Təhsil naziri qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüşüb

Təhsil naziri qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə qazanan tələbələrlə görüş keçirib.


Vətəninfo.az xəbər verir ki, görüşdə Bakı, Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala, Qubadlı və digər rayon və şəhərləri təmsil edən tələbələr iştirak edib.

 

Görüş iştirakçılarını tələbə adı qazanmaları münasibətilə təbrik edən Mikayıl Cabbarov uğur formulunun davamlı olmasını, keyfiyyətli kadr, işini sevən məslək və peşə sahibi olmaq üçün daim öyrənməyi tövsiyə edib. Eyni zamanda nazir onları təhsil alacaqları ali məktəbin ictimai, mədəni həyatında yaxından iştirak etməyə, öz bilik və bacarıqlarını yüksəltməyə çağırıb.

 

Son iki ildə ölkə təhsilində akademik göstəricilərin yaxşılaşmasına diqqət yönəldən Mikayıl Cabbarov ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını bildirib.

 

Görüş zamanı nazir tələbələrin çoxsaylı suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıb. Orta məktəbi qızıl medalla başa vuran, ölkə üzrə riyaziyyat olimpiadasının bürünc mükafatçısı, 700 balla ADA Universitetinə daxil olan İbrahim Əhmədov orta məktəblərdə kurikulumun tətbiqi və onun üstünlükləri ilə bağlı fikirlərini bölüşüb. 700 balla Tibb Universitetinə daxil olan Nurlan Məcidov, biologiya üzrə fənn müsabiqəsinin gümüş mükafatçısı, orta məktəbi qızıl medalla başa vuraraq 695 balla ali məktəbə daxil olan Nərmin Quluzadə isə xaricdə təhsillə bağlı fikirlərini ifadə ediblər. "Sabahın alimləri” Respublika Müsabiqəsinin iştirakçısı, orta məktəbi qızıl medalla başa vuran Cəmil İmranov SABAH qrupları ilə maraqlanıb.

 

M. Cabbarov tələbələrə ölkə daxilində və ya xaricdə oxumaqlarından asılı olmayaraq, Azərbaycanı layiqincə təmsil etməyi, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi tövsiyə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az