Xocalının bu kəndində hazırda 341 erməni yaşayır - Kənardan 7 ailə köçürülüb…-FOTO
Müharibədən sonra Xocalı rayonunun Seyidbəyli kəndindəki ermənilər öz evlərinə qayıdıb.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlərə açıqlamasında "əsgəran rayonunun Xaçen kəndi” adlandırılan kənddəki qanunsuz "icma rəhbəri” Vrej Stepanyan danışıb.
Onun sözlərinə görə, Seyidbəylidəki erməni kəndlilər normal həyat sürməyə başlayıblar. Hazırda kənddə 341 nəfər yaşayır. 43 şagirdi olan məktəb və 16 uşağın getdiyi uşaq bağçası 1 dekabr 2020-ci ildə açılıb.
"Müharibədən sonra kəndə Azərbaycanın nəzarətinə keçmiş digər ərazilərdən 7 ailə də köçürülüb.
Icma binasının vəziyyəti pisdir, təmirə ehtiyacı var. Ziyafət salonu köhnədir. 2006-cı ildə Fransız Protestant Kilsəsinin ("SPFA”) və "Ermənistan Həmrəyliyi” xeyriyyə fondunun birgə dəstəyi ilə kənddə bir mədəniyyət evi, kitabxana, bir tibb məntəqəsi və bir uşaq bağçası olan iki mərtəbəli mərkəz inşa edilib. Qəsəbə qaz və işıqla təmin olunub. Su problemimiz var. Hər iki gündə 1-1,5 saat müddətində suvarma suyu alırıq. 2020-ci ildə 800 metrlik kənddaxili yol asfaltlanıb, qalanları qısa müddətdə asfaltlanacaq”- separatçı rejimin yerli nümayəndəsi belə deyib.
V. Stepanyan kəndlilərin məşğuliyyəti və gələcək planlarından danışarkən müharibə səbəbiylə kəndin əkin sahələrinin bir hissəsinin Azərbaycan dövlətinin nəzarətinə keçdiyini qeyd edib. Sakinlər əsasən heyvandarlıq, əkinçilik, bağçılıq, tərəvəzçilik və arıçılıqla məşğuldurlar.
Zəruri şərh:
Seyidbəyli — Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənddir. Xocalı şəhərindən hava xətti ilə təxminən 10 km məsafədə, Qarabağ silsiləsində, Sağsağan qayası yüksəkliyi yaxınlığında(1706 m), Ağdərə-Sırxavənd-Ballıca-Xankəndi yolunun üzərində yerləşir. XIX əsrin əvvəllərində köçüb gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi "Seyidişen” adlandırmışlar. 1992-ci ildə Azərbaycan dövləti kəndin keşmiş adını bərpa edib. Oykonim Seyidbəy adlı şəxsin adı ilə bağlıdır. Ərazidə eyniadlı çay da var.
Seyidbəyli 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Ermənilər tərəfindən kənd "Xaçen” adlandırılır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.
2005-ci ildə keçmiş Dağlıq Qarabağda separatçı erməni rejimi tərəfindən keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən Seyidbəyli kəndinin əhalisinin faktiki sayı 352 nəfər, qeydiyyatdakı əhalinin sayı isə 369 nəfər təşkil edib.
Sultan Laçın