. Gözləyirik...

P.P.S. Mənim tam imzama gəlincə, Aydın Canıyev...

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az