Sağ olsun Aqil Abbas və yaxud
Aydın Canıyev
vətəndaşlara təcavüzün çalarlarını nümayiş etdirən məmurların cəzasız qalan əxlaqsızlığı
"Qanunu heçə sayan adamlar haqlıları haqsız duruma salır..." Aqil Abbas, MM-in deputatı, yazıçı, publisist
Bu yazı mənim son yazım deyil, amma həm də son yazım ola bilər. Gözləyəcəm ki, reaksiya verilsin! Olmazsa...
Üzümü Sizə tuturam - cənab daxili işlər naziri general-polkovnik Ramil Usubov, cənab MM üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov, məndən zəhlən getsə də, jurnalistliyimi qəzetində dırnaq içində yazsan da, cənab AJB-nin sədri Elçin Şıxlı, oxuyun və qərar verin. Hamınızdan bir şey istəyirəm: Ağdaş rayon polis şöbəsinin sahə müvəkkili polis leytenantı Rahib Abdullayevin mənə sosial şəbəkədə və mobil telefonda yazdıqlarını və dediklərini. Ona qədər isə oxucularla fikrimi bölüşürəm, arada Sizə də müraciət etməklə. Əvvəlcədən təşəkkürlər!
... Çox erkən yaşlarımda əlimə məxfi kitablar keçib - Sov.İKP-nin rəhbərliyindəki nomenklatura üçün nəzərdə tutulan bu ədəbiyyatlarda təhlil, analiz və təqdimatlarda insanların xarakteri, üz və sifət cizgiləri, boy və yerişi, davranış tərzləri çözülür, insanların idarə edilməsi, xalqların müstəqilliyə doğru mübarizələri zamanı müqaviməti qırmaq yolları, siyasi liderlərin ələ alınması, "krepkiy oreşok"ların sındırılması, kəşfiyyatın üzə çıxarılması üsulları misallarla açıqlanırdı.
Cəmi bircə dəfə səhv etdim, onunla da daha o kitabları mənə oxumağa vermədilər dostlarım - "Tamil İlam Pələngləri" təşkilatı - "TİP" (Şri-Lanka) - haqqında oçerkdən həvəslənib bir yazı yazmışdım və əslində də o oçerkdə elə şey yox idi, mən sadəcə öz xalqıma - Azərbaycan xalqına o keyfiyyəti, o xarakteri arzulayırdım! 90-cı illərin əvvəliydi!
Deməli, sözün həqiqi mənasında "TİP"-ə məxsus "fakt" kimi "soxuşdurmuşdum": "Tamil xalqı əsrlərdir ki, bu "qızıl qayda"ya əməl edir - heç bir tamil digər tamili təhqir edə bilməz. Etdisə, həmən ölümünə fitva verilir. Bütün tamillər bir-birinə rəğbət bəsləməlidi! Müstəqilliyimizi əldə etmək və qorumaq naminə".
Yazımı oxuyan redaktor ağsaqqalım heç nə demədi, axşam mətbəəyə gələndə çağırdı və tapşırdı ki, ta iş bitənəcən, yəni, gecə saat üçə-dördəcən ancaq və ancaq işçilərin bir-birinə rəftarına və davranışına bax, gedəndə söz deyəcəm. Baxdım. Nə demək istədiyini anladım. Həmin prinsipə əməl olunsaydı, sabah qəzetin materiallarını yığmağa, səhifələməyə, çap etməyə bir nəfər də qalmayacaqdı! Hamı bir-birini təhqir edirdi - yarızarafat, yarıgerçək!
Və... Ustad çox üzgün, sanki bütün baş verənlər üçün günahkarmış kimi dedi: "Arzun gözəl arzudu! Amma... Al, Hitlerin alman xalqını formalaşdırmaq üçün atdığı addımlardan biri barədə məlumatdı. Oxu. Daha belə yazılar olmayacaq. Sən özünü ələ verəcəksən, atacaqlar dəlixanaya, bu qədər bilirsən, bu da bəs edər".
Oxudum. Hitler kişili-qadınlı ölkəboyu "sbor" elan eləyib - yeddi bel oyan-buyana boşanmayan, həbs olunmayan, oğrusu olmayan, cinayətə meyllənməyən, ən azından orta savadlı alman oğlanların-qızların. Həm də sağlam. Ucaboy. Gözəl. Həm də və ilk növbədə cəsur. Təbii ki, əxlaqlı olmaları da şərt olub. Məqsəd ari cinsin seleksiyasını həyata keçirməkmiş. O boyda Almaniyada cəmi yeddi min cütlük toplanıb.
