Zakir Fərəcovun növbəti özbaşınalığı
İkram Rafiqoğlunun layihəsi – Keçmişlə doğulan bu gün...
"Miq.az”-ın təqdimatında
İcra başçısı 5 yaşlı uşaqdan 20 min istəyib
Abşeron rayonunda icra başçısı işlədiyi illərdə Zakir Fərəc oğlu Fərəcovun qanunsuz fəaliyyətindən bəhs etmişdik. Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və adıçəkilən nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi general-mayor Akif Çovdarovla yaxın münasibətdə olan və cinayətkar şəbəkə yaradan şəxslərə milyonlarla dəyərində hədiyyələr bəxş edən icra başçısı dövlətin əmlakını talamaqla da diqqət çəkir. Cəzasızlıq mühitindən yararlanaraq istəklərini həyata keçirən məmurun cinayətkar şəbəkə ilə bağlılığını təsdiq edən faktlar Miq.az-ın redasiyasına daxil olmaqdadır.
Ötən yazımızda qeyd etmişdik ki, icra başçısı Eldar Mahmudov və Akif Çovdarova Abşeron rayonu Pirşağı ərazisində 4 milyonluq furajkalı filla və hektarlarla torpaq sahələri bəxşiş edib. Həmin hədiyyələrdən sonra Zakir Fərəcovun kürəkəni Pərvin Əsədov Eldar Mahmudovun əmri ilə MTN-nə işə qəbul olunur və birbaşa nazirliyin Qaradağ rayon şöbəsinə rəis təyin edilir. Pərvin Əsədovun Eldar-Akif cütlüyünün yaratdığı cinayətkar şəbəkə ilə yaxın münasibətdə olduğunu təsdiq edən faktları növbəti yazılarımızda diqqətinizə çatdıracağıq. Hazırda hədiyyələrdən sonra Zakir Fərəcovun adıçəkilən şəbəkənin "qoçu”ları tərəfindən mediaya və onun rəhbərlərinə çəkdiyi hücum və nəticədə zor gücü ilə istəyinə necə çatdığına diqqət edək.
Baş redaktorun etirafları
Ölkə mediasında Fərəcovun Abşeronda həyata keçirdiyi qanunsuz fəaliyyətini ictimailəşdirən bir sayt rəhbərini MTN-nin işgəncə maşını sayılan Akif Çovdarovun əli ilə təzyiqlərə məruz qoyduğunu qeyd etmişdik. Araşdırmalartımız nəticəsində həmin sayt rəhbərinin kimliyini öyrənə bildik. Media kapitanı ilə söhbətimiz zamanı aydın oldu ki, o, Zakir Fərəcovun qanunsuz əməllərindən silsilə yazılar dərc edirmiş. Bir neçə yazıdan sonra Zakir Fərəcovun tapşırığı ilə jurnalisti keçmiş MTN-ə aparırlar. Orda onu Akif Çovdarovun qəbuluna gətirəndə məlum olur ki, tapşırıq Abşerondan gəlib və icra başçısı haqqında yazılar dayandırılmalıdır. Əks təqdirdə Akif Çovdarov, dostu Zakir Fərəcovdan yazan jurnalisti işgəncə üsullarına "qonaq” edəcək.
Media kapitanının bildirdiyinə görə Akif Çovdarov ona qəti sözünü deyir və tələbini irəli sürür: "Gedirsən dostum Zakir Fərəcovdan saytında gedən yazıları çıxarırsan və təkzib yazısı verirsən. Yoxsa burdan qurtuluşun yoxdur ”. Baş redaktor vəziyyətin ağır olduğunu və MTN cəlladının pullu dostuna görə hər şeyə hazır olduğunu görüb irəli sürülən şərtləri qəbul edir. Doğrudur saytda təkzib verilməsə də Çovdarovun dostunun Abşerondakı özbaşınalığından bəhs edən yazılar dayandırılır.
Jurnalistin öz xahişi ilə adını çəkmədik. Lakin Zakir Fərəcovun bu gün hər vəchlə keçmiş MTN –nin cinayətkar şəbəkəsi ilə işbirliyi və yaxınlıq münasibətlərini inkar etməsi həqiqətlərin gizlədilməsinə hesablanır. Sual oluna bilər- Zakir Fərəcov, Akif Çovdarov sizin qara olmayan gözünüzə görəmi jurnalisti hədələmiş və haqqınızdakı yazıların dayandırılmasını tələb etmişdi? Əlbəttə ki, yox. Akif Çovdarovla ən yaxın münasibətdə olan icra başçısının reallıqlarla üzləşmə zamanı gəlib və mahmudovçularla şərik etdiyi cinayət tərkibli əməllərin hesabını vermək lazım.
