Zaur Huseynovun kabinet sevgisi-Qaranlıq metronun "YAŞIL MƏKANI"
Azərbaycanda kabinet məmurlarının olması adi hal kimi qarşılansa da, dövlət başçısı tərəfindən başladılan yeni siyasi-iqtisadi prosesdə belələrinin sayının azaldığı müşahidə olunur. Xüsusilə uzun müddət rəhbər vəzifələrdə işləyən məmurlarda kabinet sevgisi baş alıb gedirdi. Amma "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov rəhbər vəzifədə yeni olmasına baxmayaraq, "kabinet” sevgisi ilə ad çıxarıb.
Miq.az-ın əldə etdiyi məlumata görə, Z. Hüseynov öz kabinetindən çıxmadan QSC-ni idarə edir. İdarə edir deyəndə, bunu idarəçilik adlandırmaq çətindir. Sadəcə olaraq, onun adı QSC-nin rəhbəri kimi getsə də, özü nə ərazidə görünür, nə də metronun problemləri ilə maraqlanır.
Bu gün ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin iş rejimi ilə tanışdır. Dövlət başçısı istirahət etmədən, həm siyasi platformada ölkəmizi təmsil edir, dövlətin maraqlarını qoruyur, istər iqtisadi sahədə daim yenilikləri ilə ölkəni inkişafa doğru aparır. Lakin təəssüf ki, dövlət başçısının etimad göstərdiyi Z. Hüseynov kimi məmurlar bundan nümunə götürmürlər.
Əldə etdiyimiz məlumata görə, Z. Hüseynov yeni sədr olanda özünü yaxşı tərəfdən göstərmək üçün dərhal "əl-qolunu çırmalayıb”. Metroda ticarəti yığışdırmaqdan tutmuş, qəzet satışına qədər hər şeyi bağladı. Ardınca "Avtovağzal” stansiyasının tikintisi işlərinə strat verildi. Uzun gözləmələrdən sonra yeni stansiyanın açılışını etdi. Və öz kabinetinə çəkildi. Hansı ki, bu gün metro istifadəçiləri də Z. Hüseynovun özünün "şah əsəri” hesab etdiyi "Avtovağlaz” stansiyasının nə memarlıq cəhətdən, nə də xidmət baxımından normal olmadığını təsdiqləyə bilər. Artıq bu metrostansiyasına su yığıldığı da göz önündədir.
Ötən yazılarımızda qeyd etmişdik ki, "Avtovağzal” stansiyasında su sızıntısına səbəb tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə olunmasıdır. Bu barədə bizə danışan mənbə bildirmişdi ki, yeni stansiyanın tikintisində 500 min AZN-ə qədər yeyinti olub.
"Avtovağzal” stansiyasının hazırki vəziyyəti bu məlumatlarınn doğruluğunu sübut edir.
Lakin Z. Hüseynovun bütün bunlar deyəsən marağında deyil. Görünür, o, "şah əsəri”ni "yaradandan” sonra öz işini bitmiş hesab edir və məhz buna görə, vəzifəsinin tələb etdiyi fəaliyyəti göstərmək əvəzinə, kabinet məmurluğuna üstünlük verir.
Onun QSC-nin işlərinə "vaxt” tapmamasının səbəbi isə bir qədər müəmmalıdır. Belə ki, ötən yazılarımızda da Z. Hüseynvun şəxsi biznes şəbəkəsinin olduğunu, Tağı Əhmədovu əvəzlədikdən sonra bu şəbəkəni daha da genişləndirdiyini, QSC-yə ayrılan pulların hansı formada məsimsənildiyini qeyd etmişdik. İstənilən şəxs rəsmi məlumatları bir-biri ilə uyğunlaşdıranda bunun şahidi ola bilər.
Misal üçün, 2015-ci ildə "Bakı Metropoliten” QSC-nin gəlirləri 90,566 milyon, xərcləri isə 118,871 milyon manat olub. Bu, 2014-cü illə müqayisədə müvafiq olaraq 10,1 faiz çoxdur. Amma diqqətçəkən məqamdır ki, metrpolitenin sərnişindaşımadan gəlirləri 2014-cü illə müqayisədə 2,2 faiz artaraq 43,005 milyon manata yüksəlib. Buna paralel olaraq, büdcədən ayrılan subsidiyaların həcmi 5,47 faiz artaraq 37,998 milyon manata çatıb. Burada uyğunsuzluqlar açıq şəkildə görünür. Ümumi hesablamalara görə, hər gün orta hesabla 600 min nəfər metrodan istifadə edir. Bu rəqəmi 20 qəpiyə vurduqda ildə 200 milyon manatdan artıq vəsait edir. Bəs nə üçün QSC gəlirlərini 90,566 milyon göstərir?
Bu sualın cavabı aydındır. Lakin Z. Hüseynovun QSC-yə "vaxt” ayırmamasının səbəbi şəxsi biznesinə başının qarışması da deyil. Çünki məlumatlara görə, onun biznesini yaxınları idarə edir əv yalnız ən kritik vəziyyətdə onun müdaxiləsi olur.