Nəzərə alaq ki, ötən əsrin əvvəllərində bu ölkədə inflyasiya gün ərzində yüzqat olurdu və "dərin dövlət yetkililəri" alman qızlarını Argentinada fahişəliyə göndərmişdi. Ki... büdcəyə pul gəlsin, yeddi min cütlük də az deyildi!
Başa düşdüm ki, bir xalqın əxlaqını formalaşdırmaq üçün azından onun rəhbəri olmalısan! Mənim iddiam sadəcə jurnalist olmaq idi!
İkinci bir yazım əxlaqdan oldu. Qrupumuzda bir qız saçını kəsdirmişdi. Yazmışdım, milli-mental dəyərlər üçün guya da həyəcan təbili çalmışdım. Almaniyada hərbi xidmətdə olan Ustad bu dəfə də təmkinlə fikrini bildirdi: "Əxlaqi ölçülər çox nisbi bir şeydi. Zamanla redaktələr olur. Otuz il əvvəl narahat olduğumuz dəyərlər bizim üçün indi heç bir önəm kəsb etmir. Otuz il sonra da elə olacaq. Otuz il sonra səni utandıracaq yazılardan uzaq ol!"
Və mən həmişə otuz il sonra da dəyərini itirməyən yazıları yazmağa başladım - otuz ildə yazdıqlarım dediyimin sübutudu! Onda isə...
Başa düşdüm ki, xalqın formalaşması və əxlaq məsələləri jurnalistin işi deyil. Jurnalist problemi yazır, informasiyanı çatdırır, xəbəri doğru verir və publisistikanın bostanına girmir! Dövlət siyasətini, ziyalıların fikirlərini, ədəbiyyatın ortaya qoyduğu mütərəqqi ideyaları təbliğ edir - mətbu orqanlar!
Fəqət... müstəqillik dönəmində hər şey turşulu aşa çevrildi: siyasi mübarizədə əxlaqsızlıq, bütün səviyyələrdə seçkilərdə saxtakarlıq, müstəqillik dönəminin problemləri üstündə alverçilik, torpaqların qorunması zamanı xəyanətkarlıq, iqtidar-müxalifət savaşında qurşaqdan aşağı priyomlar, dövlətin milli doktrinaya malik olmaması, ədəbiyyatın prioritet müəyyən edə bilməməsi, bayağılıq, föhş, təhsil konsepsiyasının bərbadlığı... jurnalistikanın əl buyruqçuluğu sonda vətəndaşlara, sözün bütün mənalarında və növlərində, təcavüzün çalarlarını nümayiş etdirən məmurların əxlaqsızlığının cəzasız qalmasıyla nəticələndi!
Bu gün Azərbaycan məmuru vətəndaşı zorlayır! Ona birbaşa və dolayısıyla təcavüz edir! Qanunun aliliyini qorumalı olanlar... susur! Tərpənmir!
İkicə fakt!
BİRİNCİSİ: 11 dekabr 2017-ci ildə 102 xidmətinə zəng vurmuşam. (+994) 55 247 80 16 saylı telefonun istifadəçisi və facebook-da "Rahib Abdull" nikinin sahibi (indi deaktiv edib, guya da maddi sübutları məhv edib, daha bilmir ki, skrin-şotlar qalır!), özünü "ağdaşlı polis Ramin" kimi təqdim edən şəxsin məni və ailə üzvümü təhqir etdiyini, aşağıladığını, hətta seksual təcavüzə məruz qoyacağını bəyan edən vətəndaşın tapılıb məsuliyyətə cəlb olunmasını xahiş etmişəm. Telefonda bu şəxsin özünə və 102 məlumat mərkəzinə jurnalist olduğumu, adımı, soyadımı bildirmişəm.
