Görəsən insanın yaddaşı olmasaydı neyləyərdi? Bu sualı dəfələrlə özümə vermişəm. Tibdə yaddaşsızlığa, huşsuzluğa “skeleroz” deyilir. Yaddaşın itməyi insanın maddi və mənəvi aləmlə olan bağlantısının itməyi deməkdir. Bir yığın sümükdən və ətdən ibarət olan bir məxluqa çevrilmək təkcə bir nəfərin deyil, onu əhatə edənlərin də elə ən böyük faciəsidir. İnsan həyatında və çevrəsində baş verənlərin hamısına faciə kimi yanaşsa, əlbəttə ki, o zaman yaşamaq, həyat gözəldir, sabah bundan yaxşı olacaq ifadələri öz mənasını itirəcək.
İnsanın yaddaşının onun doğulduğu torpaqla birbaşa əlaqəsi var. Bu o deməkdir ki, sən doğulduğun yerin-yurdun adını bilir, kimliyini, kökənini, haradan gəlib, hara getdiyini yaxşı anlayırsan...
Mən 25 ildir ki, yaddaşımı “itirmişəm”. Bu, 1988-ci ilin son deportasiyasına təsadüf edir. Yaxşı ki, unutduqlarımızı, unutdurulanları içimizdə olan bir-iki nəfər yaddaşı möhkəmlər tarix şəklinə salıb kitablara köçürə biliblər. İndi xatırlamaqdan çox oxuyuruq, çünki aradan illər keçib...
Qarabağın və ətraf rayonların işğalı isə bizə bir daha sübut etdi ki, yaddaşın itməsinə səbəb həm də biri-birimizə yadlaşmağımız imiş. “Məndən ötdü”lər yıxdı bizim yaddaşımızın evini...
Amma bahar gələndə, Novruz əhvali-ruhiyyəsi ilə ürəyim atlananda sanki yaddaşımın yenidən bərpa olunduğunu hiss edirəm. Yadıma kəndimiz-İlməzli düşür. (Yurd itirənlər bir anlıq gözlərini yumub öz kəndlərini, doğulduqları yurdları düşünsünlər)
İlməzlidə Novruz bir başqa cür keçirilirdi. Ocaqlar qalanardı, fəsəlilər yağlanardı, “Türk kətəsi” bişirilərdi. Nənəm demiş: “Hər şeydən löyün-löyün alıb” bayram süfrələrini bəzəyərdik. Ən çox da biz-uşaqlar sevinərdik. Təzə paltar geyinərdik, cibimizdə “qəpik əlindən yer qalmazdı”.
Novruz sanki arzuların bayramıydı. Nə diləsən, yerinə yetirdi. Nişanlı qızı olanların qapısında ayağı xınalı, buynuzu qırmızı qotazlı qurbanlıqlar mələyərdi. Subay qızlar, oğlanlar isə gələn Novruza kimi əhd-peyman eyləyərdilər...
İndi həmin günlər çox uzaqda-xatirələrimizin o tayında qalıb və başa düşürəm ki, yaddaşı itənlər xatırlamağın özünü belə unudanlardır. Amma nə yaxşı ki, bu Novruz ərəfəsində mən bunları xatırlaya bildim. Çalışın, siz də xatırlayın...
Hafiz Hacxalıl