“UniBank”dan şikayətçi müştəriyə təklif...

“UniBank”dan şikayətçi müştəriyə təklif...

“Faiz dərəcəsini 1,5 faiz aşaqı sala və kreitin ödənilmə müddətini uzada bilərik”

Mərkəzi Bankın qərarı ilə manatın dollar və avro da daxil bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşması dollarda banklardan götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyini gündəmə gətirib. Götürülən borcun kredit götürülən zaman mövcud olmuş məzənnə ilə, yoxsa yeni məzənnə ilə ödəniləcəyi geniş müzakirə olunur.


Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi keçid 2, ev 8 ünvanında yaşayan Həmidov Zeynal Həmzə oğlu "Unibank"dan şikayətçi olduğunu bildirdi. O deyir ki, işləri ilə əlaqədar olaraq bankdan 80 min ABŞ dolları məbləğində kredit götürüb: "Borcun müəyyən hissəsini, daha dəqiq desəm 26 492 dollarını banka ödəmişəm. Banka ödənişlərin əsas mənbəyi mənim icarə əsasında işlətdiyim daş karxanasından əldə edilən gəlirlər hesabına olub. Hazırda daş karxanasında bir sıra çətinliklərlə bağlı olaraq istehsal dayanıb. Qış aylarında karxanada istehsal elə də yüksək olmur. Bundan başqa, karxana mütəmadi olaraq elektrik enerjisi ilə təchiz olunmayıb. Bazarda alıcılıq qabiliyyətinin və qiymətlərin aşağı düşməsi çətinlikləri yaradan digər səbəblərdəndir. Daşın bir ədədi əvvəllər 35 qəpiyə satılırdısa, bu gün 22 qəpiyə satılır. Bu da maya dəyərinin xeyli miqdarda baha başa gəlməsinə səbəb olur. Bütün bu amillər mənim banka olan borcumun vaxtında ödənilməsinə mənfi təsir göstərir. Müvəqqəti çətinliklərin aradan qaldırılmasına qədər bankın aylıq ödənişlərinin dayandırılmasına ehtiyacım var". Zeynal Həmidov bildirir ki, bank rəhbərliyinə daş karxanasında istehsalın başlanmasına, yəni yay aylarına qədər aylıq ödənişlərin dayandırılması üçün müraciət edib: "Bankdan gəlib karxanada yoxlama apardılar və dediklərimin həqiqət olduğunu gördülər. Amma müraciətimə müsbət cavab verilmədi. Sonra məni baş idarəyə çağırdılar. "Sənə heç bir kömək edə bilmərik, get evini sat" deyə bildirdilər. Bildiyiniz kimi, dolların məzənnəsi yüksəlib. Bu isə mənə ikiqat zərbə vurdu. Ödənişin vaxtından bir ay keçəndən sonra mənə dedilər ki, sənin məsələn bankın problemli kreditlər şöbəsinə verilib. "Unibank"ın problemli kreditlər şöbəsindən mənə zəng edib dedilər ki, mütləq banka gəl. Zəng vuran şöbənin Hafiz adlı əməkdaşı idi. O mənimlə yüksək səs tonunda, eyni zamanda hədə-qorxu ilə danışırdı. Mən rayonda olduğum üçün gələ bilməyəcəyimi, vaxtım olan kimi banka yaxınlaşacağımı dedikdə gözləmədiyim cavab aldım. Hafiz adlı şəxs mənə kobud formada "mütləq bura gəlməlisən, yoxsa başqa cür olar" deyərək qışqırdı. Daha sonra "saat 2 tamamda burada olmalısan" dedi. Bir sözlə, mənimlə sanki kriminal aləmin üzvü olan insanların dilində danışırdı. Telefon danışığından sonra bankın baş ofisinə yollandım. Lakin məni çağıran şəxsləri tapa bilmədim. Daha sonra Xarici Dillər Universitetinin arxasında yerləşən tanımadığım bir ünvana gəlməli olduğumu bildirdilər. Atam Həmzə Həmidovla birlikdə deyilən ünvana getdim. Burda üzərində heç bir idarənin adı yazılmayan binada bizi qarşıladılar. Bankın Hafiz adlı əməkdaşı üstümə qışqıraraq onun zənginə niyə cavab vermədiyimi soruşdu. Telefonda olduğu kimi yenə də mənimlə hədə-qorxu ilə danışmağa başladı. Ondan kreditin faiz dərəcəsinin aşağı salınmasının mümkün olub-olmadığını soruşdum. O isə "mənə rüşvət təklif edirsən" deyib, səs-küy saldı. "Unibank" rəsmiləri mənə heç bir köməklik göstərmədi. Bankın sədri cənab Faiq Hüseynova yazdığım müraciət cavabsız qalıb. Yaranmış müvəqqəti çətinliyin aradan qaldırılmasına qədər bankın aylıq ödənişlərinin dayandırılmasına ehtiyac var. Buna baxmayaraq, "Unibank"ın səlahiyyətli şəxsləri məni başa düşmür. Sizin vasitənizlə yaranmış problemin yoluna qoyulması üçün əlaqədar dövlət qurumlarının rəhbər şəxslərindən kömək istəyirəm".