Vətəndaşların ərizə və şikayətlərinə baxılması qaydalarına uyğun olaraq, 15 gün gözləmişəm. Yönləndirildiyim Yasamal RPİ 28-ci PB-nin sahə müvəkkilindən heç bir münasibət bildirilməyib. Yenidən müraciət etmişəm. 08 yanvar 2018-də bir daha izahatımı alıb polis kapitanı Ərəstun Qurbanov. Bir həftə də keçib. Yenə tədbir görülməyib. Bu dəfə, yanvarın 16-da DİN Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasova müraciət etmişəm. Həmin gün saat 19-20 radələrində 28-ci bölmənin rəisi polis polkovnik-leytenantı Eldar Qazıbəyov müavininin və sahə müvəkkilinin işirakı ilə məni qəbul edib dinləyib, olayı təfsilatı və bütün çılpaqlığı ilə çatdırmışam. Həll edəcəklərini bildirib. Yenə də... səs çıxmayıb. Əvəzində on gündən sonra - 27 yanvarda mənə... nəticəsizlik barədə məktub gəlib! Yenidən - 13 gündən sonra bir daha general-mayor Rafiq Abbasova müraciət etmişəm mətbuat vasitəsiylə. Yenə cavab yox! Daxili işlər naziri general-polkovnik Ramil Usubova teleqram əvəzi müraciət yaymışam - şeirlə! Yenə mətbuat vasitəsiylə. Yenə səs yox! Bütün bu ötən müddətdə aydınlaşdırdığım isə bu olub ki, həmin şəxs Rahib Sabir oğlu Abdullayevdir və Ağdaş rayon polis şöbəsində sahə müvəkkilidir. Əldə etdiyim məlumata görə, adamla danışılıb, o da hərəkətini etiraf edib, amma və lakin... hətta general Rafiq Abbasovun da çağırışlarını vecinə almır. Çünki Eldar Qazıbəyovla söhbətdən sonra mənə göndərilən məktub buna sübutdur.
Bu... adamı dolamaqdı, adama... ana söyüşüdü! Adamın istifadə etdiyi nömrə məlum, iş yeri məlum, amma adam "tapılmır", eləmi?
Cənab nazir, doğrudandamı, Sizin tabeliyinizdə olan yetkililər - kapitandan ta generalacan bir... leytenantı tapa bilmirlər!? Cəzalandıra bilmirlər!? Axı onlar bu hərəkətsizlikləri ilə təkcə mənim hüquqlarımı tapdamırlar e, mən öz şərəf və ləyaqətimi nə yolla olursa-olsun, qoruyacam, amma bu cavabdehlər qanunu təcavüzə məruz qoyurlar və yaxud da qanunun təcavüzə məruz qalmasına tamaşa edirlər!
Faktın
İKİNCİSİ: Bir neçə gün əvvəl tanınmış aktyor Rza Rzayev Nizami rayonu 220 saylı məktəb-liseydə ibtidai sinif müəllimlərindən qanunsuz hazırlıq pulları yığıldığı barədə məlumat yaymışdı. Aktyor direktor müavini olan xanım qohumu Zeynəb Rzayevanın işdən çıxarıldığını qeyd edərək, məktəb direktorunun rüşvət yığdığını iddia etmişdi və... az sonra sosial şəbəkələrdə həmin məktəbin direktoru tərəfindən yayılan videoda direktor özü də etiraf edir ki, adamın bacısına adının mənasını "xırdalayıb", maddi imkanlarını nəzərinə çatdırıb, dolayısıyla etdiyi hərəkəti dəyərləndirmək qabiliyyətində olmadığını nümayiş etdirib! Qarşılığı olmayanda isə... işdən azad edib! Adam da qardaş olaraq, gəlib özünün varlığını bəyan edib, affekt vəziyyətində danışığına nəzarətini itirib. Neyləməliydi? Deməliydi əcəb eləmisən? Deməliydi...
Unutmayaq ki, Rza Rzayevi tanıyanlar bilir ki, adamın yanında latayır lətifə danışanda qızarır və durur aralanır!
Sağ olsun Aqil Abbası! - bu qədər cəsarətlə yazı yazdı, qahmar durdu. Sosial şəbəkədə isə cəmi iki jurnalistdən dəstək gördüm: Azər Rəşidoğlu və Lalə Əliyeva. Əslində, Aqil Abbasın bu cəsarəti onunla dəyərlidi ki, bir azərbaycanlı ziyalısının, bir yaradıcı insanın öz ailə üzvü uğrunda, onun işi və namusu üçün çabasında həmrəylik ifadə olunur! Ziyalılıqdı bu! Tapdanan qanunların fonunda vətəndaşlara təcavüzün çalarlarını nümayiş etdirən məmurların əxlaqsızlığına etirazdı - özün MM üzvü olasan, oğlun bu hökümətin hüquq-mühafizə sistemində çalıışsın və Sən ortaya mövqe qoyasan - hakimiyyətin qeyd-şərtsiz dəstəklədiyi harın və əxlaqsız məmura qarşı çıxmaq vətəndaşlıq borcudu həm də!
