İyunun 9-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış yazıçı-publisist Mustafa Çəmənli ilə görüş keçirilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza M.Çəmənlini həm yazıçı, həm publisist, həm də keçmişimizi araşdıran tarixçi kimi dəyərləndirib. Onun publisist yaradıcılığında bu günümüz, bədii yaradıcılığında isə mürəkkəb və kəşməkəşli tariximizlə müasir dünyamız arasında üzvü bir bağlılığın olduğunu söyləyib.
Yazıçı-dramaturq Əli Əmirli Mustafa Çəmənlinin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə dəyərli töhfələr verdiyini vurğulayıb. Onun “Xallı gürzə”, “Fred Asif”, “Ruhların üsyanı”, “Ölüm mələyi” romanlarından danışan Ə.Əmirli yazıçının əsərlərinin əsas mövzusunun Qarabağla bağlı olduğunu bildirib. M.Çəmənlinin əsərlərinin oxucuda tarixə, tarixi şəxsiyyətlərə qarşı maraq oyatmaq baxımından uğurlu addım olduğunu söyləyib. Əslən qarabağlı olan Mustafa Çəmənlinin əsərlərində canlı müşahidələr özünü göstərməklə yanaşı, torpaq nisgilindən doğan bir ağrı-acı da boy verməkdədir.
Mustafa Çəmənlinin yaradıcılığını daima izlədiyini qeyd edən Ə.Əmirli onu əsl ədəbiyyat adamı kimi dəyərləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Elçin Mirzəliyev, şair Ramiz Məmmədzadə, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı-publisist Südabə Ağabalayeva və başqaları Mustafa Çəmənlinin zəngin yaradıcılığı barədə təəssüratlarını, fikir və mülahizələrini bölüşüblər.
Sonda çıxış edən Mustafa Çəmənli yaradıcılığına göstərilən diqqətə, əsərləri haqqında səsləndirilən dəyərli fikirlərə görə həmkarlarına və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.
AZƏRTAC