XÜSUSİ TƏYİNATLI şəhidimiz Murad Mirzəyevin AD GÜNÜDÜR

XÜSUSİ TƏYİNATLI şəhidimiz  Murad Mirzəyevin AD GÜNÜDÜR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, XTQ-in zabiti- Murad Telman oğlu Mirzəyevin AD GÜNÜDÜR.

Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində sadə bir kəndli ailəsində dünyaya göz açmış, ilk təhsilini də elə bu kənddə almışdı. 1990-cı illərin əvvəlində ölkədə baş verən proseslərə Murad biganə qala bilmirdi. Vətənin ağır günündə hərbi sahədə təhsil almağı, hərbçi olmağı özünə borc bilirdi gənc Murad. Ailəsinə bu arzusunu bildirəndə birmənalı olaraq müsbət qarşılanmadı onun bu fikri. Lakin o, hər nəyin bahasına olursa olsun, hərbi təhsil almalı, yeni qurulan ordumuzda zabit olmalı, general rütbəsinə qədər yüksəlməli, Vətəninə, xalqına layiqincə xidmət etməli idi...1991-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olduğu zaman illərdir xəyalını qurduğu həyatın, yolun başına gəlmişdi artıq... Təhsil illəri Birinci Qarabağ müharibəsinə təsadüf etdiyindən 1992-ci ildə Vətənin müdafiəsi üçün, Ağdam cəbhəsində düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq Hərbi komissarlığa müraciət edir. Lakin yaşının yetərsiz olması ilə əlaqədar müraciəti qəbul edilmir və təhsilinə davam etməsi tövsiyə olunur. Beləcə, 1991-1994-cü illərdə təhsilini C.Naxçıvanski adına BİHM-də davam etdirərək yüksək dərəcə ilə ilk hərbi təhsilini tamamlayır.

1994-cü ilin iyun ayında Türkiyə Alı Hərbi Quru Qoşunları Məktəbinə (Kara Harp Okulu) daxil olur və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə bitirir. Diplomu və xatirə "Qılınc və məzun üzüyü” Ümummilli liderimiz Heydər Əliyev və o dövrün Türkiyə Cumhurbaşkanı mərhum Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbə arasından Murad birinci seçilərək "Onur Başkanı” təyin olunur. 1998-ci il sentyabrından 3 aylıq Eyirdir Dağ Komando məktəbində kursa başlayır, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən Tuzla Piyada məktəbində yeni kursa başlayıb, həmin ilin iyul ayında kursu müvəqqətiyyətlə bitirir. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında taqım komandiri vəzifəsində xidmət edir. Qəhrəmanımız 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, motoatıcı taqım komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölüyündə kəşfiyyat taqım komandiri vəzifəsində xidmət edir. 2000-ci ildən 2016-cı ilə kimi xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsindən xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlir. Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən "Qüsursuz xidmətə görə” (2 dəfə), "Hərbi xidmətdə fərqlənməyə görə” (2 dəfə), "Azərbaycan Respubliksı Silahlı Qüvvələrinin yubiley medalı” (3 dəfə) olmaqla 7 fəxri medalla təltif edilir.

Eyni zamanda, qeyd olunmalıdır ki, Murad 2005-2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş "Ranger” kursunu tamamlayır. Beləcə O, dünyanın ən ağır təlimli, xüsusi təyinatlılar üçün nəzərdə tutulan ən çətin "Ranger” kursunu təlim nöqtələrində normativləri amerikalı və ingilislərdən də cəld yerinə yetirərək bitirən yeganə Azərbaycanlı olma qürurunu yaşayır. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilir.

2-5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant olaraq döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu qrupu ilə birlikdə yüzlərlə ermənini məhv edərək və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olur.

