Nicat Cəmilzadə
Milli bayramlar yalnız millətin iradəsilə yaşayan və onun bir millət kimi görünməsində əhəmiyyətli sayılan hadisələrin ildönümüdür. Bəzən isə əhəmiyyəti bir millət çərçivəsindən daha geniş olan olaylar təsir dairəsinin əhatə etdiyi millətlər tərəfindən bir bayram kimi qeyd olunur... Az qala bütün Şərqdə sayılıb seçilən Novruz bayramı şərq aləminin qədim bayramlarındandır. Bu bayramın tarixi çox qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.
Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.Novruzun əsas atributu isə səmənidir. Azərbaycan xalqının adət-ənənəsinə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Adətən bayramqabağı evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır. Novruz bayramında şirniyyat (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, dünyasını dəyişənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Bu bayramın gəlişinə hamıdan çox sevinənlər isə uşaqlar olur. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar. Bütün bunlar isə Novruz bayramının milli birliyə xidmət edən bir-birindən maraqlı elementlərindədir.
Qarşıda bizi bir-birimizə Novruz qədər yaxınlaşdıracaq daha bir bayram gözləyir. Bu, Qarabağın,Təbrizin,Dərbəndin,İrəvanın,Borçalının azadlığı günü olacaqdır. Həmin gün də insanlar bir-birini bağrına basıb on illərin həsrətlisi kimi görüşüb, təbrik edəcək, uşaqlar ev-ev, məhəllə-məhəllə gəzərək böyüklərdən muştuluq alacaq, hər evdə ən gözəl yeməklər bişiriləcək, insanlar ən gözəl paltarlarını geyinib biri-birini qurduqları şənliklərə dəvət edəcəkdir. O gün uzaqda deyil, inşallah tezliklə gələcək və biz yeni bir həmrəyliyi, milli birliyi bayram edəcəyik.