Bu gün görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Səbail rayon məktəbliləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. “Vətəninfo.az” xəbər verir ki, tədbir Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Zərifə Əliyevaya həsr olunmuş filmin nümayişi ilə açıq elan olundu.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək belə tədbirlərin keçirilməsində məsul olan şəxslərə öz minnətdarlığını bildirdi. Zərifə Əliyevanın xidmətlərindən danışan başçı vurğuladı ki, belə tədbirlərin keçirilməsi, çox vacibdir: “Hər bir məktəbli üçün Zərifə xanım Əliyevadan yazmaq bir şərəfdir. Belə tədbirlərin keçirilməsi Zərifə xanımın Azərbaycan xalqına verdiyi töhfələri real olaraq göz önündə canlandırır və gələcək nəsillərə ötürülür”.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da çıxış edərək bildirdi ki, Zərifə Əliyeva bu gün inkişaf edən ölkəmizin nüfuzunu göylərə qaldırdı. “Gözəl insanlar haqqında nə qədər danışsaq azdır. Düşünürəm ki, ən yaxşı xatirə, bu müsabiqədə iştirak edən şagirdlərdir”-deyə o vurğuladı.
Tədbirin sonunda qaliblərin mükafatlandırma mərasimi keçirildi və qaliblərə RİH-nin qiymətli hədiyyələri təqdim edildi. Birinci yerə Bakı Oksford məktəbinin 10 –cu sinif şagirdi Əsgərli İlkin layiq görüldü və mükafatını Ulu Öndər Heydər Əliyevin bacısı Rəfiqə Əliyeva təqdim etdi. İkinci yerə isə 236 saylı məktəbin 9-du sinif şagirdi Mehbalıyeva Nigar layiq görüldü.
Nəhayət, üçüncü yerdə 132/34 saylı təhsil kompleksinin şagirdi Məmmədli Nigar və 239 saylı məktəbin şagirdi Nağıyeva Ayla qərarlaşdı.
Xatırladaq ki, tədbirdə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Milli Məclisin vitse-spikeri Bahar Muradova, TQDK sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak edirdi.