Kamil Oruc
Təhsil ümumbəşəri anlamda insan cəmiyyətinin formalaşmasında əvəzsiz rol oynayır. Öz növbvəsində, bu bəşərin tərkib hissəsi olan Azərbaycan cəmiyyətinin sağlam dayaqlar üzərində inşa olunması üçün təhsil sistemimiz müasir elmi- texniki tərəqqinin nəticələrindən geniş şəkildə istifadə edilən, yüksək təhsilli və sənətini sevən kadrlara sahib bir təhsil sisitemi olmalıdır. Ancaq, gəlin görək həqiqətən də elədirmi?!
Əvvəlcə onunla başlayaq ki, dərsliklərin hər il yenidən dəyişdirilərək çap olunması təhsildə davamlılığın və sabitliyin təmin olunmasına çox ağır bir zərbədir. Şagirdlərin istifadə etdikləri dərs vəsaitləri onları düzgün yolda istiqamətləndirmir. Misal üçün xarici dillərin tədrisində şagirdlərə müvafiq dildə nitq bacarıqları deyil, qəbul imtahanlarında uğur qazanmağa yönəlmiş test vərdişləri aşılanır. Eynilə digər fənlərdə olduğu kimi, xarici dil dərsliklərinin də hər il dəyişdirilməsi bu sahədəki başqa bir çatışmamazlıqdır.
Təhsil sistemimiz inkişafdan kasad, durğunluq dövründədir. Əslində həmişə belə olubdur. Maarif sistemimizdəki hər bir yenilik formallıq xatirinə, gözdən pərdə asmaq üçün həyata keçirilib. Məktəblərimizin böyük əksəriyyətində komputer otaqları sadəcə sərgi üçün nəzərdə tutulub. Şagirdlər bu dərs otaqlarına uzaqdan baxmaqla kifayətlənirlər. Bu sahədə ixtisaslı kadrların çatmaması, verilən komputerlərin təyinatına uyğun istifadə olunmaması, şagirdlərə texniki vasitələrlə davranma qaydalarının öyrədilməməsi sonda gələcəyimizi sual altında qoyur.
Bunlarla yanaşı, məktəblərimizdə az qala yoldan keçənlərin, saxta diplomluların dərs deməsi, Azərbaycanda minlərlə, milyonlarla dırnaqarası müəllimin olması da şagirdlərimizin öz tərbiyəçilərinə bənzəməsinə gətirib çıxarır. Müəllim maaşının dilənçi payından fərqlənməməsi bu sənətə əsl ziyalıların, pedoqoqların gəlməsinin qarşısını alır. Kimlərsə məktəbdə acından ölməmək üçün işləyir. Halbuki, onun bu sənətdə nə potensialı, nə də ki, biliyi və bacarığı var. Belə müəllimlərin işə necə qəbul olunması da başqa bir, çox özəl söhbətin mövzusudur.
Çox istərdim sizə nöqsanlarla yanaşı, bütün bu müstəqillik illəri ərzində təhsildə əldə olunmuş uğurlarımızdan danışım. Ancaq, bu barədə xeyli baş sındırsam da ortaya bir şey çıxara bilmədim. Arada bir yadıma düşdü ki, bəs bizim “TƏHSİL QANUNUMUZ”, yeni “KURİKULUM”umuz var. Sonra da fikirləşdim və baxdım ki, onların yalnızca adı var, ortada isə heç bir şey...
Ümidliyəm... İnşallah...