Vətən sevgisinə vüsal körpüsündən baxış
Hərə bir cür anlayır Vətən anlayışını, fərqli baxışlar var müqəddəs sayılan bu adla bağlı. Mənim baxış bucağımda bu müqəddəs ad o qədər böyük mənada işlənilir ki, dünyanın özündən də böyük...hətta planetin özünün belə Vətənimin baxış bucağında yerləşəcəyi boyda. Belə demək mümkünsə dünya mənim Vətənim olan yerdən başlayır, onun içində dünya çox kiçik görünür mənə.
Bir millətin yaşadığı coğrafi məkandır Vətən! O məkan ki, təkcə məkan olaraq deyil xüsusi bir duyğu, sevgi yaşayırsan ona, xüsusi bir qeyrət, ləyaqət hissi olur ki, qəlbində onun bütövlüyü, varlığı şərəfli oğullarının qanından mayalanır, qorunur, qayğısı çəkilir və ardınca da bu torpaqda gələcəyin vətən övladları böyüyür. O torpaq ki, o qədər ulu, o qədər qədim olur ki, özünə, öz qədimliyinə doğru çəkir səni, ulu babalarının miras qoyduğu ruhlar haraylayır, çağırır ki, müqəddəsliyin, əzəmətin, kamilliyin burdadır, dönüş, qayıdış edəcəyin yer də bir gün burdadır.
"Qayıdışına mübarək" deyəcəyimiz günün ümidi içimizdə ölməmişdi heç vaxt və 27 il nisgilimizin, dərdlərimizin ünvanı, hədəfi oldu bu səhifələr. Uşaqlığımızın yuxulu gözyaşlarıyla gəldik ordan, bu gün isə zəfəriylə oyanıb, vüsal körpüsündən keçərək Ana vətənə "Salam"-deyirik! Barıt qoxulu sabahlarına, çiçəklərinə, düşmən mərmisindən parça-parça olmuş daş-kəsəyinə, gözü qurumuş bulaqlarına, izi itmiş xatirələrinə və qürurunu itirməyən dağlarına salam deyirik! Bu gün beynimizdə, gözümüzdə və könlümüzdə Vətən fəlsəfəsinin yeni səhifələri canlanır. Bu gün qürur yerimiz, baxış bucağımız olan Vətən torpağına diz çökəcək, müqəddəs torpağını öpüb, qoxlayıb gözümüzə qoyacağıq, ruhumuza sahibliyini bir daha dərindən hiss edəcəyik. Ruhlarınız şad olsun, Xudafərin harayına gələn oğullar, biz sayənizdə Vətənin ruhuna qovuşuruq!
Fərqanə Səfərli
Həkim