Bizə danışan QSC-dəki mənbə deyir ki, metrodakı bütün işləri də Z. Hüseynovun yaxın qohumu həyata keçirir. Hətta "rəisin qohumu” istədiyi şəxsi işdən çıxara, yaxud işə götürə bilər səlahiyyətlərinə malikdir. Z. Hüseynov isə heç bir işə müdaxilə etmədən sadəcə "kabinet məmurluğunun” kefini çəkir.
Məlumata görə, Z. Hüseynov bu yaxınlarda öz kabinetinin mebelini də yeniləyib. Lakin buna nə qədər əlavə pul xərclədiyi dəqiq məlum deyil. Sadəcə olaraq, yeni ofis mebelinin qoz ağacından olduğu və çox baha başa gəldiyi deyilir.
Zaur Hüseynov büdcənin pullarını hara xərcləyir?
"Bakı Metropoliteni” Qapalı Shəmdar Cəmiyyətinin 15 illik Tağı əhmədov epoxasına son qoyan Zaur Hüseynovun "yeraltı” maxinasiyaları haqda ötən araşdırmamızda bəhs etmişdik. Söhbət minlərin deyil, milyonların yeyilməsindən və paytaxtın ən çox istifadə olunan nəqliyyat vasitəsinin bərbad vəziyyətə düşməsindən gedir.
Miq.az-ın əldə etdiyi yeni məlumatlara görə, Z. Hüseynov metrodan əldə etdiyi vəsaitlə öz şəxsi biznesini qurub.
Ötən yazımızda qeyd etdiyimiz kimi Z. Hüseynovun Bakı Metropolitenindən gəlir mənbələri aşağıdakılardır:
1. Metrostansiyalarında məhdud sayda olan ticarət obyektlərindən alınan yüksək haqq.
2. Metropolitendə dövlət büdcəsindən ayrılan vəsait hesabına görülən işlərin öz qohumları vasitəsilə reallaşdırılması, beləliklə, pulun "karusel” şəkilində metro rəisinə qayıtması.
3. Metro üçün alınan keyfiyyətsiz avadanlığın baha qiymətə aktlaşdırılması.
4. Bir çox işlərin sənədə üzərində görüldüyü göstərilərək, pulların silinməsi.
5. Metropolitenin gəlirləri və xərclərini lazım olan şəkildə göstərərək, büdcədən ayrılan subsidiyanın mənimslənilməsi.
Bunlar Z. Hüseynovun metrodan əldə etdiyi gəlirlərin bilinən hissəsidir. Z. Hüseynova məxsus restoran və mülklər də onun metro rəisinin maaşından daha çox qazandığını sübut edir.
Miq.az-ın əldə etdiyi məlumata görə, Z. Hüseynov metrodan qazandıqlarını dövriyyəyə buraxaraq, restoran, şadlıq evi, həmçinin,
daşınmaz əmlak kimi gəlirli sahələrə yatırır.
Redaksiyamıza daxil olan məlumatda deyilir: "İnşaatçılar metrosunun yaxınlığında metro rəisinin böyük obyekti var. "Yaşıl məkan” adlanan restoranda hər gün çal-çağırdır. Ətrafa yayılan səs-küydən evdə oturmaq mümkün deyil”.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə "Yaşıl məkan” restoranının həmin ərazilərdəki böyük çinar ağaclarının yerində tikildiyi deyilir.
Görünür, Z. Hüseynov metrodan əldə etdiyi pullar hesabına özünə restoran tikərək, dövlət büdcəsinin vəsaitini mənimsəməklə yanaşı, həm də ölkə rəhbərliyinin ən həssas yanaşdığı ətraf mühitə də ciddi zərbə vurub.
Sözügedən restoran Mətbuat prospektində yerləşir. Restoran banket, kiçik və böyük toy, ad günü və müxtəlif xidmətlər verir. Araşdırmamız nəticəsində məlum oldu ki, həqiqətən də restoranın inşa oldunduğu ərazidə əvvəllər böyük yaşıllıq olub. Z. Hüseynov "Bakı Metropoliteni” QSC-yə rəis təyin olunandan bir müddət sonra həmin ərazidəki yaşılıqları məhv edərək, yerində restoran tikdirib. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən yaşıllıqların qorunması məsələsinə diqqətlə yanaşır. Demək olar ki, respublikanın hər yerində az qala hər gün yeni ağaclar əkilir. Təkcə mayın 10-da respublika ərazisində 305 min ağac və gül kolu əkilib. Bunun fonunda dövlət başçısının etimad göstərdiyi şəxsin yaşıllığı məhv edərək, yerində restoran tikdirməsi, özü də həmin obyekti birbaşa dövlət büdcəsindən verilən subsidiyalar və dövlətin nəznində olan qurumdan əldə etdiyi pullar hesabına ərsəyə gətirməsi xüsusi diqqət çəkən məqamdır.
(Zaur Hüseynovun "Bakı Metropoliteni” QSC-dən əldə etdiyi pullarla qurduğu biznes və sahib olduğu mülklərin siyahısı mövcuddur. Müəyyən dəqiqləşdirmələrdən sonra onlar haqda da məlumat verəcəyik).
Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.
Miq.az-dan: Hər bir oxucumuz redaksiyamızın elektron ünvanına -
[email protected] email adresinə şikayətini göndərə bilər.
Miq.az