TQDK imtahanlara başladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 11-ci siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı keçirir.
Miq.az xəbər verir ki, TQDK respublikanın 19 şəhər və rayonunda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alanlar üçün aprelin 18-də Ana dili və 19-da isə riyaziyyat fənnindən monitorinq imtahanı keçirir.
Monitorinq imtahanların keçirilməsi üçün regionlarda 72 məktəb üzrə 3528 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Hər iki fənn üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat fənnindən isə 1 saatdır.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. M.Abbaszadə son dəyişikliklərin qəbul prosesinə təsir göstərməyəcəyini, yeni struktur dövlət qeydiyyatına alınana qədər TQDK-nın öz fəaliyyətini davam etdirəcəyini bildirib.
Miq.az