Uğurların bol olsun, cənab CƏNAB GENERAL!
Hər bir insan dünyaya gələndə Uca Yaradan ona bir bəxt də yazılır. Bu bəxti normal yaşamaq insanın ixtiyarına verilir. Kim bu həyatını Uca Yaradana hizmət edə-edə yaşayarsa, onun taleyində nə qədər çətinliklər olarsa, həmişə üzüağ çıxar. Çünki Allah-taala qoruyan şəxsi kimsə ləkələyə, məhv edə bilməz. Belə adama şeytanlar, iblislər yaxın durmaqda aciz qalarlar. Ömrüm boyu ibadət əhli olmuşam, Uca Yaradanı atəşlə sevmişəm, bəşəriyyətə göndərdiyi peyğəmbərləri, övliyaları, Əhli-beyti, on dörd məsumu, övliyaları hədsiz məhəbbətlə yad etmişəm, ən ağır dəqiqələrimdə onlardan imdad istəmişəm. Onların türbələrini ziyarət edəndə Uca Yaradanla aramda vəsilə olmalarına yalvarmışam ki, Uca Yaradan dualarımı qəbul etsin...Uşaq yaşlarından böyüklərimdən eşidərdim ki, əlinə Qurani-Kərimi götürdüyündə şeytan hirslənər, Qurani-Kərimi açanda ağlayar, Bismillahir-Rəhmanir-Rəhim deyəndə qaçar, oxuyanda huşunu itirər. Bir də böyüklərim deyərdi ki, həmişə ümidini Uca Yaradana bağla, çünki səni çətinliklərə salıb oradan sağ-salamat çıxarıb, yenə yüksəldən Odur! Necə ki, qul kimi satılan Həzrəti Yusifi dərin quyudan çıxarıb Misirin əzizi etdi... Bunları elə-belə misal çəkmədim...Ona görə bu misalları çəkdim ki, həyatım boyu bu meyarlarla yaşamışam. Kimlərisə müdafiə edəndə obyektiv müdafiə etmişəm.
Ötən gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzaladı. İkinci Vətən savaşında fərqlənən hərbi qulluqçularımız "Zəfər” və "Qarabağ” ordenləri ilə mükafatlandırıldılar. Bu hərbi qulluqçularının hər biri öz xidmətlərinin bəhrəsini gördülər. Bunların içində general-leytenant Nağıyev Əfqan Vəli oğlu da vardır. "Qarabağ” ordeni ilə təltif olunan Əfqan Nağıyevin adı siyahıda ikinci yerdədir. Əfqan Nağıyev haqqında bu yazı mənim ikinci yazımdır. Birinci yazımı o, həbs olunanda yazmışdım. Yazmışdım ki, mən Əfqan Nağıyevin ata-babalarını, əslini-nəslini yaxşı tanıyıram. Bəyzadə nəslindən olan bu şəcərə insanları Azərbaycan dövlətçiliyində həmişə öndə olmuşlar. SSRİ dönəmlərində bu nəslin nümayəndələrindən neçəsi böyük vəzifələrdə çalışmış, həmişə də dövlət tərəfindən yüksək qiymətləndirilmişlər. Əfqan Nağıyevin babalarından olan Cavad Cavadovu respublikada hamı tanıyırdı. Bu insan təcrübəli təsərrüfatçı olmaqla, Azərbaycanda kənd təsərrüfatının yüksəlişində böyük əmək sərf etmişdi. Ümummilli lider Heydər Əliyev onun əməyini yüksək qiymətləndirir və hər dəfə Cəlilabad rayonuna gedəndə rəhbərlik etdiyi üzümçülük sovxozuna baş çəkərdi...Buna görə də Əfqan Nağıyevin həbs olunması məsələsi mənim üçün qaranlıq idi. Onun əməllərinin təmizliyinə tam əmin idim.
