Sentyabrın 30-u onsuz da vəziyyəti olduqca ziddiyyətli və fəlakətlərlə dolu olan dünyanın tarixində dönüş nöqtələrindən birinə çevrildi - Rusiya rəsmən Suriya münaqişəsinə qatıldı.
BBC icmalçısı baş verənləri bu cür təsvir etdi: "Elə bir hiss var ki, sanki bizim qəlbimizə tüpürüblər. Ruslar amerikalılara bir daha kələk gəldilər”.
Əlbət, amerikanları Rusiyanın beynəlxalq terrorizmlə aparacağı mübarizə yox, öz hegemonluqlarına və saxta qürurlarına vurulan zərbə narahat edir. Bütün bu çeşidli terror təşkilatları, bu monstr və "frankenşteynlər” Qərbin doğduğu və bəslədiyi övladlardır. Onlar terrorçuların məhvində də, Suriyada əmin-amanlığın bərpa ola biləcəyi gündə də maraqlı deyillər.

Elə bu səbəbdəndir ki, Rusiyanın aktiv müdaxiləsinin terror hidrasının başlarının əzilməsi ilə nəticələnməsi də onların arzuları siyahısında deyil.
Rusiya bombardmançılarının işə düşməsi ilə eyni dəqiqələrdə artıq əks tərəfin informasiya və dezinformasiya müharibəsi də qızışıb. Bircə o qalıb ki, "demokratlar” əllərinə plakat götürüb yazsınlar: "Bağışla bizi, İŞİD”.
Bəlkə bu da oldu.
Hadisələr isə başgicəlləndirici sürətlə başladı. Sentyabrın 28-də Nyu-Yorkda Putin və Obama məcburiyyətdən bir-birinin əlini sıxanda hələ heç kəs əmin deyildi ki, cəmisi 2 gün sonra Rusiya təyyarələri Homs və İdlib səmasında peyda olacaq.

Sentyabrın 30-da Bağdaddakı rus diplomat özünün amerikalı həmkarına zəng vurur: "Maraqlı məlumat eşitməyə hazır olun”.
Sonra rus generalı səfirliyin binasını tərk edərək ABŞ səfirliyinin qapısını döyür və hərbi attaşe ilə görüşmək istədiyini söyləyir. O, hərbi attaşeyə elan edir: düz 1 saatdan sonra terrorçuların bazalarının bombalanmasına başlanacaq və yaxşı olar ki, amerikalılar öz təyyarələrini Suriya səmasından kənarlaşdırsınlar.
60 dəqiqə sonra bombardman başlayır.

Amerikanlar bu cür davranışa öyrəşməyiblər - ruslar onlarla xahiş yox, tələb dili ilə danışırlar. Açıq mətnlə elan edirlər: təyyarələrinizi uzaqlaşdırmasaz, baş verəcək xoşagəlməz insidentlərə cavabdeh deyilik.
Üstəlik də tələblərini əsaslandırırlar - Rusiyanın hərəkəti beynəlxalq hüquqlara tamamilə uyğundur.
Bəli, Suriya səmasında ABŞ və Britaniya, Fransa və Avstraliya hərbi təyyarələri var, ancaq onların hamısı bununla beynəlxaq hüquqa tüpürüblər, çünki onları buraya Suriyanın qanuni hökuməti dəvət etməyib.

Rusiya isə legitim hakimiyyətin xahiş və təklifi ilə təşrif gətirib. Yəni onları Bəşər Əsəd dəvət edib - qanuni prezident. Nə deyəsən, doğru məntiqdir.
Sentyabrın 30-u Rusiya Federasiya Şurası yekdilliklə HHQ-nin Suriyada hərbi əməliyyatlarda iştirakına icazə üçün səs verir. Artıq axşam saatlarında ilk hədəflər vurulur. Söhbət Hama, Homs və İdlibdəki hərbi obyektlərdən gedir. O cümlədən İdlibdə yerin altında yerləşən üç mərtəbəli qərargah vurulur.

Və dərhal da Qərb mətbuatında ah-nalə başlayır: Rusiya İŞİD-i yox, "yaxşı oğlanla”ı, yəni "Nüsrə Cəbhəsi”ni və "Azad Suriya Ordusu”nu bombalayıb. Onlar isə sən demə, "mötədil müxalifət”dir, yəni "yaxşı terrorçular”dır.
Halbuki danılmaz faktdır - vəhşiliklərinə görə də, məramlarına görə də bu "yaxşı oğlanlar” heç də İŞİD-dən fərqlənmirlər. Yəni bir almanın yarısıdırlar.
O ki qaldı fantom "Azad Suriya Ordusu”na, ABŞ təlimatçılarının hazırladığı bu "ordu” iki şeylə məşhurdur - digər qruplara silah satmaqla və əsgərlərinin digər islamçı qruplaşmalara qoşularaq sponsorlarını peşman etməklə (bəlkə də bu "peşmançılıq” yersizdir, yəni elə əvvəlcədən onları bu niyyətlə yetişdirirlər).
Sonra Tel-Bisə qəsəbəsində bombardman nəticəsində 16 dinc sakinin öldüyü xəbərləri tirajlanır, harada və nə vaxt çəkildiyi naməlum qalan fotolar peyda olur.
Bu dəfə təkzib birbaşa Putindən gəlir. O, yalnız terrorçuların öldürüldüyünü, zərbələrin dəqiq olduğunu bildirir və mülki əhalinin həlak olmasına dair xəbərləri əks tərəfin informasiya hücumu adlandırır.
O ki qaldı ayın 30-da İŞİD-in yox, digərlərinin bombalanmasına, Putin əvvəldən elan etmişdi: Rusiya bütün terrorçularla savaşacaq.
Elə də oldu.
Oktyabrın 1-də isə zərbələr məhz İŞİD-in mövqelərinə endirildi. Söhbət onların "paytaxt” elan etdiyi Rakka şəhərinin yaxınlığındakı Tabka hərbi bazasından gedir. Bu bazanı islamçılar 2014-cü ilin avqustunda ələ keçirmiş, hərbi personalı isə kütləvi şəkildə, videokameraların qarşısında edam etmişdi.
O vaxtdan bəri aviabaza guya ki, mütəmadi olaraq başında ABŞ-ın dayandığı koalisiya gücləri tərəfindən bombalanırdı. Ancaq göründüyü kimi, o bombalardan Tabkadakılar qətiyyən ziyan çəkmirdilər.
Hələlik nəticələri ümamiləşdirmək və proqnozlar vermək üçün olduqca tezdir. Ancaq onu söyləmək olar ki, Rusiyaya qarşı Suriyada təkcə islamçı terrorçular yox, həm də ABŞ-ın yaratdığı koalisiya dayanacaq. Bu sonuncuya isə ən mürtəce rejimlər olmasına baxmayaraq Qərb "demokratlar”ının dostu və müttəfiqi sayılan Yaxın Şərq monraxiyaları da daxildir.
Rusiya ilə bir cinahda isə Suriya ordusu, İran, İraq, "Hizbullah” və kürdlər dayanır. Hələlik mənəvi üstünlük bu ikincilərinin tərəfindədir. Suriyanın yaxın zamanda dinc həyata qovuşacağı perspektivi isə yenə də çox uzaqdadır.
Tarix sanki təkrarlanır: 70 il əvvəl dünyanı nasizmdən xilas etmiş Rusiya indi də onu qlobal İslam terrorundan təmizləmək missiyasını üzərinə götürür...
Məmməd Süleymanov/Virtualaz.org