Zakir Fərəcovun MTN cinayətkar şəbəkəsinin əli ilə həyata keçirtdiyi qanunsuzluqlar təkcə bununla bitmir. Bu şəxs münasibəti gərgin olan sahibkarları da Akif Çovdarov vasitəsilə susdurmağı və müflis etməyi bacarıb.
Sumqayıt sahibkarlarına "Fərəcov bəlası”
Zakir Fərəcovun dediklərinə inansaq və mediada yazılanlara diqqət etsək görərik ki, bu şəxs Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubovla yaxın münasibətdədir. Bəylər Eyyubovun hakimiyyətdə böyük nüfuza malik olmasını qeyd etmək yersiz olar və hamıya məlumdur ki, hakimiyyətə sadiq bir şəxs olaraq onun sözü keçərlidir. Zakir Fərəcovun Abşeron rayonunda həyata keçirdiyi qanunsuz əməllər və Eldar-Akif cütlüyünün yaratdığı cinayətkar şəbəkəni maliyyələşdirməsi kimi faktların yaratdığı narazılıqlardan sonra hamı icra başçısını cəzalandırılacağını düşünmüşkən gözlənilməz hadisə baş verdi. Fərəcov, Sumqayıt kimi böyü bir şəhərə icra başçısı təyin olundu. Təbii ki, Bəylər Eyyubov kimi yaxını olan şəxsin qanunsuz əməlləri ölkə başçısından gizlədilməklə onu işlək və yüksək potensiala malik bir məmur kimi qələmə verdilər.
Sumqayıt şəhərinə icra başçısı təyin olunan andan şəhərin sahibkarlarına divan tutmağa başladı. İlk olaraq böyük marketlər şəbəkəısinin rəhbərlərinə tələbini göndərən icra başçısı yüksək məbləğdə "hörmət” etmələrini istədi. Şəhərdə "Ən Ucuz” marketlər şəbəkəsinin tikilməkdə olan yeni "Göyçay” ticarət mərkəzinin tiintisini dayandırdı. Bundan sonra həmin marketlər şəbəkəsinin "Əli 94” ticarət mərkəzinin sökülməsinə qərar verdi. "Ən Ucuz” marketlər şəbəkəsinin rəhbəri Vüqar Qələndərovun xahişlərinə baxmayaraq icra başçısı istəyini geri çevirmədi. Və sonda hər marketə görə Vüqar Qələndərovdan 500 min manat alandan sonra növbəti razılıq əmrini verdi. Bunula da Zakir Fərəcovun əmri ilə tikinti işləri başladı və Əli-94 ticarət mərkəzi sökülmədi. Bundan sonra Vüqar Qələndərov icra başçısına 500 min manat rüşvət verdiyini və halal etmədiyini bildirərək narazılığını gizlətmədi. Bəs icra başçısı Qələndərovun onun haqqında dediklərinə niyə susdu?
Vüqar Qələndərovun ittihamlarına niyə cavab verilmir?
Vüqar Qələndərovun Zakir Fərəcovu rüşvət almaqda ağır ittiham etməsi və verdiklərini zamanı gələndə geri alacağını açıq ifadə etməsindən sonra hamı Sumqayıtda "Ən Ucuz” ticarət mərkəzlərinin çökəcəyini və bağlanacağını düşünürdü. Lakin, mənim kimi bu cür düşünənlər yanılmışdı. Səbəb isə daha ciddi özbaşınalıqların varlığına bizi aparıb çıxartdı.
Xatırladım ki, Vüqar Qələndərov sahibi olduğu "Hiper” Ən Ucuz ticarət mərkəzindəki qazanca Zakir Fərəcovun qudası Akif Zeynallının oğlu Kənan Zeynallını şərik edib. Kənan Zeynallı həm də "Atabankın” Sumqayıt filialının rəhbəridir. Bir neçə ay öncə Respublikamızda manatın devalvasiyası baş verəndə Zakir Fərəcovun tapşırığı ilə Vüqar Qələndərov Kənan Zeynallının yardımı ilə "Atabank”dan milyonlarla vəsait çıxarıblar. Həmin devalvasiya zamanı bankdan çıxarılan pullar qara bazarda satılmış və yüz minlərlə gəlir əldə edilib. Zakir Fərəcovun bu tapşırığını yerinə-yetirən və oyununu quran Vüqar Qələndərov baş verən maxinasiya və saxtakarlıq zamanı bir sıra sənədləri, eləcə də sübutları indi əlində saxlamaqla icra başçısını ittiham etməkdən çəkinmir. Zakir Fərəcov isə pul qazanmaq xətrinə icra başçısı, prezidentin səlahiyyətli nümayəndəsi kimi dəyərləri qurban verib. Aidiyyatı qurumlar bir neçə ay öncə bir gün ərzində Vüqar Qələndərov və Kənan Zeynallının "Atabank”dan çəkdiyi milyonlarla vəsaiti araşdırmaları vacibdir. Qısa müddətdə baş verən və banka qaytarılan vəsaitlərin hansı cinayətlərə səbəb olduğunu araşdırmaq bu Dövləti qoruyanların vəzifə borcudur.
