
Həmin prosesdə zərərçəkən Hüseyn Səfərov çıxışında demişdi ki, mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri hazırda azadlıqdadırlar. O, Mövlam Şıxəliyevin ona kişi sözü verdiyini də açıqlamışdı: "Bu gün Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov azadlıqdadırlar. Məni və digər zərərçəkənləri onlar Mövlam Şıxəliyevin vasitəsilə girov götürüblər. Bizləri girov götürməklə ailələrimizdən külli miqdarda pul aldılar. Məhkəməsiz-filansız mənim ailəmdən 2 milyon dollar pul alıblar. Bu gün də kirayələrdə yaşayırıq. Mövlam Şıxəliyev bu məhkəmə zalında mənə özü dedi ki, sən də daxil olmaqla, 3 zərərçəkənin pulunu Eldar Mahmudov verəcək. Dedi ki, kişinin sözü bir olar. Bu söhbət 8-9 dəfə təkrarlanıb”.
Həmin prosesdə Mövlam Şıxəliyevin müdaxiləsindən sonra Hüseyn Səfərov fikrini sona çatdıra bilməmişdi.
İttihama görə, Mövlam Şixəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərərçəkiblər. Cinayət işi üzrə 36 zərərçəkmiş şəxs var.
E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat”