“Türkiyə bu hadisəni “ümummilli” məsələ kimi qəbul etmədi ”- “Müxalifət lideri”ndən könül bulandıran şərh

“Türkiyə bu hadisəni “ümummilli” məsələ kimi qəbul etmədi ”- “Müxalifət lideri”ndən könül bulandıran şərh

Belə görünür ki, Azərbaycan-Türkiyə birliyini gözü götürməyənləri təkcə Qərbdə, şimalda, cənubda, qonşu Ermənistanda və bizi sevməyən digər mərkəzlərdə axtarmaq doğru deyilmiş. Öz içimizdə də bu birliyə açıq və gizli şəkildə qarşı çıxanlar, buna paxıllıq, hətta nifrət edənlər var...

Özünü müxalif lider hesab edənlərdən biri – İlqar Məmmədovun AŞPA-da Azərbaycan əleyhinə çıxarılan qərəzli qətnaməyə dair şərhinə fikir verin: "Dünən Strasburqda baş verənlərdə Türkiyə nümayəndə heyətinin davranışı diqqəti cəlb edir. Türklər Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi: heyətin yarısı iclasa heç gəlmədi (!), gələnlərdən isə bircəsi formal nitqini quru-quru kağızdan oxuyub guya Azərbaycanın tərəfini tutdu. Ukraynalı jurnalistin yazdığına görə, heç pərdəarxası da fəallıq göstərmirdilər.

Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər.

Bu ondan xəbər verir ki, Türkiyə dünənki hadisəni "ümummilli" məsələ kimi qəbul etmədi. AŞPA-nı və Azərbaycanı eyni sərtliklə çıxış edib küsüşməyə vadar edən geosiyasi motorların işi haqqında Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir? Kaş biraz açıq danışsaydılar. Qəliz susdular”.

Belələrinin aləmində siyasət "Qaşınmayan yerdən qan çıxarmaq” bacarığıdır yəqin. Azərbaycanı dəstəkləyən və ona arxa duran ən başlıca və yeganə dövlətin Türkiyə olduğunu Azərbaycanda və bütün dünyada bilməyən yoxdur. Görünür, buna şübhə edəcək "ağıl” və "istedada” malik yeganə "dahi siyasətçi” məhz İ.Məmədovdur. İlin-günün bu vaxtında, yumşaq desək, Azərbaycan üçün o qədər də ürəkaçan olmayan bir hadisənin fonunda bu cür "ürək bulandırmaq” nəyə və kimlərə xidmət edir görəsən? Türkiyə deputatları bundan artıq nə etməli idilər ki? Belə bir qərarın çıxarılacağı daha əvvəldən məlum idi və Azərbaycan nümayəndə heyətinin hələ qətnamə qəbul edilməmişdən əvvəl məlum bəyanatı yayaraq, AŞPA-nı tərk etməsi də bunun göstəricisi idi. Bundan sonra Türkiyənin bir yox, hər bir deputatı ayrı-ayrılıqda çıxış etsəydi, nə dəyişəcəkdi ki? Əsas məsələ ortaya qəti mövqe qoymaq idi ki, bunu da Türkiyə nümayəndə heyəti etdi. "Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir?” kimi "əndərəbadi” sualı özünü siyasətçi hesab edən şəxs auditoriyaya yox, özü-özünə verməlidir. Belə "ağıllı” sualın cavabını bilmirsə də, ətrafa şübhə toxumu səpib, camaatın heysiyyatı ilə oynamaqdansa, dilini dinməz yerinə qoyması daha məsləhətli olardı...

İ.Məmmədov və onun kimilər Fransanı və bu çirkin, anti-Azərbaycan qətnaməni gündəliyə gətirənləri hədəf almaq əvəzinə, heç bir ciddi əsas olmadan Türkiyəyə, Azərbaycan-Türkiyə birliyinə dil uzadırlar. Əgər bunun adı müxalifətçilik, yaxud siyasətçilikdirsə, kül olsun belə müxalifətçiliyin də, siyasətçiliyin də təpəsinə...


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az