Xankəndinə uçan təyyarə vurulacaqmı?

Xankəndinə uçan təyyarə vurulacaqmı?

Politoloq: "Vursaq, müharibə başlamalıdır. Müharibə Azərbaycana sərf etmir- bu, Rusiyaya böyük hədiyyə olar"

Ermənistan mətbuatı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xankəndi aeroportunun artıq bərpa edilməsi və İrəvandan Xankəndiyə reyslərin təşkili üçün alınmış təyyarənin Ermənistana gətirilməsi barədə məlumat yayıb.
Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Jak For və Robert Bradtke, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycan və Ermənistana etdikləri son səfərin yekunlarına dair birgə bəyanatında Dağlıq Qarabağda aeroportun nəzərdə tutulan açılışına dair məlumatlara toxunulur və deyilir: "Tərəflər həmsədrləri əmin ediblər ki, mülki hava nəqliyyatı vasitələrinə hədə və güc tətbiqindən imtina edəcək, məsələni diplomatik vasitələrlə diqqətdə saxlayacaq və mövzunu siyasiləşdirməyəcəklər. Həmsədrlər təsdiq ediblər ki, aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunun dəyişmək üçün hansısa bir iddianı dəstəkləmək məqsədi ilə ifadə oluna bilməz. Tərəflərə beynəlxalq hüquqa əsaslanaraq və öz əraziləri üzərindən uçuşların hazırkı təcrübəsinə uyğun olaraq hərəkət etmək xəbərdarlığı edilib".

Azərbaycanın XİN-isə həmsədrlərə işğal altında olan Xankəndi şəhərində aeroport açılacağı halda ora uçuş həyata keçirən təyyarələrə hədə və güc tətbiq olunmayacağına dair zəmanət verildiyini təkzib edir. XİN-in mətbuat katibi Elman Abdullayev "Media forum" saytına deyib ki, Minsk qrupu həmsədrlərinin Bakıya sonuncu səfərləri zamanı Xankəndi aeroportu məsələsi də müzakirə olunub: "Tərəflər beynəlxalq qanunvericilik çərçivəsində addım atmağa, fəaliyyət göstərməyə çağırılır. Beynəlxalq qanunvericilikdən danışarkən mövqeyimiz ondan ibarətdir ki, işğal olunmuş ərazilər çərçivəsində uçuşların həyata keçirilməsi qanunsuzdur.

Dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək işğal olunmuş ərazilər üzərindən uçuşların həyata keçirilməsinin qanunazidd, eyni zamanda təhlükəli olduğunu bildirmişik. Çünki ermənilər hər zaman təxribata əl ata bilər. İnsidentlərdən də heç kəs sığortalanmayıb. Azərbaycan həmin ərazilərə nəzarət etmir. O ərazilər işğal altındadır. Oradan uçuşların həyata keçirilməsi qanunsuzdur. Azərbaycanın bu mövqeyi həmsədrlərə açıq formada çatdırılıb və həmsədrlərin bəyanatında əksini tapıb".

Xatırladaq ki, Azərbaycan indiyədək rəsmən bəyan edib ki, Xankəndiyə uçuşların qarşısı alınacaq və Azərbaycanın razılığı olmadan Xankəndi aeroportuna uçuşlar edən təyyarələrə qarşı zəruri olan bütün tədbirlər, hətta fiziki məhvetmə tətbiq oluna bilər.