Məsələyə aydınlıq gətirmək məqsədilə bankın əməkdaşı Hafiz müəllimlə əlaqə saxladıq. O isə, barəsində deyilən ittihamlarla razılaşmadı və bankın müştərisi ilə hədə-qorxu ilə danışmadığını bildirdi: "Biz Zeynal Həmidova kömək etmək istəyirdik. Amma o deyir ki, banka olan borcunu dolların köhnə məzənnəsi ilə ödəyib bağlasın. Bu isə mümkün olan iş deyil".


Zeynal Həmidov isə bildirir ki, işlərinin yoluna düşməsi üçün ona yaya qədər zaman və faiz dərəcəsinin aşağı salınması lazımdır.
Vətəninfo.az saytı olaraq yaranmış problemlə bağlı “UniBank”ın səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamağa çalışdıq.
“UniBank”dan bildirdilər ki, bu məsələyə artıq problemli şöbə məşğul olur.


Problemli şöbənin Hafiz adlı əməkdaşı isə dedi ki, qanunla kreditin ödənilməsinin dondurulması mümkün deyil: “Biz, Zeynal Həmidovla kobud formada danışmamışıq və onu təhdid etməmişik”. O, həmçinin bildirdi ki, Zeynal Həmidova kömək etməyə hazırdırlar: “Biz, təklif edirik ki, kreditin ödənilməsi üçün nəzərdə tutulan müddəti uzadaq və faiz dərəcəsini 1,5 faiz aşağı salaq. Bunu Milli Bankın rəhbəri Elmar Rüstəmov da deyib”.


Zeynal Həmidov kömək üçün mənə yox, kredit verən inspektora müraciət edib: “Biz, problemli şöbədə işləyirik. Bank faizi dondura bilmir. Yəni yaya qədər vaxt verilməsi qeyri mümkündür. Məsələn aylıq ödəniş 2000 dollara gücü çatmırsa vaxtı uzadıb bunu 1000 dollara salmaq olar. Bizim Zeynal Həmidovla və digər müştərilərlə şəxsi prinsipimiz yoxdur. Mərkəzi Bankın faizin köhnə məzənnə ilə qaytarılması ilə bağlı qərarı olsa, biz, bunu  edə bilərik. Bir daha deyirəm ki, faiz dərəcəsini 1,5 faiz aşaqı sala bilərik və kreitin ödənilmə müddətini uzada bilərik. Sadəcə olaraq gəlsin, oturub danışaq.
Faizin köhnə məzənnə ilə ödənməsinə gəlincə isə, o, bildirdi ki, bu mümkün deyil: “Belə bir şey yoxdur. Mərkəzi Bankın da belə bir göstərişi yoxdur”.
P.S.
Bu təkliflərlə bağlı yenidən şikayətçi ilə əlaqə saxladıq. Zeynal Həmidov isə dedi ki, bu təkliflərdən xəbərsizdir.
Biz də, Vətəninfo.az xəbər portalı olaraq ümid edirik ki, bank yaranmış çətinliklərlə əlaqədar olaraq güzəştlərə gedəcək və müştərisi ilə yaranmış problemi həll edəcək.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az