TALEYİN OYUNU

TALEYİN OYUNU

"Saat 4ə işləsə də onun hələ də yuxusu gəlmirdi. Yatağında qurcuxan oğlan çox əsəbi idi. Fikirlər onu rahat buraxmırdı. Bu zaman telefonuna mesaj gəldi. “Sabah saat 12-də həmişəki yerdə görüşək. Son dəfə....”

Oğlan mesajı oxuyub telofunu bir kənara atdı. Əsəbdən əlləri əsirdi. Fikrindən cavab yazmaq keçdi, lakin bu fikirdən tez də daşındı. Qızla bungünkü danışığı onu çox sarsıtmışdı. O, qıza nə qədər çalışsa da haqq qazandıra bilmirdi. Çünki qızın verdiyi izahat onu heç cür qane etmirdi.

Qizla son telefon danışığını xatırladı:

- De görüm nə olub axı? Yenə neynemişəm mən? – deyə oğlan soruşdu.

- Söhbət sənin nəsə etməyində deyil. – qız bir qədər acıqlı cavab

verdi.

- Bəlkə yenə kimdənsə nəsə eşitmisən? Əgər elə bir şey varsa de mən

də bilim. – oğlan getdikcə əsəbiləşirdi – Bəlkə yenə hansısa qızla görmüsən məni?

- Dedim axı məsələ təkcə səndə deyil. Həm səni qızla görsəydim belə bu

qədər təpki verməzdim. – Qızın bu sözü oğlanı lap təbdən çıxardı. Çünki əvvəllər ona qarşı çox diqqətli, tələbkar olan sevgilisi son zamanlar onu demək olar ki, heç axtarmırdı da.

- Yəni sənin üçün fərqi yoxdur hə? – oğlan hələ ki, əsəbini boğmağa

çalışırdı.

- Mən elə demək istəmədim...

- Bəs necə demək istədin? – oğlan qızın sözünü yarımçıq kəsdi.

- İmkan ver danışım kobudluq etmə - qız da artıq səs tonunu getdikcə

qaldırmağa başlamışdı – məsələ sadəcə məndədir mənə elə gəlir ki, biz bir-birimizə görə deyilik.

- Nəəəə - oğlanin təəccübdən gözləri hədəqəsindən çıxdı – sən nə

danışdığını özün dərk edirsən? 

- Əlbətdə - qız çox soyuqqanlı şəkildə cavab verdi.

- Bu nə demək oldu indi? Yəni ayrılaq? - Oğlan hələ də inana bilmirdi.

- Bəli.

- Niyə? – oğlan az qala havalanacqdı.

- Dedim axı, çünki biz bir-birimizə görə deyilik. – Qızın bu cür

soyuqqanlılığı oğlanı lap təəccübləndirmişdi.

- Sən bunu üç ildən sonra hiss etdin?

- Bəli. Düzdur bir az gec oldu amma hiss etdim.

- Niyə axı? – deyə oğlan israrla izahat tələb edirdi.

- Belə məsləhət imiş – deyə qız bayaqkı soyuqqanlılıqla davam edirdi –

nə isə söhbəti uzatmağın mənası yoxdur. Daha unut məni gecən xeyrə qalsın – deyib qız əlaqəni kəsdi.

Oğlan isə bir müddət eşitdiklərinin şokundan çıxa bilmədi. Bir qədərdən sonra özünə gələn oğlan keçib divanda əyləşdi. Ağlına min cür fikirlər gəlsə də o, dəqiq bir qərara gələ bilmirdi.

Onun yadina qızla necə tanış olduğu düşdü. Tanış olduqları vaxtdan 3ildən çox vaxt keçsə də o həmin günü hələ də çox yaxşı xatırlayırdı. Qızın arxasınca bir müddət gedib-gəldikdən sonra qızı nəhayət ki, görüşməyə razı sala bilmişdi. O vaxtki günləri indi xatırladığına görə özünü qınadı. Qızın bu günkü danışığını xatırladıqdca üzündə acı təbəssüm yarandı.

Oğlan əslən rayondan olsa da Bakıda ikiotaqlı şəxsi mənzili var idi. Universitetin 4-cü kursunda oxuyan oğlan əsgərliyini də çəkib gəlmişdi. Əsas niyyəti Universiteti bitirən kimi ailə həyatı qurmaq idi. Lakin həyat hər zaman sürprizlərə doludur. O neçə ildir sevdiyi qızdan bu gün ayrılmışdı.

