“Xırdalan dairəsinin sökülməsi absurddur” - Anar Nəcəfli
"Tıxac bütün böyük şəhərlərin problemidir. Yol infrastrukturu nə qədər inkişaf etdirsək də, nəqliyyat sıxlığının tam aradan qaldırılması qeyri- mümkündür. Bakı-Sumqayıt yolundakı baş verən nəqliyyat sıxlığının aradan qaldırılması üçün şəhərin Xırdalan ərazisində yerləşən dairəsini sökmək absurddur. Bu nəinki tıxacı aradan qaldırmaz, əksinə, xaos yaradar. Eyni zamanda "Şamaxinka” ərazisindən –"20 yanvar” dairəsi ərazi istiqamətindəki pik saatlarda tıxacın aradan qaldırılması üçün də müəyyən tədbirlər görmüşük”.
Bu sözləri "Azəryolservis”- in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli paytaxtda şimaldan daxil olan vətəndaşların üzləşdiyi çətinliklərlə bağlı sualımıza cavab verərkən bildirib.
Onun sözlərinə görə, ekspertlərin təklif etdiyi dairə sökülməsi məsələnin həll yolu deyil:
"Xatırlayırsınızsa, biz qurum olaraq orada baş verən tıxacları aradan qaldırmaq üçün yeni bir dairə tikdik. Daha sonra yol infrastrukturunu genişləndirmək və daha çox tıxacın həlli üçün tunel inşa etdik. Vəziyyət göstərir ki, yolların inkişafı üçün atılan addımlar nə qədər həyata keçirilsə belə, yenə də tıxacdan qaçmaq qeyri- mümkündür”.
Anar Nəcəfli sürücü və sakinləri bunu normal qarşılamağa çağırdı:
"Biz o ərazidəki yolu genişləndirmək üçün 6 zolaqlı yolu insanların istifadəsinə verdik. Eyni zamanda, sakinlərin və sürücülərin istifadəsi üçün həm Bakı-Sumqayıt yolu, həm də "Şamaxinka” dairəsində başqa alternativ yollar var.
"Tıxacın qarşısını alınması üçün paytaxtdakı şəxsi maşınların sayı azaldılmalı, insanların əksəriyyəti ictimai nəqliyyatdan istifadə etməlidir”.
İmamət İsmayılova