Miq.Az


*******
Xüsusi təyinatlı polkovnik şəhidimiz türk albayı ağlatdı

Miq.az-a telefon açan Türkiyədə yaşayan soydaşımız redaksiyamıza maraqlı bir məlumat verdi. Türkiyədə Hərbi Akademiyaların birində dərs verən bir albay (Hərbi sirr olduğundan ad- familiyasını və dərs dediyi məktəbi yazmırıq-red) Ermənistanın Qarabağda törətdiyi təxribat nəticəsində həlak olan polkovnik-leytenant Murad Mirzəyevin şəhid olma xəbərini eşidən kimi ağlayıb. Həmin akademiyada təhsil alan digər millətlərin nümayəndələri də türk albayın bu ağlamasına baxıb, köks ötürüblər. Bir saata yaxın ətrafındakı zabitlərə Murad Mirzəyevin həyat yolundan, dostluğundan və peşəkar zabit olmasından danışan türk albay göz yaşlarını saxlaya bilməyib...

Miq.az xəbər verir ki, hərbçilər Türkiyədəki Ali Hərbi məktəbdə birlikdə təhsil alıblar və eyni zamanda dost olublar. 

Xatırladaq ki, Qarabağın erməni işğalından təmizlənməsi uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

 Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Milli Ordunun ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən olub.

Dünən gecə onun cənazəsi hərbi helikopterlə Bakıya gətirilib. 

Bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən şəhidlərlə vida mərasimində müdafiə naziri Zakir Həsənov, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, generallar, nazir müavinləri, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovni Elçin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.

Mərasimin rəsmi hissəsinin bitməsinin ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş tabuta sarılaraq, vidalaşıblar.

Cənazələr dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb.

Vətən uğrunda döyüşüb canını fəda edən şəhid zabitimizə Allahdan rəhmət diləyirik!

Miq.Az 
11.04.2016
 
*********

Cənab polkovnik... əziz ata... sayın "Onur Başkanı”... - ŞƏHİD HEKAYƏTİ

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissə komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsinə...


Mən onu tanıyanda hərbi rütbəsi kapitan idi... Təzəcə bu rütbəyə layiq görülmüşdü. Məndən sonra Kərimovlar ailəsinə pənah gətirmiş, bizimlə qohum olmuşdu. Mənim keçdiyim yollardan o da keçmiş, qayınatası Səlim müəllimin iş yerinə elçiliyə özü getmişdi. Özümə söz vermişəm, onun haqqında heç vaxt keçmiş zamanda danışmayacam. O, bizim qəlbimizdə, xatirələrimizdə yaşayan canlı əfsanə kimi, Murad kimi daim qalacaq. Muradla rəsmiyyətdə bacanaq olsaq da, aramızda qardaşlıq münasibəti var idi. Oxşar yönlərimiz çox idi. Qonşu rayonlarda doğulmuş, hər ikimiz eyni illərdə Türkiyə Respublikasında (mən universitetdə, Murad alı hərbi akademiyada) təhsil almışdıq.

Yas mərasimində Muradın Ankara Quru Qoşunları Hərbi Akademiyasında bərabər təhsil aldığı çoxsaylı yoldaşları iştirak edirdi. Çıxışda onlar mənə yaxınlaşaraq Murad haqqında bildiklərini bizə, ailəsinə, uşaqlarına çatdırmağı özlərində borc bildilər. Dedilər ki, xahiş edirik bunları ailəsinə, uşaqlarına çatdırasınız: Murad bizim təhsil aldığımız dövrdə istər yerli tələbələr, istərsə də əcnəbi tələbələr arasında 600 nəfər arasından birinci seçilmiş, "Onur Başkanı” elan edilmişdi. Göz yaşları içində bunları ailəsinə çatdırmamı istəmişdilər.

Biz Muradı, demək olar ki, yaxşı tanımamışdıq. Çünki onun həyatının üçdə iki hissəsi hərbidə, üçdə bir hissəsi isə mülki həyatda keçirdi. Bizimlə iş mövzusunda danışmaz, biz də işinə hörmət əlaməti olaraq artıq suallar verməzdik. Özünü elə aparırdı ki, sanki hərbi sahə ilə heç bir əlaqəsi yoxdur, hansısa özəl sektorda fəaliyyət göstərir. Halbuki, onun o səssiz baxışlarının altında necə dərin, mənalı bir ömür varmış sən demə... Sadəliyi, böyük-kiçik yeri bilməyi, tərbiyəsi, əxlaqı, Azərbaycan xalqına məxsus milli mənəvi dəyərləri özündə birləşdirməsi onu Murad edən əsas amillərdən idi...

