Tanrı dərgahına ucalan Azad səsi

Tanrı dərgahına ucalan Azad səsi

Tanrı dərgahına ucalan Azad səsi

Sənətə gəldiyi ilk gündən milyonların sevgisini qazanan, ilk addımlarından peşəkar musiqi ictimaiyyətini özünə cəlb edən dəyərli şəxsiyyət, ustad sənətkar Azad Zamanovun yaşının üstünə bir yaş da gəlir. 60 yaşın təntənəsi... İnanmaq olmur ki, ustadın 60 yaşı tamam olur. Axı o, yaşından qat-qat cavan görünür. Qəlbi təmiz, ürəyi saf, sənəti dəyərli olan Azad müəllim 20 ildən çox sənətdən ayrıldı, ekran, efirlərdən uzaq düşdü. Oxumaq istəmədi, doğmalarının ardıcıl itkisi, 20 Yanvar faciəsi onu özünə qapandırdı. Sənətdən ayrılsa da, dövlətimizə, dövlətilitimizə şərəflə xidmət etdi. Uzun illər gömrük orqanlarında yüksək vəzifədə çalışdı. Ümumiyyətlə, Azad müəllim sənəti ilə bərabər həmişə vəzifələrdə olub, istər məmur, istərsə də sənətkar olaraq sevilib.

İncəsənət və Mədəniyyət Universitetində uzun illər dekan müavini vəzifəsində çalışıb. Yüzlərlə tanınmış müğənnilər məhz Azad Zamanovdan dərs almış, onun tələbələri olmuşlar.


“Mən məmur olaraq yox, sənətkar olaraq xalqımın qəlbində qalmaq istəmişəm. Xoşbəxtəm ki, xalqımın, musiqiyə dəyər verən Azərbaycanımın bir incəsənət xadimi kimi sevgisini qazana bilmişəm”, - deyən Azad Zamanovun səsi Tanrı dərgahına ucalan səsdi. Allahına çox bağlı bir ziyalıdı. Allahına, dininə, xalqına olan sevgisi onu müqəddəs Həcc ziyarətinə qədər apardı. İndi bir Hacı olaraq hər zaman insanlara öz qayğısını göstərir. Olduqca sadə və qürurludur. Azad Zamanov hər zaman öz üzərində çalışır. “Məhəbbət”, “İlk məhəbbət”, “Neyləyim sənsiz?”, “Niğaranam”, “İntizar”, “Röyamdasan”, “Bir könül sındırmışam”, “İsyan”, “Arkadaş” və s. mahnıları bu gün də xalqımız tərəfindən sevilir və dinlənilir.

Müğənnilər var ki, bütün günü efirlərdədi. Ancaq sevilmir. Efirdə çox görünməyin nə mənası? Azad Zamanov efirlərdə az-az görünsə də, sevilir, seçilir. Hər televiziya verilişinə gəlmir, seçim edir, sonra dəvətləri qəbul edir. Son bir il ərzində Azad Zamanov ANS-in efirində yayımlanan “Günəbaxan”, “Bazar səhəri”, “Evdəyik” verilişlərində, ATV-nin “Səbəbkar”, Gündəlik” verilişlərində qonaq olaraq sənətə ikinci qayıdışının təntənəsini qeyd etdi. Bir daha tamaşaçılarda nostalji hisslər yaratdı.Tamaşaçıları 70-80-ci illərə apardı. O illərə ki, o illərdə Azada bərabər ikinci bir ifaçı yox idi. Xanımların ən sevimlisi olan Azad Zamanova bərabər ifaçı...


Azad müəllim, heç zaman susmayın, oxuyun. Oxuyun ki, Tanrı dərgahına ucalan səsiniz bizi Tanrıya daha da bağlasın. Siz oxuyanda bir daha azərbaycanlı olduğumuzu dərk edirik.

Oxu Azad, qoy səsin ürəklərdə kaman kimi titrəsin. Ad gününüz mübarək, ustad sənətkar.

Alim Nəbioğlu

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az