... Bu birisi Aqil (Alışov) və o birisi dostlar şahiddi, on gün qabaqdan demişdim ki, "Sağ olsun Aqil Abbas" yazısı yazacam. Niyəsini soruşanda bildirmişdim ki, işim düşüb, kişi adamdı, xahiş edəcəm ki, Ramil Usubovla görüşdürsün. Çünki bunların heç harasına deyil yazdıqlarım, müraciətlərim, sabah əlimdən bir xəta çıxsa, Əflatun Amaşov İTV-də mənə ayama qoşar, Rəşad Məcid "Azadlıq" radiosuna gedib müsahibə verər, deyər "Aydın qanlıq söhbət edib", Müşfiq Ələsgərli BMM-də mətbuat konfransı təşkil edər Rahib Abdullayevin qohumları üçün, Bahəddin Həziyevlə də Elçin Şıxlı götürüb qəzetlərində-saytlarında yazarlar ki, "Aydın Canıyev işində qadın izi". Hələ bir ar eləmədən də jurnalist təyinin dırnaqda verərlər.
Mən istəmədim day, Aqil Abbas!
Sağ ol! Sağ ol ki, Rza Rzayevə qahmar durursan - amma axıracan qoru onu! Mən Rza Rzayevi, bacısına "adının mənası oddu, atəşdi, mənim moykam var" deyilən sözlərdəki sətiraltı eyhamın ağrısını, əzabını yaşayan KİŞİNİN HALINI anlayıram.
Və bu yerdə "Hoqqa" filmində Qızxanımın (aktrisa Dilarə Əliyeva) dediyi bir aforizm yadıma düşür: "Day-day, feysbukda bir misal var, əsl kişi demir, eliyir".
Eləcə də "Hoqqa"da Qızxanımın dilindən səslənən digər bir facebook aforizmi var: "Kəramət... yaxşı oğlan qadın yolunda meyit olar".
Bu aforizmlər mənim - otuz ilin jurnalistinin və istedadlı bir aktyorun, rejissorun - Rza Rzayevin boynunun möhnətidi artıq! O gərək deməyəydi, eləyəydi: şalvarı boynunda çıxaraydı o məktəb direktorunu o məktəbdən! Və eləcə də qalan dediklərini edəydi!
... Mən də gərək bu yazıları general-mayor Rafiq Abbasova yazmayaydım, 102-yə zəng etməyəydim, Eldar Qazıbəyova aldanmayaydım...
Gərək edəydim... Rahib Sabir oğlu Abdullayevi o davranışından sonra nə yolla olursa-olsun, tapaydım, gedib onun dilini və cinsiyyət üzvünü kəsib təyinatı üzrə yerləşdirəydim! (Əziz dövlət və səlahiyyət yetkililəri, əsəbləşirsiniz, eləmi? Mənə cəza fikirləşirsiniz, cəzaya layiq bilirsiniz, düzdümü? Nə istəyirəm ki? Oxuyun və dinləyin adamın mənə yazdığını, dediyini, sonra özünüz qənaətə gəlin! Məndən də sərt qərarlar qəbul edəcəksiniz! Hətta qanqster Hacı Məmmədov belə meydan sulamayıb!) Bunu məndən Azərbaycanlı olmağım tələb edirdi! Bunu məndən məni zülmlə böyüdüb oxudan anamın namusu tələb edirdi, bunu məni kişi bilib mənə sığınan qadının etimadı tələb edirdi! Bunu məndən ataları olduğum qızlarımın valideynlərinə güvəni tələb edirdi! Və mən bunu... etmədim! Ehsan Zahidova (DİN MX), 102-yə (DİN MM), general-mayor Rafiq Abbasova (DİN BKİ) və sonda daxili işlər nazirinə və Sizlərə müraciət etdim!
Təəssüf ki, biz bizim hüquqlarımıza, şərəf və ləyaqətimizə təcavüz edənlərə, bu cəhddə bulunanlara heç nə edə bilmirik! Söhbət qeyrətsiz olmaqdan, bizə edilmiş təhqirə görə türməyə getmək cəsarətinin olmamasından getmir və yaxud da peysərə verməkdən getmir! Söhbət... qisasın şərəfsizdə qalmasına şans verməkdən gedir! Söhbət həm də ondan gedir ki, "qanunu heçə sayan adamlar haqlıları haqsız duruma salır..."( Aqil Abbas) və cəza da haqsız duruma düşənlərə verilir! Üstəlik də... düz otuz il qabaq - Ustadımın mənə anlatdığı kimi, Azərbaycan xalqının nümayəndələri öyrəşiblər bir-birini təhqir etməyə. Yarıgerçək də olsa, yarızarafat da! Öldürməyə, cəzalandırmağa qalsa, bircə nəfər də salamat qalmaz! Bəs onda hüquq-mühafizə orqanları nə üçündü?