Zakir Fərəcov 5 yaşlı uşaqdan 20 min istəyib
Sumqayıtda hamını istəklərinə tabe etməyə çalışan və qanunsuz tələblərindən əl çəkməyən Zakir Fərəcovun ətrafındakılar son zamanlar şəhərdə inanılmaz işlərin getdiyini önə çəkirlər. Nə qədər acı olsa da qeyd etməliyəm ki, dövlət tərəfindən Sumqayıta ayrılan 30 milyon vəsait artıq yoxa çıxıb. Icra başçısı isə bulvar tikintisini şəhərdə obyekt sahiblərinin üzərinə yükləməklə dövlətin ayırdığı 30 milyon manat vəsaitin "yerini bilmir”.
Bir neçə gün öncə Zakir Fərəcovu sevindirən daha bir xəbər təsdiqini tapdı. Sumqayıtda görülən işlərin tez yekunlaşdırılması üçün əlavə olaraq 20 milyon manat icra hakimiyyətinə ayrıldı. Milyonları fokus edib "yoxa çıxardan” icra başçısı bir neçə gün öncə etdiyi daha bir özbaşınalığı ilə diqqət mərkəzinə düşdü. Sumqayıtda "Qalatasaray” Futbol məktəbini açmaq istəyən futbolseverlər və sadə vətəndaşlar açılış günündə Zakir Fərəcovun qoçu dəstəsini qarşılarında görüblər. Valideynlərin və uşaqların açılış istəyinə icra başçısı 20 min manatlıq rüşvət tələbi qeyd olunan "TƏBRİK MƏKTUBU” göndərib. Həmin məktubu oxuyan valideynlər və futbol həvəskarları yığışıb ciblərində olanı töküblər ortalığa. Nəticədə 280 manat düzəldə bilən "Qalatasaray” məktəbinin həfəskarları pulu açılışa mane olan polisə uzadıblar. Cavab isə, "Olmaz, 20 min manat verin gedin açılışı edin” olub. Bu zaman açılışa gələn 5 yaşlı körpə cibindən 20 qəpik çıxarıb və ağlaya-ağlaya, "Məndə də bu var. Aparın verin Zakir əmiyə, deyin oynamaq istəyirəm” – deyərək arzusunu ifadə edib. Amma Zakir əmi körpənin bu istəyini gözündə qoyub və "20 min manat” deyib, Allah deməyib.
Haşiyə:Bir gün Molla hamama gedir. Hamamda oxuyanda görür ki, yaxşı "avazı” var və bu səslə oxusa Şahdan xələt alacaq. Tez-tələsik hamamdan çıxıb üz tutur şahin qəbuluna. Şahin başı qarışıq olduğundan Mollanın danışığına fikir vermir. Molla isə dediyindən əl çəkmir. Şah vəziyyəti belə görüb Mollaya deyir ki, oxusun. Molla deyir ki, onun istedadını görmək üçün gərək bir yerdə hamama getsinlər. Şah vəziyyətin yaxşı olmadığını görüb əmr edir ki, saraya böyük küpə gətirsinlər. Küpə gətirilir və Molla başını küpəyə salıb başlayır oxumağa. Molladan başqa hamının zəhləsini tökən "avaz” Şahı əsəbləşdirir və şah əmr edir: "Küpəni su ilə doldurun, mollanı soyundurun və çubuğu suya salıb döyün”. Əmrə görə su bitənə qədər mollanı döyməyə başlayırlar. Hər dəfə çubuğu suya salıb Mollanı vuranda o deyir: "Yaxşı ki, hamama getmədik. İndi yenə ümid var ki, küpənin suyu qurtarar”.
İndi siz deyin, 5 yaşlı uşağın arzusunu gözündə qoyanları hamama aparıb oxutdura-oxutdura döymək lazımdır ya yox?
Ardı var
İkram Rafiqoğlu
P.S. Növbəti yazımda Zakir Fərəcovun hamının yanında adını hallandırdığı və qohumu adlandırdığı Bəylər Eyyubova müraciətim olacaq. Həmin müraciətdə şəxsən tanıdığım şəxsin mövzuya münasibətini öyrənməyə çalışacağam.
Bizi izləyin
Miq.az