Ağcabədi ərazisindəki Taxtakörpüdə yerləşən Laçın Rayon İcra Hakimiyyətində xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi qeyd edilib. “Vətəninfo.az” “mediaforum.az”a istinadən xəbər verir ki, icra hakimiyyətinin inzibati binasının foyesində Sultan bəy və Xosrov bəy qardaşlarının həyat və qəhrəmanlıq yollarından bəhs edən fotostendə baxış keçirilib, iştirakçılara “Xalq qəhrəmanı Sultan bəy” kitabı, “Laçın” qəzetinin Sultan bəyin 140 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı təqdim olunub. Tədbirdə Sultan bəy haqqında videofilm nümayiş etdirilib.
“Xalq qəhrəmanı Sultan bəy” kitabının müəllifi, tarix elmləri doktoru Şikar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisinin deputatı Aqil Abbas, Ağcabədi və Xocavənd rayon icra hakimiyyətlərinin başçıları Şahin Məmmədov və Eyvaz Hüseynov çıxış edərək XX əsrin əvvəllərindəki ictimai-siyasi hadisələrdən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətindən, xalq qəhrəmanı Sultan bəyin 1918-1919-cu illərdə Qarabağdakı yaşayış məntəqələrimizin qaniçən Andronikin daşnak ordusundan mühafizə olunmasında müstəsna xidmətlərindən danışıblar.
Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. Şuşa qəza məktəbində ibtidai, Gəncə gimnaziyasında orta təhsil alıb, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. Lakin təhsilini yarımçıq qoyub geri, doğma Laçına qayıdıb.
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci ildə ermənilərin xalqımıza qarşı təcavüzü ilə bağlıdır. Azərbaycan türklərinə qarşı qırğınlar törədən ermənilərə qarşı mübarizə aparan dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edib. Onun ən yaxın köməkçisi böyük oğlu Sultan bəy olub.
1918-1920-ci illərdə Sultan bəyin başçılıq etdiyi özünümüdafiə dəstələri Zəngəzur və Qarabağ bölgələrindəki müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətlər göstərib.
Təbdirdə diqqətə çatdırılıb ki, Sultan bəyin və onun qardaşı, Qarabağın general-qubernatoru Xosrov bəy yalnız Zəngəzur və Qarabağın deyil, Kəlbəcərin, Basarkeçərin və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında böyük rol oynayıblar.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşayan Sultan bəy əvvəlcə İrana, 1923-cü ildə Türkiyəyə gedib, 1955-ci ildə Qars vilayətinin Köçqoy kəndində dünyasını dəyişib. Sultan bəy mühacirətdə olarkən 1937-ci ildə həyat yoldaşı, üç oğlu və bir qızı Qazaxıstana sürgün edilib və 1956-cı ilədək sürgün həyatı yaşayıblar.