"Azərbaycanın beynəlxalq prinsiplər çərçivəsində öz ərazisi üzərindəki hava məkanında suveren hüquqları var. Hava məkanına icazəsiz girənlər hava sərhədlərini pozmuş sayılırlar", -deyə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından APA-ya bildirilib. Ermənistanın Xankəndi aeroportuna uçuşlar həyata keçirməyə hazırlaşması məsələsinə münasibət bildirən Administrasiya bəyan edib ki, ölkənin beynəlxalq səviyyədə tanınmış hava məkanına icazəsiz daxil olmaq müdaxilə hesab olunur və bununla bağlı mövcud tədbirlərin görülməsi qaçılmazdır.
Administrasiyadan həmçinin bildirilib ki, rəsmi Bakı ermənilərin Xankəndi aeroportuna qanunsuz uçuşlar həyata keçirmək niyyətləri və cəhdləri ilə bağlı dəfələrlə İCAO və ECAC təşkilatına müraciət edib. Bu təşkilatlar da Azərbaycanın mövqeyini Ermənistanın müvafiq qurumlarına çatdırıblar. Administrasiya eyni zamanda qeyd edib ki,
hava sərhədimizi pozan təyyarəyə qarşı "hər hansı tədbirin görülməsi mülki aviasiyanın səlahiyyətləri xaricindədir".
Xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, Bakının Xankəndi aero-portu açılacağı halda ora uçuş həyata keçirən təyyarələrə hədə və güc tətbiq olunmayacağına dair zəmanət verməsi xəbəri həmsədrlərin növbəti yalanlarından biridir: "Həmsədrlər bu yalanlardan əl çəksələr, yaxşı olar. Vaxtilə Minsk qrupunun Amerikadan həmsədri olmuş Metyu Brayza Xankəndində bəyanatlar verirdi, sonra da deyirdi ki, bəyanatımı təhrif ediblər, mən elə deməmişəm və sair. Bu yaxınlarda rusiyalı həmsədr İqor Popov da yeni formatın yaradılması və Dağlıq Qarabağın bu formatda yeni dövlət kimi çıxış etməsi haqda fikir səsləndirdi. Tamamilə yalandır və mümkün olmayan haldır. Belə təkliflər Heydər Əliyevin prezidentliyi dövründə rədd olunub. Onlar Azərbaycan rəhbərliyinə ləkə vurmaq istəyirlər. Azərbaycan rəhbərliyi buna heç vaxt razılıq verə bilməz. İşğalçı bizdən nə razılıq ala bilər? Məgər Dağlıq Qarabağ işğal olunanda bizdən razılıq alınmışdı? Dağlıq Qarabağdan Ermənistana dəhliz deyilən yol açıblar, orada özbaşınalıq edirlər. Rusiya da, Ermənistan da bir gün bütün bunların hamısına görə cavab verəcək" ("Media forum").

Vəfa Quluzadənin sözlərinə görə, Xankəndi hava limanından hər hansı uçuş olsa, Azərbaycan sadəcə protest edər, nota verər, BMT-nin Təhlükəsizlik Şurasına məktub yazıb bu özbaşınalığa qarşı tədbir görülməsini xahiş edə bilər: "Azərbaycan təyyarələri vursa, müharibəyə başlamalıdır. Müharibə isə Azərbaycana sərf etmir. Bu, Rusiyaya böyük hədiyyə olar. Rusiya bizi bu gün vura bilərdi, amma bəhanəsi yoxdur. Biz ona bəhanə vermirik, verməyəcəyik də. Vaxtı gələndə torpaqlarımızı da qaytaracağıq".

AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev isə ölkə ərazisindən icazəsiz istifadə edildiyi halda istənilən mülki və hərbi təyyarənin vurulmasının beynəlxalq qanunvericiliyə zidd olmadığını deyib: "Dağlıq Qarabağ bölgəsi, Xankəndi şəhəri Azərbaycanın ərazisidir. Beynəlxalq qanunlara görə, hər bir ölkənin sərhədləri boyunca sonsuz yüksəkliyə qədər hava məkanı həmin dövlətin nəzarətində qalır, dövlət ona cavabdehlik daşıyır. Digər dövlətlərin bu hava məkanını icazəsiz pozmağa haqqı yoxdur. Əgər icazəsiz uçuşlar davam etsə, dövlət həmin təyyarəni məcburi endirmək, yaxud vurub məhv etmək hüququna malikdir. Beynəlxalq qanunvericilik bunu etməyə icazə verir".

Defence.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az