Araz Əlizadə: “Bəziləri düşünür ki, onlar Putin, Kreml tərəfindən İlham Əliyevə qarşı hazırlanmış plandır”
“Azərbaycanlı iş adamlarından ibarət Moskvada yaratdılan qurumla bağlı jurnalistlərimizin təqdimatını bəyənirəm, amma alternativliyi istisna edirəm”. Bunu AzNews.az-a ASDP sədri Araz Əlizadə “Milyarderlərin Moskva İttifaqı hakimiyyətə iddialı qüvvələrə alternativ ola bilərmi”-sualını cavablandırarkən deyib.
Moskva İttifaqında bir araya gələnlərin hamısını milyonçu saymayan A.Əlizadə qeyd edib ki, qurumda təmsil olanlardan cəmi iki nəfəri milyarderdir. Qalanları da kasıb deyil, amma milyonçulardır: “Azərbaycan mətbuatı onları əvvəlcə milyonçular kimi təqdim etdilər. Sonra isə nədənsə birdən-birə milyarderlər oldu. Sualınıza gəlincə, əvvəla Azərbaycan vətəndaşı olmayanlar Azərbaycanda siyasətlə məşgul ola bilməzlər. İkincisi, ora daxil olanlardan bir neçəsini şəxsən tanıyıram. Onların heç birinin siyasi ambissiyaları da yoxdur. Bəziləri düşünür ki, onlar Putin Kreml tərəfindən İlham Əliyevə qarşı hazırlanmış plandır. Bunu iddia edənlərin siyasi savadı çox aşağıdır”.
ASDP sədrinə görə, oğlu Milli Məclis üzvü olan Abbas Abbasov prezident İlham Əliyevin əleyhinə ola bilməz. Yaxud da dövlət başçısının qudası Araz Ağalaraovun prezidentə qarşı çıxması mümkün deyil: “Bu mənada həmin ittifaqda birləşənlərdən kiminsə İlham Əliyevin, yaxud da Azərbaycan iqtidarının düşməni olacağını, əleyhinə gedəcəyini düşünmürəm. Amma bir məsələ var ki, Azərbaycanın diaspor təşkilatının fəaliyyəti çox bərbaddır. Onlar bu addan istifadə edərək, öz ailələrinin biznesi ilə məşğuldurlar, azərbaycanlıların taleyi ilə heç maraqlanmırlar da. Belə olan halda deməli, kimsə azərbaycanlıların taleyi ilə məşğul olmalıdır. Artıq Rusiya cəmiyyətində böyük çəkiyə malik, maliyyə baxımından heç nədən asılı olmayan və söz sahibi olan insanlar belə bir cəmiyyət yaratmaqla azərbaycanlılara yardım etmək istəyirlər. İndi bunu kim necə adlandırır adlandırsın, mən bu ittifaqın fəaliyyətini vətənpərvər addım hesab edirəm”.
A.Əlizadənin fikrincə, bu qurumun siyasi ambissiyası da yoxdur: “Vahid Ələkbərovun pulu siyasi ambissiyası olan diğər Rusiya vətəndaşından heç də az deyil. Əgər onun siyasi, şəxsi ambissiyasi olsaydı, o da bir partiya yaradıb, siyasi mübarizə aparardı. Bu ittifaq isə nə Azərbaycan iqtidarının xahişi, nə də Rusiyanın xahişi ilə yaradılıb. Müstəqil insanlar bunu ona görə yaradıblar ki, həmyerlilərinin problemlərinin həllində yardımçı olsunlar. Son zamanlar Rusiyada nə qədər diaspor nümayəndələrinə, azərbaycanlılara qarşı zorakılıqlar oldu. Əlbəttə ki, azərbaycanlıların hüquqlarını müdafiə etmək, yardım etməyin özü də siyasətdir. Ancaq hakimiyyət uğrunda mübarizədə iştirakları qeyri-mümkündür”.