Bu xalqın rəhbəri... Hitler olmayıb, deyil və olmayacaq!
Bu xalqın daxili işlər naziri İsgəndər Həmidov olub, daxili işlər naziri Ramil Usubovdu, bu xalqın baş naziri Pənah Hüseyn olub, bu xalqın baş naziri varlığıyla yoxluğu bilinməyən Artur Rəsizadədir!
Amma və lakin... bütün bunlara baxmayaraq, hələ də qanunun aliliyinin təmin olunacağını gözləyirəm və tarixə ekskurs edirəm:
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun poçtuna:
Sentyabrın ilk 10 günü, 1992-cü il. Az.TV. "Dialoq" verilişi. Dövlət katibi (sonradan Baş nazir) Pənah Hüseyn(ov) qırmızı pencəkdə jurnalistlərlə görüşür, birbaşa efirdə suallara cavab verir. Həmin gün günortaya yaxın redaksiyamızla - "Azərbaycan" qəzeti ilə bir mərtəbədə və həm də üzbəüzdəki otaqda "Ayna"-"Zerkalo"nun müxbiri Cahangir Hüseynov şil-küt edildi, təpəqapaz yüngül səslənir. Bir yazı yazdım: "ÇMO" - "çelovek moralno obosrannıy". "Axşama qoyarıq səhifəyə", - deyib başımı aldatdılar, "Aydınlıq" qəzetində rəhmətlik Məmməd Nazimoğluna çap üçün verdiyimi biləndə isə, bir dost kimi yazını götürməyi və ümumiyyətlə verməməyi məsləhət bildilər. Dirəşmədim. Əvəzində isə Pənah bəydən "heyfimi çıxdım"...
Pənah bəyə hərə bir sual verdi. Mən:
- Pənah bəy, ölkədə baş verən hadisələrdən neçə saata xəbər tutursunuz?
- Nə demək istəyirsən, sözünü de.
- Bilmək istəyirəm, informasiyaların Sizə çatdırılma operativliyinə görə sual verəcəm...
- 10 dəqiqə ilə iki saat arasında.
- Bu gün saat 11-12 radələrində "Ayna"-"Zerkalo"nun müxbiri redaksiyada - "Azərbaycan" nəşriyyatının dördüncü mərtəbəsində daxili işlər nazirinin iştirakı ilə döyülüb, xəbəriniz varmı, səkkiz saat keçib.
- Mən İsgəndər bəylə günorta danışmışam, o xəstədi, heç evdən çölə çıxmayıb.
- Kəlbəcərdən gəlirəm, altı aydı adamlar un almadıqlarını deyirlər, ot-pencər yeyirlər...
Mənasız bir cavab!
Birinci sualımdan İsgəndər Həmidovla hərəkat vaxtından dost olan və bəslədiyi jurnalistlər incidi, ikinci sualdan kəlbəcərli dostlarım!
- Pənah bəy, Siz danışanda gözəl danışırsınız, camaat siqaret almağa pul tapmır, niyə müstəqillik əldə etdiyimiz bu müddəti keçmiş sovet respublikaları ilə müqayisə edirsiniz ki? Müstəqillik qazanandan az sonra Qana, Zambiya ilə müzakirə edin də eyni müddətə görə...
Bu fikrimdən də verilişə baxan kəndçilərimiz incimişdi - xəbər elə, sənə siqaret pulu göndərək də!
p.s. Onda Cahangir Hüseynovun iş yoldaşı və həm də rəhbərlərindən biri olan Elçin Şıxlı... bu gün Azərbaycan Jurnalistlər Birlyinin sədridir. Şərhə ehtiyac var? Açıqlama verməliyəm niyə AJB üzvü deyiləm? Niyə Mətbuat Şurasına yaxın durmuram?
p.p.s. ... Jurnalistlərin "çmo"laşdırılması istiqamətində atılan bütün addımlar müqavimətsiz və cəzasız qaldı... onda! Elə indi də elədi!!!
