Bakı Asiya Universiteti bağlandıqdan sonra diqqət mərkəzində olan əsas məsələ həmin təhsil ocağının tələbələrinin hansı ali məktəblərə yerləşdiriləcəyidir. Təhsil Nazirliyi açıqlama vermişdi ki, sentyabrın 10-a kimi tələbələr universitetlərə yerləşdiriləcək.
Bakı Asiya Universitetinin tələbələrinin
əksəriyyəti Təfəkkür Universitetinə köçürülüb. Tələblər Təfəkkür
Universitetinə gəlsələr də, burada başqa bir problemlə rastlaşıblar.
Belə ki, "Təfəkkür”də tələblərə bildirilib ki, Bakı Asiya
Universitetində hər il ödədikləri təhsil haqqında çox pul verəcəklər.
Tələbə valideynlərinin
bildirdiyinə görə, əgər övladları Bakı Asiya Universitetində 2200 manat
təhsil haqqı ödəyirdisə, Təfəkkür Universitetində onlardan 2800 manat
istənilib. Halbuki, keçən il həmin ixtisaslar üzrə Təfəkkür
Universitetində təhsil haqqı 2400 manat göstərilib. Valideynlər
övldlarının 1-ci kurs tələbələri olmadığını, ikinci və ya üçüncü kursda
oxuduqlarını bildiriblər.
Bu da son deyil. Təfəkkür Universitetində köçürmə yolu ilə gələn tələbələrə hədə-qorxu gəlinib ki, sadalanan şərtlərlə razılaşmasalar, həm təhsildən kənarda qalacaq, həm də diplom ala bilməyəcəklər.
Modern.az saytı məsələ ilə bağlı Təfəkkür Universiteti ilə əlaqə saxlayıb. Təhsil ocağından Bakı Asiya Universitetinin tələbələrinin bir qisminin onlara göndərildiyi təsdiqlənib. Amma digər suallarımıza cavab vermək istəməyiblər.
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının mətbuat xidmətindən isə bildirilib ki, 2015-2016-cı
tədris ili üçün Bakı Asiya Universitetinə tələbə qəbulu üçün qəbul planı
ayrılmayıb.
Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil
Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti
dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul
edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali
təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib. Təhsil Nazirliyi
tərəfindən universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil
alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam
etdirilməsinə razılıq verilib.
Modern.az