Şuşanın dərdini bircə qız çəkir!
Bu şeir Şahinə Könülün 8 may günü keçirilən çal-çağırlı bir tədbirdəki çıxışına həsr edilib.
Məclisin sonunda ayağa qalxdı,
Yumruğu özündən öndə dayandı,
Yumruğu özündən qabaqca qalxdı.
Dedi ki, bayaqdan fikir verirəm,
Çalıb-oxuyursuz, deyib-gülürsüz.
Elə bil unudub... bilmir bir adam,
Nə üçün bayaqdan demir bir adam,
Şuşanın işğalı günüdür bu gün!
Baxıb göz önündə hamı gördü ki,
Şuşanın dərdini bircə qız çəkir.
Göz önündə axan qanı dedi ki:
- Şuşanın dərdini bircə qız çəkir!
Məclis bir anlığa pərişan oldu,
Oturduğu üçün peşiman oldu.
Ayağa qalxdılar bir nəfər kimi,
Sanki səf qurdular bir əsgər kimi.
Bir də hamı gördü... Dəyişdi hər şey,
Nə varsa, boş şeydi... Döyüşdü hər şey!
Boş şeydi dünyada bütün davalar,
Bu qızın döyüşü - davası nə xoş!
Bu qızın dərdindən qayıdar Şuşa,
Bu qızın qəlbində Şuşası nə xoş!
Bu qıza Şuşada qızım desinlər,
Bu qıza Şuşada toy olsun, nə xoş!
Deyir ki, Şuşaya heç nə olmasın,
Bu qıza nə olur, qoy olsun, nə xoş!
Qanlı yarasına özü duz qoyub,
Al qanı gör neçə igidin batır.
Bu qızı bir igid yuxusuz qoyub,
Bu qızın qəlbində min igid yatır!
Çox şahı taxtından devirib dünya,
Dünyanın qəsdini pisləmir bu qız.
Azərbaycan ola çevrilib dünya,
Şuşasız Vətəni istəmir bu qız!
Şuşasız Vətəni istəmir bu qız!
Hamını yuxuya gedən görüncə,
Hələ də Şuşasız Vətən görüncə,
Sıxıb yumruğunu, ayağa qalxdı,
Dönüb axırıncı bayrağa, qalxdı!
Qanlı baxışıyla meydan suladı,
Arada deyəsən baş da buladı...
Məclisdə hamıya qəzəbləndi qız,
Ataya, anaya qəzəbləndi qız,
Uşağa, böyüyə qəzəbləndi qız,
Bu yerə, bu göyə qəzəbləndi qız!
Niyə çatlamırsız dərddən, deyirdi,
O gün sanardın ki, bədən deyildi,
Təpədən-dırnağa qəzəbdəndi qız!
- Şuşanın işğalı günüdür bu gün!
Dedi, elə dedi... yerlər od tutdu,
Dedi, elə dedi... göylər alışdı!
Hamı bilməsə də, zaman bildi ki,
O qız nələr dedi, nələr danışdı.
Hamını yuxuya gedən görüncə,
Qanlı baxışıyla biləsiz necə
Od tutub alışdı, qəzəbləndi qız!
Dastanlar içindən çıxıb gəlmişdi,
Aslanlar içindən çıxıb gəlmişdi,
O "Misri", o "Cəngi", Ərəbzəngi qız!
Bir qızın sözüylə bir saniyədə,
Bir nəfər hamıydı, hamı bir nəfər.
Şeir də söyləmək olardı daha,
O ki var danışmaq, o ki var gülmək,
O ki var oynamaq olardı daha.
Unutmaq olsa da yanılıb nəyi,
Unutmaq olmazdı tək bircə şeyi,
Bir səslə dillənib ötmək lazımdı:
- Şuşanın dərdini bircə qız çəkir!
Kişitək etiraf etmək lazımdı:
- Şuşanın dərdini bircə qız çəkir!
Gəldi qulağıma səsi o günün:
- Hanı bu torpağın kişisi, hanı?!
Bir an bu qız kimi düşünsün, hanı?!
Vardırsa qulağı, eşitsin hamı!
Düşünür gəliri-çıxarı hamı,
Şuşanı yadından çıxarıb hamı,
Şuşanın dərdini bircə qız çəkir!
Şuşa tamam yanıb külə dönməyib,
Şuşa hələ yanır onun köksündə,
Şuşa hələ yanır... yanır yer, göy də.
Nə qoşun gərəkdir, nə raket, nə top!
Şuşanın biryolluq xilasi üçün,
Şuşanın dərdini gəzdirən qızın,
Şuşanın qəlbini gəzdirən qızın,
Bir qanlı baxışı kifayət eylər!
O qızın çıxışı kifayət eylər!
Şuşanın dərdini bircə qız çəkir!!!
Şuşanın dərdini bircə qız çəkir!!!
Barat Vüsal