“Vyana danışıqları nəticəsiz başa çatacaq”
Avstriyanın paytaxtı Vyanada İran və "altılıq” dövlətləri arasındakı danışıqlar davam edir. Tehranın nüvə proqramına dair razılaşma üzrə keçirilən görüşlərə maraq böyük olsa da, hələlik danışıqların ciddi nəticə vermədiyi bildirilir.
Məlumat üçün qeyd edək ki, İranla Qərb arasında nüvə proqramı üzrə bundan öncə də bir sıra görüş keçirilsə də, bu görüşlər nəticə verməmiş, nəticədə ABŞ-ın təşəbbüsü ilə İrana qarşı genişmiqyaslı sanksiyalara start verilmişdir. Mütəxəssislər hesab edir ki, Vyana danışqılarının da nəticəsiz başa çatması İrana qarşı sanksiya siyasətinin daha da sərtləşməsinə səbəb ola bilər.
Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı "Hürriyyət”ə açıqlama verən politoloq Qabil Hüseynli Vyana danışıqlarının səmərə verəcəyinə inanmadığını vurğuladı. Politoloqun qənaətincə, hətta bu danışıqlar uğurla nəticələnsə belə, bu, Qərb üçün arzuedilən effekti verməyəcək:
"Hesab edirəm ki, Vyana danışıqları da nəticə verməyəcək. Hətta danışıqlar müsbət nəticə versə belə, Qərbin bu danışıqların müddəalarına nəzarət etmək imkanı olmayacaq. Çünki danışıqlarda səmimiyyət yoxdur. Bu səmimiyyətə nə İran, nə də "altılıq” dövlətləri tərəfindən rast gəlmək olmur. İran da bu danışıqların nəticəsinə əməl etmək üçün ölkə daxilində konsensusa gələ bilmir. Radikal dindarlar, mühafizəkarlar bu sazişə qarşı çıxış edirlər. Parlament də tamamilə buna qarşıdır və parlamentin əldə ediləcək razılaşmanı ratifikasiya etməsi müşkül görünür”.
Ekspertin fikrincə, danışıqlar zamanı diqqət çəkən amillərdən biri də İranın Şanxay Əməkdaşlıq Təşkilatının Ufadakı toplantısından sonra Qərblə daha əmin bir dildə danışmasıdır ki, bu da səbəbsiz deyil:
"Şanxay Əməkdaşlıq Təşkilatının Ufadakı görüşündən sonra İran daha ürəkli danışmağa başlayıb. Görünür Şanxay Əməkdaşlıq Təşkilatında İrana müəyyən ürək-dirək veriblər, arxasında dayanacaqlarını vəd ediblər”.
Ekspertin sözlərinə görə, İran bu vaxta qədər MAQATE əməkdaşlarının nüvə obyektlərində yoxlamalar aparmasına imkan verməyib və bu kəs də eyni qadağanı qüvvədə saxlayacaq: "Danışıqlarda İranın nüvə obyektlərinə MAQATE-nin- Beynəlxalq Atom Enerjis Agentliyinin əməkdaşlarının buraxılması tələbi də qoyulub ki, İranın bui tələbi qəbul edəcəyi, MAQATE əməkdşalarını nüvə obyektlərinə buraxmayacağı şübhəsizdir. Çünki İranın nüvə obyektləri gizli obyektlərdir və rəsmi Tehran bu obyektləri kimsəyə göstərmək niyyətində deyil. Əgər tərəflər arasında razılıq əldə edilsə belə, bu işlənməyəcəyi öncədən bəlli olan müddəalar olacaq”.
Politoloqun fikrincə, danışıqların nəticəsizliyi Qərbi ya sanksiya, ya da hərbi əməliyyatlar yolunu seçmək məcburiyyəti qarşısında qoyacaq: "Buna görə də Qərbin bir yolu qalır. Bu yol da sanksiyalardır. İsrail isə vəziyyətdən çıxış yolunu yalnız müharibədə görür”.
Q.Hüseynlinin qənaətincə, İranın yaxın gələcəkdə öz iqtisadi mövqeyini gücləndirəcəyi gözlənilir ki, bu da neft istehsalının artırılması sayəsində baş tutacaq:
"Iran bizim qonşu dövlətimizdir və orada 35 milyon azərbaycanlı yaşayır. Təbii ki, biz orda hər şeyin İran üçün yaxşı olmasını istəyirik. Bu nöqteyi-nəzərdən də güman edirəm ki, İran son vaxtlar beynəlxalq aləmdə mövqeyini xeyli möhkəmləndirən ölkə kimi Vyana danışıqlarının nəticəsindən asılı olmayaraq neft istehsalını xeyli artıracaq. Neft istehsalını artırdıqdan sonra isə İran xeyli dərəcədə güclənəcək”.