Sərkisyan Əliyevin “bir cümlədə 4 yalan” sözündən niyə pərt olub...

Sərkisyan Əliyevin “bir cümlədə 4 yalan” sözündən niyə pərt olub...

Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidentinin onun ünvanına işlətdiyi "mən bir cümlədə 4 yalan deyən başqa prezident tanımıram” ifadəsindən möhkəm pərtliyini büruzə verib. Ötən gün iyunun 8-də İrəvanda Çexiya prezidenti Miloş Zemanla keçirdiyi görüşdən fürsət kimi istifadə edərək İlham Əliyevin həmin çıxışına əsəbi, eyni zamanda öz xarakterinə uyğun aşağı səviyyəli ibarələrlə reaksiya verib. Azərbaycan prezidentinin dediklərini özünə qarşı təhqir kimi qiymətləndirib.

Azərbaycan və Ermənistan prezidentləri arasında bu polemika bir daha müharibə vəziyyətində olan iki ölkənin liderlərinin bir-birlərinə münasibətdə necə davrandığına nəzər salmağı aktuallaşdırır. Əslində Azərbaycan prezidenti nə demişdi və onun dediklərində Ermənistan prezidentinin ünvanına təhqiramiz ifadələr var idimi? Yaxud qarşılıqlı polemikalarda kim hansı leksikona üstünlük verir və diplomatik etiketə hansı səviyyədə əməl olunur?

Prezident İlham Əliyevin dünya azərbaycanlılarının Bakıda keçirilən Forumunda Ermənistan prezidentinin ünvanına dediklərini bir daha qısaca xatırlatmaq lazım gəlir. İlham Əliyev həmin çıxışında Sərkisyanın Avrasiya İttifaqının Astanada keçirilən toplantısında dediklərinə reaksiya verməli oldu. Sərkisyan Putinin hüzurunda bir daha iddia etmişdi ki, aprel döyüşləri zamanı hərbi əməliyyatların dayandırılmasını Azərbaycan birinci Rusiyadan xahiş edib.

Bu, qıcıqlandırıcı sözlər Sərkisyan tərəfindən artıq neçənci dəfədir deyilirdi və Azərbaycan prezidenti nəhayət ona reaksiya verməli oldu. Dedi ki, Ermənistan prezidentinin bu sözləri tamamilə yalandır, uydurmadır. Aprel döyüşləri zamanı hərbi əməliyyatların dayandırılması xahişi ilə Rusiyaya birinci müraciət edən Ermənistan özüdür.

Lakin Sərkisyanın dediklərində yalan olanı təkcə bu deyil. Ermənistan prezidenti Azərbaycanı Qarabağa "təcavüzdə” də ittiham edib. Bəs aprel döyüşlərində atəşi kimin birinci açmasından asılı olmayaraq bir dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində hərbi əməliyyat keçirməsi nə vaxtdan "təcavüz” hesab olunur? Bu, qırmızı yalan deyil, bəs nədir? Yalan faktının konstatasiyası nə zamandan şəxsiyyətə yönəlmiş təhqir sayılır?

Yaxud aprelin 5-də hərbi əməliyyatların dayandırıldığı gün erməni qüvvələrinin bütün itirilmiş mövqeləri geri qaytardığını bəyan edən Sərkisyan və onun müdafiə naziri deyildimi? Axı həmin bəyanatlar internet mənbələrində qalır və cəmi 1 ay sonra Sərkisyan "800 hektar ərazi itirmişik” deyəndə elə özü-özünü yalançılıqda ittiham etmiş olmurmu?

Qeyd etmək lazımdır ki, İlham Əliyev Ermənistan prezidentinin ünvanına əvvəllər də haqlı olaraq sərt çıxışlar edib. Başqa cür ola da bilməz, çünki Serj Sərkisyanın danışıqları uzadıb status-kvonu saxlamağa yönəlmiş taktikası, dəfələrlə danışıqlarda irəliləyiş əldə olunanda prosesi geriyə atan addımları Azərbaycan prezidentinin müxtəlif beynəlxalq forumlarda, ictimaiyyət qarşısındakı çıxışlarında faktlarla konstatasiya olunur.

Lakin bu zaman Azərbaycan prezidenti etiketi həmişə gözləyib, tənqidləri Sərkisyanın şəxsinə yönəltməkdən çəkinməyə çalışıb, "Ermənistan rəhbərliyi”, "Ermənistan hakimiyyəti”, "Ermənistan tərəfi” kimi təmkinli ifadələrdən istifadə edib. Çünki söhbət Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan ölkənin prezidentindən, Xocalı qətliamında şəxsən iştirak edən keçmiş səhra komandirindən getsə də sülh prosesi və diplomatik etiket naminə Sərkisyanın şəxsinə yönəlmiş ifadələrdən qaçmaq lazım gəlir.

Bunun əksinə, Sərkisyan öz leksikonunda dəfələrlə Azərbaycan rəhbərliyinin ünvanına kinayəli ibarələrə yer verib, qızışdırıcı, təxribatçı çıxışlar edib. Məsələn, 2013-cü ildə prezidentlərin növbəti görüşü ərəfəsində Sərkisyan Azərbaycan rəhbərliyinin ünvanına böhtan və yalanlarla dolu çıxış etmişdi, bu zaman "diktator”, "despot” kimi ifadələrə yer vermişdi. Təbii ki, Sərkisyanın həmin çıxışına Azərbaycan prezidenti də adekvat reaksiya verdi. Və prezidentlərin görüşü baş tutmadı. Tamamilə aydın idi ki, Sərkisyan həmin çıxışla məhz buna nail olmaq istəyirdi.

Sərkisyan elə indi də deyəsən həmin taktikadan istifadə edir. Çünki Vyana həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə qərarlaşdırılıb ki, prezidentlər ləngimədən, vaxt itirmədən iyun ayında görüşüb münaqişənin nizamlanmasına dair danışıqlar prosesini bərpa etməlidir. Və həmsədrlərin bu günlərdə verdiyi bəyanata əsasən Əliyevlə Sərkisyanın iyun görüşü hər iki tərəfdə razılaşdırılıb.

O zaman həmsədrlərin həmin bəyanatı ilə eyni vaxtda Sərkisyanın Astanada Azərbaycanın guya Rusiyadan hərbi əməliyyatların dayandırılmasına kömək etməyi birinci xahiş etdiyi barədə uydurmanı təkrarlamasına nə ehtiyac var idi? Bu, atmosferi yumşaltmağa yönəlmiş beynəlxalq səylərə zərbə vuran qızışdırıcı, təhrikçi bəyanat nəyə lazım idi? Və Azərbaycan prezidenti həmin uydurmaya daha nə qədər təmkinli yanaşıb reaksiyaya verməməliydi? Reaksiya verildi və tutarlı, arqumentləşdirilmiş reaksiya oldu. Və belə görünür ki, yalanlara vərdiş etmiş Ermənistan rəhbəri bir cümlədə işlətdiyi yalanların sayının hesablandığını görəndə möhkəm pərt olub və hisslərinə nəzarəti itirib. Bunu özünə qarşı təhqir kimi qiymətləndirib./virtualaz.org/

İndi bunu gözləmək qalır ki, Azərbaycan prezidenti Sərkisyanın son çıxışına necə reaksiya verəcək...

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az