Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılmasının üçüncü turuna start verilib.
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbirə şəhər səhiyyə müəssisələrinin 34 orta tibb işçisi cəlb olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova tədbirin mahiyyəti, immunlaşdırmanın əhəmiyyəti barədə məlumat verib.
Sonra tədbirdə iştirakçıların hepatit B vaksini ilə immunlaşdırılması işi icra olunub.
Muxtar respublikada tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılmasının ilk turu bu ilin fevral və mart aylarında həyata keçirilib, 1165 tibb işçisinə hepatit B vaksini vurulub.
Həmin tibb işçiləri aprel ayında keçirilən ikinci tura cəlb edilib, birinci turda vaksin almayan 45 nəfər isə hepatit B vaksini ilə immunlaşdırılıb. Hepatit B vaksininin vurulması üçün rayon mərkəzi xəstəxanalarında üç, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqada yaradılıb. Aksiya həm rayon mərkəzi xəstəxanalarının, həm də Naxçıvan şəhərindəki tibb müəssisələrinin işçilərini əhatə edir.
Vaksin alan bütün tibb işçilərinin qanı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə laboratoriyasında hepatit B virusuna qarşı analiz olunub və həmin qan nümunələrinin hepatit B-yə görə seroloji diaqnostikası aparılıb.
Muxtar respublikada ilk dəfə belə aksiya 2007-ci ildə, ikinci dəfə isə 2012-ci ildə Naxçıvan şəhərindəki cərrahi, ginekoloji və stomatoloji xidmətlə məşğul olan tibb müəssisələrində həyata keçirilib. Həmin müddətdə cərrahların, ginekoloqların, stomatoloqların və digər tibb işçilərinin böyük bir qrupu hepatit B vaksini ilə peyvəndə cəlb olunub. 2007-ci ildə peyvənd alan tibb işçilərinin hamısı 2012-ci ildə revaksinasiya edilib.
AZƏRTAC