Üzr istəyirəm – Etibar Cəbrayıloğlu yazır

Üzr istəyirəm – Etibar Cəbrayıloğlu yazır
Üzr istəyirəm, bələdəm də sizə. İndi hamı düşəcək üstümə ki, bəs sən niyə üzr istəyirsən?

Üzr istəyirəm, bəs kim üzr istəsin? Hamı belə bir həssas dönəmdə yaxasını kənara çəkməyə çalışır. Lap tutaq ki, yaxamızı kənara çəkdik, mən üzr istəmədim, sən üzr istəmədin, o üzr istəmədi… Bəs BMT-yə, NATO-ya, canım sizə desin AŞPA-ya nə cavab verəcəyik?

Əvvəl istədim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da yazam, sonra dedim ki, üzr istəyirəm, KTMT getsin tullansın…

Neftdən qiymətli vaxtınızı aldığım üçün üzr istəyirəm, iki gecədir bir məsələ məni yaman narahat edir. Utanıram da yazmağa, üzr istəyirəm, görən Cırtdan o vaxt Divi aldadanda əvvəlcə üzr istəmişdi, yoxsa sonra? Məncə, bu məsələyə hökmən aydınlıq gətirməliyik. Lazım gəlsə, lap 6 min AZN də xərcləməliyik, şirinlik verməliyik, dədə-baba dilində desək, hörmət eləməliyik. Öz aramızdır da, ortada görüm-baxım olandan sonra Lazım gəlməyib nə edəcək ki? Üzr istəyirəm, lap əsəbiləşdim…

Üzr istəyirəm, dünyanın işi lap kəllə-mayallaq olub, bilmirsən kimə, hara şikayət edəsən. Adam var cəmi iki hərfli adla o boyda Çini idarə edir, Planetə meydan oxuyur, amma mənim Alıvahimbaba adlı dostumu öz kəndlərində heç bələdiyyə sədri də qoymurlar. Si Cinpinin bəxti varmış da…

Deyirəm qəribə insanlar var, üzr istəyirəm, lap ağ eləyiblər. Ötən dəfə "Bakubus”un avtobusuna üzr istəyirəm, minmişəm. Bir qadın Ərəbzəngi kimi kəsib qapının ağzını, hər kəsə mane olur, üstəlik yüksək səslə də telefonla danışır. Xəttin o başındakı adamla əvvəlcə Rusiyanın Ukraynaya hərbi təcavüzünü müzakirə elədi, dedi Putin axşama yenə Təhlükəsizlik Şurasının iclasını çağırıb. Avtobusumuz Muğam Mərkəzinin qarşısından ötəndə həmin qadın İngiltərə kraliçasını müzakirə etməyə başladı. Soruşdu ki, ingilislər vəfat edən insanı niyə belə gec dəfn edirlər? Telefonda danışdığı adam cavabında nə dedi, nə demədisə həmin qadın bir şaqqanaq çəkdi, bir şaqqanaq çəkdi, gəl görəsən. Bəlkə də şaqqanaq deyildi, üzr istəyirəm alayı bir şey idi. Təxminən Əhmədli camaatı da onun səsini eşitdi…

Üzr istəyirəm, ədəbi tənqidçilərdən uşaq vaxtlarımdan xoşum gəlmir, bir təhər olurlar e. Bayaq saytların biri yaxşı tanımadığım gənc tənqidçinin yazısını yayıb. Həmin gənc qələmini itiləyib düşüb Xalq yazıçısı Anarın üzr istəyirəm, üstünə. Deyir yazıçı niyə Təhminəni belə göstərir, niyə Təhminə Zauru üzr istəyirəm, belə edir, Spartak niyə üzr istəyirəm, Təhminəni filan şey edir? Məqalənin sonunda da hökm verir ki, bu səbəblərdən Anar yenidən Yazıçılar Birliyinin sədri seçilə bilməz. Heç dəxli var? Anar nə etməli idi, üzr istəyirəm, əsərinin qəhrəmanı Təhminəni ayağına bağlayıb gəzməli idi? Təhminə işdən sonra Zauru evinə çağırıbsa, bunda Anarın nə günahı var?

Bu köşəni yaza-yaza bizim telekanallara göz atıram, çörəkçi-sosioloqlar, şərabçı-politoloqlar üzr istəyirəm, yenə sıraya düzülüblər. Bəlkə siz bilərsiniz, bunlar efirə çıxmazdan öncə, üzr istəyirəm, görən nə yeyirlər?

Bir yazıda nə çox sual verdim? Deyəsən, baş aparıram, elə bil yalvarıram ki, mənim də "Üzr istəyirəm” videomu yayın…

Nə qədər başım salamatdır yazıya nöqtə qoyum. Köşə yarımçıq təsiri bağışladısa, üzr istəyirəm!

Mənbə: bakivaxti.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az