Bu cür fikirlərin ağuşunda yatmaga calışırdı ki, sübh namazının azanını eşitdi. Qalxıb hamam otağına keçdi dəstnamaz alıb namazını qıldı. İbadətdən sonra yüngülləşdi sanki. Saatın zəngini saat 10-a qurub yerinə girdi.

* * * * * * * * *

Saatın səsini eşidib gözlərini açdı. Yerinin içində gərnəşib gözlərini ovuşdurdu. Gec oyanıb-oyanmadığını qətiləşdirmək üçün saata baxdı. Düz vaxtında oyanmışdı. Az yatdığı üçün başı çox bərk ağrıyırdı.

- Yüngülləşmək üçün yuyunmaq lazımdır – deyə-deyə ayağa qalxdı. Paltar götürüb vanna otağına keçdi.

Yuyunub əynini geyindi. Saat hələ 11-ə 5 dəqiqə qalırdı. Gecikməmək üçün səhər yeməyini yeməyib evdən çıxdı. Gecikməyi heç sevmirdi. Bu günə qədər demək olar ki heç vaxt görüşə gecikməmişdi.

Paltosunu götürüb bayıra çıxdı. Oktyabr ayının 23-ü idi. Hava azca küləkli və çiskinli idi. Tipik payız havası var idi. Binanın qabağındakı yolun kənarına çatıb saatını bir daha yoxladı. Hələ görüş vaxtına 50 dəqiqə var idi. Ona görə piyada getməyi qırara aldı. Həm də piyada gəzib bir qədər fikirlərini aydınlatmaq istəyirdi.

Yavaş addımlarla parka tərəf getməyə başladı. Qızla ilk tanış olduğu gün düşdü yadına. Düz üç il bundan əvvəl may ayının 11-i idi. Qız rəfiqəsinin uzun sürən təkidindən sonra görüşməyə razı olmuşdu. O vaxt da indi getdiyi parkda görüşmüşdülər. Lakin indikindən fərqli olaraq o zaman yaz idi. Bu qəribə təsadüf onun üzündə qeyri ixtiyari təbəssüm yaratdı. Qəribə təsadüf idi.

Tini burulub parka tərəf döndü. Tində dayanan dilənçi nənə oğlana tərəf baxdı lakin onun üzündəki ifadəni görən nənə onun özündən də pis halda olduğunu görüb dillənmədi.

Oğlan yolu keçib parka daxil oldu. Havanın çiskinli olmasına baxmayaraq skamyaların əksəriyyəti dolu idi.

- Bunlara nə düşüb e bu yağışın günündə gəliblər parka – deyə-deyə keçib həmişə əyləşdikləri skamayada əyləşdi.

Saat 12-yə 15 dəqiqə qalırdı. Demək bir qədər də vaxtı qalırdı. Oğlan yenə tez gəlmişdi. Bu vaxtdan istifadə edərək hər şeyi bir daha fikirləşmək istədi, lakin yenə də bir tərəfə çıxa bilmədi. Başını əllərinin arasına alıb yenə düşünmək istəyirdi ki, bu vaxt yanında kiminsə əyləşdiyini hiss etdi. Başını qaldırıb baxdi. Gələn qız idi.

- Salam – qız heç oğlanın üzünə də baxmadan dedi.

- Salam –deyə oğlan cavab verdi.

- Bağışla ki gözlətdim – qızın səsindəki dünənki qıtiyyətdən əsər əlamət qalmamışdı.

- Eybi yox – deyə etinasız dilləndi.

Hər ikisi gözünü məchul bir nöqtəyə dikib susurdu. Heç biri söhbətə başlamaq istəmirdi. Qız oğlanı görüşə çağırdığı üçün söhbətə o başlamalı idi. Bunu dərk edən qız aram-aram söhbətə başladı.

- Səni bura niyə çağırdığımı yəqin ki, bilirsən.

- Xeyr bilmirəm – Oğlan bir qədər sərt cavab verdi.