Sosial şəbəkədə paylaşdığım bu statusa Vaqif Hacıbəylidən cavab: "1992-ci ildə olan həmin hadisəni yaxşı xatırlayıram. O vaxt "Azadlıq" qəzetinin redaksiyasında jurnalistlərin bu olaya etiraz aksiyası keçirildi. Təsəvvür edin ki, həmin yığıncağı da Prezident Aparatının məsul işçisi Nəcəf Nəcəfov aparırdı. İsgəndər Həmidovu da oraya dəvət edib danladılar. O vaxt həmin toplantıdakı çıxışım da yadımdadı. Demişdim ki, "İsgəndər bəy həmin şilləni əslində mənə vurub". İndi hansısa naziri jurnalistlərin toplantısına dəvət etmək belə kiminsə ağlına gəlirmi? O vaxt hakimiyyətdə bizim əqidədaşlarımız olsa da, qəzetçi kimi biz sağlam müxalifətdə olmuşuq, yəni sözün həqiqi mənasında, "dördüncü hakimiyyət" olmuşuq. Dostum İsgəndər bəylə bağlı ən sərt tənqidlərimi də yazıb öz imzamla çap etdirmişəm. Bütün qüsurlarına baxmayaraq, o dövr "hürriyyətçilik dövrü" olub. Belə..."
Bəli, cənab nazir, Sizdən kimsə nəsə artıq heç nə istəmir və mən inanmıram da ki, dekabrın 11-dən bu günə qədər, yəni az qala iki ay ərzində Sizə məruzə etməsinlər - Siz də Pənah Hüseynsiniz ki, aldadıb desinlər, xəstəyəm, evdən çölə çıxmamışam? Siz də Pənah Hüseynsiniz ki, bilə-bilə, gizlədəsiniz? Sadəcə, bu ölkənin jurnalistini və ailə üzvünü seksual təcavüzə məruz qoyacağını bəyan edən leytenanta yerini göstərin! Bundan da asan Sizin üçün nə var ki? Və nəzərə alın ki, efirdən, mətbuatdan xalqa yalan danışanların, həqiqəti gizlədənlərin, insan haqlarını tapdalayanların aqibəti dünyanın heç harasında cəzasız qalmayıb. Söhbət təkcə məndən getmir - mən öz başıma çarə edərəm, söhbət hər gün minlərlə insana - vətəndaşlara təcavüzün çalarlarını nümayiş etdirən məmurların, o cümlədən də polis sıralarındakı kimsələrin əxlaqsızlığının cəzasız qalmasından gedir!
SON SÖZ ƏVƏZİ: Mənə ötən bu 57 gün ərzində Rahib Abdullayevin yazdıqlarından və dediklərindən xəbərdar olanlar dəfələrlə bildiriblər ki, nazirə müraciət elə, bu iqtidarda ən əxlaqlı adamlardan biridir, heç cür bağışlamaz e, üstəlik də facebookda saxta səhifə ilə olanı. Bildirirəm: 2011-ci ildə bir dəfə milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdim qəzetdə. 48 saatdan sonra içəridəydim! Hərçənd mən azadlığa çıxana qədər və ondan sonra da yazdıqlarım təsdiqlənsə də, o adamlar cəzalansa da, tutulsa da, bu mənim üçün daha önəm daşımadı!
Ümidimi üzmürəm, cənab nazir! Səhər saat 06.30-da Sizə "on-line" müraciət etmişəm!
p.s. Niyə yazının başlığını belə qoydum? Jurnalistlərin içində cəmiyyətin hər hansı bir üzvünün müdafiəsinə qalxan mütləq biri olur! Amma və lakin bir aydı 10 saytda bəyan edirəm ki, həyatım təhlükədədi, nə Əflatun Amaşovdan, nə Elçin Şıxlıdan səs çıxmır! Soruşanda da deyəcəklər, məlumatımız yoxdur, halbuki bunlar Azərbaycan jurnalistikasının hökm-fərmanlarıdır! Guya da ki!
A.C.
QOŞMA
http://www.miq.az/az/teleqram-evezi-cenab-general-meni-qebul-edin/
[url=http://www.miq.az/az/sos-media-generalinin-heyatina-tehluke-din-leytenanti-terefinden-reallasdirilir/]http://www.miq.az/az/sos-media-generalinin-heyatina-tehluke-din-leytenanti-terefinden-reallasdirilir/[/url]
Miq.Az