20 Yanvar şəhidləri Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda anıldı

20 Yanvar şəhidləri Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda anıldı

Veteninfo.az xəbər verir ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. 

Konfransı giriş sözü ilə açan İnstitutun rektoru professor Asəf Zamanov 20 Yanvar şəhidlərinin və müstəqilliyimiz uğrunda canından keçmiş bütün şəhidlərmizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra bu faciə haqqında geniş məlumat verərək bildirdi ki, bu hadisə tariximizə faciə, qırğınlar formasında daxil olsa da, xalqımızın qəhramanlıq və azadlıq tarixində parlaq bir səhifə kimi yazıldı. Asəf Zamanov qeyd etdi ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mücadiləsinə qarşı yönəlsə də dünya ictimaiyyəti, hətta ölkə ictimaiyyəti belə bu faciədən tam xəbərsiz idilər. 20 Yanvar faciəsi haqqında dünya ictimaiyyətinə ilk və dəqiq məlumat o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev tərəfindən ötürüldü. Faciədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn, o zamankı SSRİ rəhbərliyini açıq şəkildə ittiham edən H.Əliyev, həyatını risqə gedərək bu qanlı hadisənin törədilməsində SSRİ-nin səlahiyyətli şəxslərinin günahkar olduğunu xarici KİV vasitələrinə söylədi. “Azərbaycanda baş qaldırmış milli azadlıq hərakatını qan içində boğaraq öz ömrünü uzatmaq istəyən SSRİ kimi nəhəng imperiya, bu qanlı hadisədən az sonra dağıldı”, – deyə A.Zamanov bildirdi. Rektor çıxışında onu da bildirdi ki, bəzən 20 Yanvar hadisəsi haqqında statistik məlumatlar verilərkən ciddi yanlışlıqlara yol verilir. Belə ki, ilk illər 20 Yanvar şəhidlərinin 137 nəfər olduğu bildirilsə də, müvafiq komissiyanın sonrakı illərdə apardığı araşdırmaları ilə daha 10 nəfərin də 20 Yanvar şəhidi olduğu dəqiqləşmiş və sonda 20 Yanvar şəhidlərinin sayı 147 nəfər müəyyənləşmişdir. A.Zamanov daha sonra bildirdi ki, 20 Yanvar hadisəsinə siyasi və hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişidən sonra verilmişdir.

Sonra İnstitutun Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, professor Aydın Paşayev 20 Yanvar faciəsinin canlı şahidi olaraq, konfrans iştirakçılarına hadisələrin dinamik gedişindən danışdı. Daha sonra kitabxananın müdiri Güladnə Mehdiyeva, Mülkü müdafiə və hərbi hazırlıq kafedrasının müdiri Nurəddin Hüseynov 20 Yanvar hadisəsi haqqında məruzələr etdilər.

Yusif Aliyev 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az