- Xahiş edirəm sözümü kəsməyəsən – qız bir qədər incik dilləndi – qoy

danışım sonra nə sözün olsa deyərsən. Mən dünənki danışığımızın səndə nə təəssürat yaratdığını bilirəm amma inan mənə ki, belə hər ikimiz üçün daha yaxşı olacaq. Birdən fikirləşərsən ki, səni hansısa oğlana görə tərk edirəm xeyr bu heç də belə deyil – bu heç oğlanın ağlına da gəlməmişdi – mən hələ də səni sevirəm, lakin sevgi heç nəyi həll eləmir. Biz birlikdə xoşbəxt ola bilmirik. Heç birimiz o birimizə güzəşt etməyi bacarmırıq bu halda isə bizim ailə qurmağımızın heç bir mənası yoxdur. Xahiş edirəm ki, məni anlayışla qarşılayasan.

Qızın sözlərini dinləyən oğlan əsəbdən titrəyirdi. Qızın dayandığını hiss

edəndə növbənin ona çatdığını anlayıb sözə başladı.

- Demək belə, yəni bizim bu günki ayrılığımızın səbəbi dalaşmaqlarımızdır

hə?

- Bəli – deyə qız sakitcə dilləndi.

- Bəs sən bunu sadəcə dünən başa düşdün? Biz bu qədər vaxtı boşuna

itirmişik? – Oğlan əsəbdən özünə yer tapa bilmirdi.

- Xeyr bu dünənin söhbəti deyil sadəcə mən bunu sənə deməyə cəsarət

etmirdim – qız bayaqkı sakitliyini qoruyurdu.

- Yaxşı olsun sən deyən – Oğlan yumruğunu skamyaya çırpıb ayağa qalxdı.

Zərbənin şiddətindən əli ağrısa da bunu büruzə vermədi – ayrılıq, olsun ayrılıq amma sonra peşman olduğunda dönmə çünki mən səni bağışlamayacam.

- Heç olmasa dost kimi qalardıq arada....

- Heç vaxt – Oğlan əsəbi şəkildə qızın sözünü kəsdi – bunu ağlına da

gətirmə. Əlvida – deyərək arxasını çevirib oradan uzaqlaşdı. Onlar iki tanış kimi girdikləri parkdan yad adamlar kimi ayrıldılar.

Qız isə hələ də skamyada oturmağa davam edirdi. Oğlan sürətli addımlarla parkın çıxışına doğru getdi və heç çevrilib arxaya baxmadı da.

Parkı sürətlə çıxıb yolu döndü. Məqsədi evə bacardıqca tez çatmaq idi. Yol boyu ürəyinə özünü məzəmmət edə-edə evə çatdı. İçəri keçib qapını arxasınca çırpdı. Özünü yatağına atdı. Qeyri ixtiyarı gözündən yaş süzülməyə başladı. Bəli o, ağlayırdı. Son 16 ildə ilk dəfə idi ki, ağlayırdı.

Bir qədər ağlayıb sakitləşdikdən sonra ayağa qalxdı. Keçib əl üzünü yudu və yenə yataq otağına qayıtdı. Tez də gələcək haqqında planlar qurmağa başladı. 

- Əvvəlcə nömrəmi dəyişərəm, sonra isə evə başqa nömrə çəkdirərəm. Qoy məni axtarsın görüm necə tapacaq.

Axı onlar eyni şəhərdə yaəayırdılar onların praktiki olaraq görüşmək imkanları qalırdı. Bəs bu m əsələni necə həll edəcəkdi? Bu zaman yadına dayısı Elçin düşdü. O Türkiyədə çalışan biznesmen idi və ona Universiteti bitirdikdən sonra yanında çalışmağı təklif etmişdi.

- Hə bax bu oldu əla – oğlan gülümsəyərək yerinə uzandı. Bu zaman yadına Azər düşdü. Azər onun demək olar ki, ən yaxın dostu idi.

- Görəsən Azərə zəng edim? – tez də fikrindən daşındı – Yox rayondadır onsuz da rayondan gələndən sonra söhbətləşərik – deyib gözlərini yumdu. Axşam az yatdığı üçün tez də yuxuya getdi.

* * * * * * * * *

Azər onun qrup yoldaşı və artıq ən yaxın dostu idi. Onlar universitetin futbol dərnəyinə yazılmışdılar. İkisi də ən yaxşı oyunçulardan idi. Həm də hər ikisi zarafatı sevirdi və digər qrup yoldaşlarından fərqli olaraq vaxtlarını daha çox bir yerdə keçirirdilər deyə bir-birlərinə daha tez isinişdilər. O vaxtdan etibarən isə çox yaxın dost oldular.