Bir ziyalı kimi də Azərbaycan Prezidentinə müraciət etdim ki, Əfqan Nağıyevin istintaqının düzgün aparılması məsələsini nəzarətində saxlasın. Elə də oldu. İstintaq zamanı Əfqan Nağıyevin necə təmiz, vətənpərvər zabit olduğu bir daha sübut olundu və müvəqqəti saxlanmaqdan azad edildi. Buna görə də Azərbaycan Prezidentinə şəxsən minnətdarlıq edirəm. Bu gün ölkədə çoxlu məmurlar həbs olunub və bildiyimə görə bu həbslər davam edəcəkdir. Cəmiyyət bu mənada ölkə rəhbərliyinin addımlarını nəinki bəyənir, hətta alqışlayırlar. Amma ölkə başçısı dəfələrlə bəyan edib ki, istintaq zamanı günahı sübut olunmayanlar azad olunacaqlar. Təbii ki, belə münasibət bütün cəmiyyəti qane edir. O zaman Cənab Prezidentin bu çıxışını dinlədikdən sonra əmin idim ki, Əfqan Nağıyev həbsdən tezliklə azad olunacaqdır.
Çünki onun təmiz zabit olduğuna tam əmin idim. Elə də oldu. Əfqan Nağıyev həbs olunduqdan sonra bir general kimi Bakıda qalmadı...Öz istəyi ilə öncə Tovuz bölgəsinə getdi. Bu o zaman idi ki, bu ilin iyul ayında Tovuzda erməni vandallarının hücumları dəf olunmuş, yerlərində oturdulmuş, amma təhlükə qalırdı. Təcrübəli sərhədçi Əfqan Nağıyevin ora getməsi də sərhəd təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə bağlı idi. Tovuzdan sonra başlanan İkinci Vətən savaşının ilk günlərindən Əfqan Nağıyev ön cəbhədə oldu...
Azərbaycanın İran İslam Respublikası ilə sərhədlərinin erməni işğalçılarından təmizlənməsində özünün general bacarığını ortaya qoydu, neçə-neçə döyüş qələbələrinə imza atdı. İndi onun bu fədakarlığı da ölkə başçısı tərəfindən yüksək qiymətləndirildi. Bu hərbiçi əməyinə verilən ən böyük qiymətdir. Eşq olsun Azərbaycanın Ali Baş Komandanına! Öz əsgərinə, zabitinə yüksək qiymət verən Azərbaycan Prezidentinə! Əfqan Nağıyevi də ürəkdən təbrik edirəm! Çünki əslinin-nəslinin yolunu şərəflə davam etdirərək, bir daha Vətənin ləyaqətli generalı olduğunu sübut etdi. Həm də döyüş bölgəsində ona göstərilən etimadı nəinki doğrultdu, çətin imtahandan üzüağ çıxdı.
Təəssüf ki, Əfqan Nağıyevin kim olduğunu bilməyən bəzi saytlar kimlərinsə sifarişi əsasında onun haqqında ürəkbulandıran yazılar paylaşır və cəmiyyətə səhv informasiyalar ötürürlər. Əslində, bu yazı müəllifləri təkcə Əfqan Nağıyevi deyil, Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu siyasəti hədəf alır, bu məsələdən istifadə edərək Azərbaycanın imicinə zərbələr endirmək istəyirlər. Amma onların bu cəhdləri əbəsdir. Heç bir nəticə verməyəcəkdir. Azərbaycanda böyük dəyişikliklər gedir. Bu dəyişikliklərin önündə də ölkə başçısı dayanır. O, kimin kim olduğunu, kimin günahkar, kimin günahsız olduğunu hamıdan yaxşı bilir.
Sonda həmin yazı müəlliflərinin diqqətinə yenə də Həzrəti Yusif əhvalatını xatırladıram: Əgər Allahın kölgəsi bir adamın üzərində varsa, onu Həzrət Yusif kimi düşdüyü ən dərin quyudan çıxarıb, həyatını çıraqban edər... Bunun qabağını sizlərin sifarişlə yazdığınız iftiralar ala bilməz!
Dilavər Əzimli, tarixçi alim
Miq.Az