Ailəsinə həddən ziyadə bağlı, çox sadiq bir ailə başçısıydı. Həyat yoldaşı Fizzə, oğlu Nurlan və qızı Dənizlə nəfəs alırdı. Hər dəfə evə gələndə uşaqlarının ona dəqiqələrcə sarılıb, ayaqqabısını çıxarmağa imkan verməməsi illər sonra da xatirələrimizdən silinməyəcək yəqin ki... Ailə içərisində keçirdiyimiz tədbirlərdə, ad günü mərasimlərində Murad işi ilə bağlı ən son təşrif buyuran qonaq olurdu. Süfrənin bir tərəfində ona ayrı yer açılır, çox iştahla yemək yeyər və sonunda hazırlanan yeməkləri mütləq "əllərinizə sağlıq” deyərək qiymətləndirirdi.

Murad Mirzəyev sözün həqiqi mənasında bizim üçün, gənclərimiz üçün, uşaqlarımız üçün bir vətənpərvərlik nümunəsi idi. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi idi. Geyindiyi o əsgər formasına o qədər önəm, dəyər verirdi ki... Bir gün rayonda yaşayan qohumlardan biri Fizzədən Muradgilin geymədiyi köhnə əsgər forması istəmişdi. Fizzə Murada bunu deyəndə Murad: "O forma bizim uniformamızdır, onun üstündə şəhidlərimizin qanı, Azərbaycanın bayrağı, mənəvi dəyərlərimiz var. O forma adi iş görülərkən geyiləcək, ucuzlaşdırılacaq forma deyildir. Bir daha məndən belə şey istəmə” - demişdi.

Murad gedəndə bizim ailənin qəhrəmanıydı, gələndə bütün Azərbaycan xalqının, millətinin qəhrəmanına çevrilmişdi artıq. Qəhrəmanımızla keçirilən vida mərasimi də, Fəxri Xiyabanda dəfn olunması da Dövlətimizin Murada verdiyi layiqi qiymətin bariz nümunəsi idi. Xalq öz qəhrəmanını qəbul etmiş, onu öz oğlu, qardaşı, balası kimi bağrına basmışdı. Murad artıq bizim olmaqdan çıxmış, xalqın, millətin, vətənin ən layiqli bir övladına çevrilmişdi. Dəfn mərasimində bir daha bunun şahidi olduq. Biz (yoldaşı Fizzə və ailə üzvləri) məzarlığa gələndə onun məzarına yaxınlaşa bilmirdik. Xüsusi təyinatlılardan birinə "Murad Mirzəyevin həyat yoldaşıdı, kömək edin məzara yaxınlaşaq” - dediyimizdə bizi müşayiət edərək məzara qədər gətirdilər. Muradın məzarı başında daha öncə heç tanımadığımız, görmədiyimiz insanlar var idi. Qəhrəman Muradı sahiblənən, onu qəlbində daim yaşatmağa söz vermiş xalqımızın vətənpərvər nümayəndələri. Bizim dərdimizə sahib çıxan bu qardaş və bacılarımızı gördüyümüzdə elə bil ürəyimizə su sərpildi...

Həyat, hər şeyə rəğmən, davam edir... Heç kəs həyatda daimi deyil. Bu gün bizlər bəlkə 20 il, bəlkə 30 il Allahın bizə yazdığı qədər ömür sürüb, bu dünyadan gedəcəyik. Lakin tək təsəllimiz Murad Mirzəyev kimi qəhrəmanlıq salnaməsində öz yerləri olan, vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının Azərbaycan yaşadıqca, var olduqca yaşayacaq olmasıdır... /Maqsud Həsənov/lent.az//


Ölüm səni seçmədi, ölümü özün seçdin

Şəhidlik şərbətini öz əllərinlə içdin

Sən bu cəsarətinlə ölümsüzlüyə keçdin

Məzarına əyilib daim ucalar başım

Mənim igid qardaşım, mənim Murad qardaşım!











   
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az