Dərsə bir qədər gecikmişdi deyə Azərlə görüşə bilmədi. Yalnız dərs qurtarandan sonra Azər ona yaxınlaşdı.

- Salam necəsən? – Azər gülümsəyərək ona yaxınlaşdı.

- Salam yaxşıyam sağol sən necəsən? – Oğlan da özünü şən göstərməyə çalışırdı – Evdəkilər necədir? Salamlarımı çatdırdın hamıya?

- Hə əlbəttə çatdırdım onların da sənə salamları var.

- Sağolsunlar.

- Nə olub gözümə bir qəribə dəyirsən? – Azər bir qədər ciddiləşib soruşdu.

- Heç nə nə olsaıdır ki? – Oğlan baxışlarını yayındırmağa çalışdı.

- Yaxşı da mənə də yox – Azər gülümsündü – nə olub dalaşmısız yenə?

- Yox bu dəfə ayrıldıq – Oğlan bir qədər kefsiz cavab verdi.

- Nə? – Azər sanki qulaqlarına inanmadı – Ciddi deyirsən?

- Belə şeyin zarafatı olar? – Oğlan bir qədər pərt halda dilləndi.

İki günlüyə səni burda qoyub rayona getdim bu da nəticəsi. – Azər dilxor halda dilləndi. Oğlanın qoluna girib – Gəl düşək bufetə dərdləşək bir az.

- Bəs dərs?

- Uzağı hərəmizə bir qayıb yazacaqlar də.

Onlar çay sifariş verib oturdular. Oğlan baş vermiş hadisəni necə var o cür də danışmağa başladı. Azər isə sanki hansısa sözü buraxacağından qorxurmuş kimi onu dinləyiridi. Azər eşitdiklərindən şoka düşmüşdü.

- Maraqlıdır, qardaş, o, niyə belə eləsin ki? – Azər təəccübünü gizlətmədi.

- Bilmirəm Azər mənə də maraqlıdır – deyə oğlan cavab verdi.

- Bəlkə nəsə problemi olub səndən gizlədib? Axı belə boş şeyə görə ayrılmaq məntiqsizlikdir. Bəlkə onunla bir daha söhbət edəsən.

- Heç vaxt – deyə oğlan əsəbi şəkildə dilləndi - əgər nəsə problemi olsaydı mənə deməliydi. Ən azından mənə də olmasa üç illik münasibətimizə hörmət etməliydi.

- Onu da düz deyirsən qardaş – Azər razılaşdı – İnşallah xeyirlisi olar.

Bu vaxt zəng vuruldu və onlar pulu ödəyib qalxdılar.

* * * * * * * * *

Bəlkə də onun hələ də xoşbəxt olmaq şansı var idi. Bəlkə də o, taleyin bu oyununa qurban getməyəcəkdi, lakin o, nömrəsini dəyişmədi və bu ona çox baha başa gəldi. Qızla ayrıldıqları 10 gün olardı. Axşam saat 10 olardı və bu vaxt onun həyatını alt-üst edən mesaj gəldi. “Salam daha doğrusu ƏLVİDA. Sən bu mesajı oxuyanda mən artıq həyatda olmayacam. Sən mənimlə son danışığımızda israrla məndən izah tələb edirdin, lakin mən sənə 3 ay bundan öncə dəhşətli xəstəliyə yaxalandığımı öyrəndiyimi deyə bilməzdim. Məqsədim səndə özümə qarşı soyuqluq yaradıb sənin acını bir azaltmaq idi əgər səni üzmüşəmsə bağışla məni. Səndən son istəyim səni sevdiyimi heç zaman unutma axirətdə görüşmək diləyilə”

Oğlan şokda idi. Telefon əlində donmuşdu. Bir qədərdən sonra özünə gəldi. Tez qızın nömrəsini yığdı.

- Kaş bu onun mənimlə barışmaq üçün qurduğu növbəti oyun olaydı – deyə həyacanla telefonu kimin götürəcəyini gözlədi.

- Alo – bir qız ağlaya-ağlaya cavab verdi bu onun xalasıqızı Nərmin idi.

- Alo, Nərmin, nə olub? Bunun zarafat olduğunu de – oğlanın səsi həyəcandan titrəyirdi.

- O, öldü, öldü – deyə Nərmin ağlaya-ağlaya cavab verdi.

