Tural Turan: "Ümid ölkə rəhbərinə qalıb"
Sosial şəbəkədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair Tural Turan qeydiyyatda olduğu Şəmkir rayonunun tabeçiliyində olan Ağlavaşlı - Gəncə, Ağlavaşlı -Qarayeri, Ağlavaşlı-Şəmkir istiqamətindəki yolların acınacaqlı durumda olmasından söz açaraq məsələni ictimaiyyətləşdirib.
Miq.az gənc şairin yazısını olduğu kimi təqdim edir:
"Bir az da Şəmkirin yolları haqqında yazmaq istəyirəm. Bizim kəndin yolu sonuncu dəfə 1984-85-ci illərdə asfaltlanıb. O zaman SSRİ Ali Sovetinin deputatı Famil Qasımov (ixtisasca çoban idi. Kolxozun qoyununu otarırdı) xahiş edib "soyuq asfalt" çəkdirmişdi. Üstündən 35 ildən də artıq vaxt keçib. SSRİ-nin də az qala qırxı çıxa. Yolumuzun "qırx"ına az qalır. 40 ilini nəzərdə tuturam.
Amma Şəmkirin Ağlavaşlı - Gəncə, Ağlavaşlı -Qarayeri, Ağlavaşlı-Şəmkir istiqamətindəki yolları hələ də bərbad haldadır. Mövcud yolun asfalt olan bir hissəsi yalaq, "yama"larla mühasirəyə alınıb. Kəndə marşrut xətti də düz əməlli işləmir.
Yollar bərbad vəziyyətdə olduğu üçün Gəncə və Şəmkirdən də Ağlavaşlıya maşın sürmürlər. Kənd sakinləri çar-naçar qalıb öz ciblərindən sement alırlar. Yola beton tökürlər. Hətta eşitdiyimə görə rayonun icra başçısı cənab Alimpaşa Məmmədov yolların bərbad halda olduğunu çəkib giley-güzar edən (həmin şəxslər öz ciblərindən pul qoyub sement alıb çuxurları doldururublar) şəxsi yanına çağırtdırıb. Eşitdiklərimin yalançısıyam, hədə - qorxu gəlib ki, yutubdan həmin videonu silsin. Binəva gənc də videonu silib. Qorxub ki, başına iş açarlar. Amma Ağlavaşlının yollarında vəziyyət stabil ağır olaraq qalır.
Mən özümlə kəndimizə qonaq-qara aparmağa utanıram. Açığı kəndimizin deputatı Valeh Ələsgərov cənablarına da ünümüz yetmir. Sonuncu dəfə təxminən 14 il bundan qabaq gəlib. O da ilk dəfə deputat seçilməmişdən iki-üç həftə əvvəl...
İndi deyəcəksiniz ki, deputatın yol çəkmək səlahiyyəti yoxdur. Doğrudur, haqlısınız. Amma məsələni gündəmə gətirmək haqqı var. Valeh müəllim indi Dohadadır. Ərəb şeyxləri ilə biznes müzakirələri aparmağa yollanıb. Ondan xahiş edirəm ki, biz tərəfdə bəzgək, sərçə çoxdur. Ərəblərin yönünü biz tərəfdən salsın. Onlar bahalı maşınlarını və özlərini əziyyətə salmamaq üçün kəndimizə yol çəkəcəklər.
Hətta başqa bir təklifim də var, ərəb şeyxlərindən birinə vətəndaşlıq verilsin, sonra biz onu 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçərik. Bəlkə ağ günə çıxdıq. Bu gedişlə Ağlavaşlı camaatına və 15-25 min əhalini birləşdirən Ağlavaşlı-Gəncə, Ağlavaşlı-Şəmkir yolunun çəkilişinə mədəd umacağımız kimsə qalmayacaq. Bircə cənab prezidentdən başqa. Açığı, o gün prezident Şəmkir rayonunda bəzi yolların çəkilişinə bir neçə milyon pul ayırıb. Çox sevindim. Ara-sıra istifadə etdiyimiz yollardandır. Amma əvvəl məscidin içi, sonra çölü, axı bizim kəndə də bir gün ağlayan olmalıdır ya yox?! Ümid ölkə rəhbərinə qalıb. Əgər bu statusum ona çatsa, yəqin ki, bizə də bir yol çəkəcək. Amma çatdırmazlar, ağlım çətin kəsir..."
Miq.Az