Şinzo Abe yenidən Yaponiyanın Baş naziri seçilib

Şinzo Abe yenidən Yaponiyanın Baş naziri seçilib

Dekabrın 24-də parlamentin aşağı palatasında deputatların səsverməsindən sonra Şinzo Abe yenidən Yaponiyanın Baş naziri seçilib.

Aşağı palatanın üzvü olan 475 deputatdan 328-i Şinzo Abenin namizədliyini müdafiə edib. Məsləhətçilər palatasında da Şinzo Abe səslərin çoxunu alıb. Dekabrın 14-də parlamentin aşağı palatasına keçirilən seçkilərdə Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya (LDP) qalib gəlib. LDP və Komey Partiyasından ibarət hakim koalisiya 475 deputat mandatından 326-ya yiyələnib.

Yaponiyanın Baş naziri parlamentin üzvü olan deputatlar arasından seçilir və o səslərin yarıdan çoxunu toplamalıdır. Hər bir partiya namizəd kimi öz liderini irəli sürür. Beləliklə, Baş nazir Şinzo Abe öz vəzifəsini saxlayaraq yeni hökuməti formalaşdırmaq hüququ qazanıb.

Yeni hökumətin formalaşması zamanı yalnız müdafiə naziri Akinori Etodan başqa əvvəlki nazirlərin öz vəzifələrində qalacağı gözlənilir. Yeni müdafiə naziri vəzifəsinə isə əvvəllər də bu vəzifəni tutmuş Qen Nakatanin təyin olunacağı bildirilir.

Həmin gün axşam Baş nazir və yeni təyin edilmiş kabinet üzvləri İmperator Akihito tərəfindən hökumətin təsdiq olunması mərasimində iştirak edəcəklər.

Xəbər verdiyimiz kimi, Yaponiyada parlamentin aşağı palatasına növbədənkənar seçkilər dekabrın 14-də keçirilib. Baş nazir Ş.Abe iqtisadi və maliyyə siyasətinin davam etdirilməsi üçün seçicilərin dəstəyini qazanmaq məqsədilə aşağı palatanın buraxılması barədə qərar qəbul etmişdi. Buna səbəb kimi istehlak vergisinin 5 faizdən 8 faizə qaldırılmasından sonra iki rüb dalbadal iqtisadi tənəzzülün qeydə alınması göstərilirdi. Bu, Baş naziri 2015-ci ilin oktyabrında istehlak vergisini 10 faizə qaldırmaq planından imtina etməyə məcbur etdi.

Seçkilərdə qələbə LDP-nin hakimiyyətdə qalmasını daha dörd il müddətinə uzatmaqla yanaşı, ona mövcud iqtisadi xətti davam etdirmək imkanı yaratdı. Yeri gəlmişkən, Ş.Abe ölkənin iqtisadi vəziyyətinin necə olacağından asılı olmayaraq, 2017-ci ilin oktyabrında istehlak vergisinin 10 faizə qaldırılacağını bildirib.

http://azertag.az/xeber/820590



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az