Oğlanın qolları boşaldı. Telefon əlindən döşəməyə düşdü. Özü də yavaş-yavaş çöküb divanda oturdu. Aldığı xəbər onu keyləşdirmişdi. Qeyri ixtiyari əlini uzadıb telofonu götürdü. Azərin nömrəsini yığdı.

- Alo

- Bəli, qardaşım - Azər şən halda cavab verdi.

- Azər, tez bizə gəl – deyib əlaqəni kəsdi.

Dostunun nəsə dərdini olduğunu anlayan Azər evdən çıxdı. Təxminən 15 dəqiqəyə dostugilə çatdı. Qapının döydüsə də qapını açan olmadı. Qapını itələdi qapı açıq idi. İçəri girəndə gördüyü mənzərdən şoka düşdü. O, ağlayırdı.

- Nə olub? – deyə Azər təşvişlə soruşdu.

- O öldü – sanki danışan o deyildi.

- Kim? – Azər hələ də heç bir şey başa düşmürdü.

- O – Oğlan sanki canlı ölü idi.

- Necə? Azər söhbətin nədən getdiyini indi başa düşdü – Niyə?

- Xəstə imiş və bunu mənə deməyib – oğlan başını qaldırıb Azərin üzünə baxdı Azər onun baxışlarından dəhşətə gəlib gözlərini yerə dikdi – başa düşürsən, Azər, o bunu məndən gizlədib.

Azər nə deyəcəyini bilmirdi. Sanki o, bütün təsəlliverici sözləri unutmuşdu.

- O axı belə bir şeyi məndən necə gizlədə bildi, Azər? – Oğlan artıq əsəbdən inildəyirdi – Əgər o belə bir şeyi məndən gizlədəcəkdisə bəs mən ona nə üçün lazım idim? Yalnız yaxşı günlərdən ötrü?

- Bilmirəm, qardaşım, yəqin ki, sənə deyə bilməyib.

- Bəs Allah bu dili bizə nəyə görə verib, Azər? Dərdlərimizi bir-birimizdən gizlədək deyəmi?

- Məncə yox, Azər – Oğlan başını əllərinin arasına aldı.

- Allah kərimdir, qardaş, fikir eləmə.

- Elə bütün hər şeyə günahkar odur da – Oğlan Allahı ittiham edirdi.

- Allah sevdiyi qullarını sınağa çəkər qardaşım unutma – Qurandan yaxşı xəbəri olan Azər cavab verdi.

- Sevdiyi quluymuş. Yox bir. O, insanları ona görə görə yaradır ki, onları biri-birinə sevdirdikdən sonra birini alıb yanına aparsın o birisini isə ömür boyu əzab çəkməyə məhkum etsin? Belə sevgi olmaz, Azər, olmaz! İndi səncə mən nə etməliyəm? Mən bütün işimi-gücümü bir kənara atıb ölümümü gözləməliyəm ki, o biri tərəfdə mənə vəd olunanı alım hə, Azər? – o açıq-aşkar istehza edirdi.

- Elə danışma Allaha ağır gedər

- Allaha ağır gedəcəkmiş – o, kinayəylə gülümsünüb davam etdi – guya Allahın vecinədir ki, mən burda nə əzab çəkirəm?

Oğlan Azərin cavab verməsini gözləməyib yerindən sıçradı.

- Mən onlara gedirəm heç olmasa cəsədini görməliyəm – deyib qapıya tərəf götürüldü.

- Dəli olmusan? Gecənin bu vaxtı hara gedirsən? – deyə-deyə Azər də onun arxasınca qalxdı amma ona çata bilmədi.

Azər sürətli addımlarla dostunun arxasınca pilləkənləri düşərkən hansısa maşının tükürpədici səs çıxarıb – bu əyləcin səsi idi – nəyəsə dəydiyini eşitdi. Sanki ürəyi düşdü. Özünü binanın girişində bayıra atdı. Yolda gördüyü mənzərə onu yerində dondurdu. Dostu maşının qabağında uzanmışdı sürücü də maşından düşmüşdü. Azər özünü dostuna yetirdi.

- Narahat olma qardaş hər şey yaxşı olacaq – deyib dostunun başını yerdən qaldırdı.

- Azər, Allah həqiqətən də böyük imiş – deyib oğlan gözlərini yumdu.

Abbas Ulusoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az