Sığortasız ev sahiblərinə zərbə - Lənkəranda

Sığortasız ev sahiblərinə zərbə - Lənkəranda

Lənkəranda sel zamanı su basmaya məruz qalmış ailələr öz evlərinə qayıdırlar.

Vizual.az xəbər verir ki, bu barədə Fins.az-a Lənkəran Şəhər İcra başçısının müavini Möhübbət Babayev deyib. Onun sözlərinə görə, daşqınlar nəticəsində ümumilikdə rayon ərazisində 1500-dən çox evi su basıb. Köçürülən 500-dən çox ailə yenidən evlərinə qayıdıb. Evləri qəzalı vəziyyətə düşən 5-6 ailə isə hələlik qohumlarının evlərində məskunlaşıblar.

M.Babayev bildirib ki, ziyanın miqyası o qədər də böyük deyil:

" Belə ki, həyətlərin çox hissəsini su dolsa da, yalnız çiy kərpicdən tikilən evlərə ziyan dəyib. Bu da ona görə baş verib ki, həyətlərdə yığılan su belə evlərin bünövrəsini yuyub”.

Möhübbət Babayev hazırda Lənkəran rayon Fövqəladə Hallar Komissiyası bununla bağlı iş apardığını deyib:

" Ziyan dəyən evlərin sayı müəyyənləşdiriləcək. Daha sonra təmir edilməli olan evlər təmir ediləcək, qəzalı vəziyyətə düşənlər isə yenidən tikiləcək. Bu xərcləri isə dövlət təmin edəcək”.

M.Babayev evlərin sığorta məsələsinə də toxunub. Onun sözlərinə görə, evlərin bəziləri sığortalı olsa da, xeyli hissəsi sığortasızdır:

"Əhali sığortadan məlumatsızdır. İcra hakimiyyətinin isə vətəndaşlardan evlərini sığortalamağı tələb etmək hüququ yoxdur. Lakin evlərə dəyən ziyanla bağlı sığorta maarifləndirməsi işi gücləndiriləcək”.

O bildirib ki, idarə və təşkilatlarla, bələdiyyələrlə təşkil edilən tədbirlərdə əhali arasında sığorta marifləndirməsi işinin gücləndirilməsi tələb olunacaq. Çünki son zamanlar sel və daşıqınla yanaşı digər sığorta hadisələri də artıb.

Mövsümü olaraq vətəndaşların müxtəlif qızıdırıcılardan istifadə etməsi yanğınların sayının artmasına təsir göstərib:

"Yanğınlardan ziyan çəkən vətəndaşlar icra hakimiyyətinə müraciət edirlər. Lakin biz hamıya köməklik göstərmək imkanında deyilik. Vətəndaşlar evlərini icbari qaydada sığortalamalıdırlar ki, gözlənilməz hadisə ilə qarşılaşanda dəyən ziyanı ən azı sığorta şirkəti ödəsin. Bunun üçün o qədər böyük məbləğ də tələb olunmur. Cəmi 30 manat ödəyərək evlərini icbari sığorta etdirə bilərlər”.

Xatırladaq ki, oktyabrın 30-da Lənkəran da daxil olmaqla cənub zonasının bir sıra rayonlarında leysan yağışları yağıb. Leysan təsərrüfat və evlərə ciddi ziyan vurub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az