ABŞ-ın 45-ci prezidenti: Donald Tramp -Siyasi zəlzələ, yoxsa sensasiya
ABŞ isteblişmentinin, xüsusilə də demokratlar elitasının "iblisləşdirdiyi” Donald Tramp prezident seçkilərində qalib gəldi. Bu seçkilərdə özünü heç də yaxşı tərəfdən göstərməyən Amerika KİV-nin və bir çox Klintonsevər ekspertlərin proqnozları alt -üst oldu. Demokratlar Partiyasından ABŞ-ın vitse-prezidenti postuna namizəd olan Timoti Keyn Trampın bu qələbəsini özünəməxsus bir tərzdə açıqlayaraq yazır: "Onlar bizi öldürdülər, ancaq hələ qalib gəlməyiblər”.
ABŞ-ın siyasi elitası, hətta Donald Trampın üzvü olduğu Respublikaçılar Partiyasının da bir çox elitar nümayəndələri, hətta keçmiş prezident kiçik Corc Buş belə, əsl şok yaşadılar. Beləliklə, "sistemsiz siyasətçi” birmərtəbəli demokratiyaya qalib gəldi və Hillari Klintonun ABŞ-ın tarixində ilk qadın prezident olmaq arzusunu gözündə qoydu. Nəzərə alsaq ki, xanım Klintonun yaşı 70-i adlayıb, o zaman bu arzunun nə vaxtsa reallaşa biləcəyi haqqında düşünməyə belə dəyməz.
Demokratlar bu məğlubiyyətin şokundan ayılandan sonra yəqin ki, onların hesablamalarının və analizlərinin niyə boşa çıxdığının, Trampın nədən qələbə çalmasının səbəblərini çox ciddi araşdıracaqlar. Amma seçkilərin nəticələrinin bəlli olduğu elə ilk saatlardan bəzi analitiklər artıq buna aydınlıq gətirməyə başlamışlar.Çünki seçkilərin bu sonluğu həqiqətən çox az adamın gələ bildiyi bir sensasiyadır. Aparılan təhlillər, keçirilən rəy sorğuları hər şeyin, ilk növbədə isə Vaşinqtonun bürokratik elitasının respublikaçı namizədin əleyhinə olduğunu göstərirdi. Əvvəldə də qeyd etdiyim kimi, hətta, Trampın partiyadaşları onun qələbəsini belə istəmirdilər. Məsələn, Arkanzas ştatının eks-qubernatoru Mayk Hakabi qəzetlərin birinə müsahibəsində demişdi: "Respublikaçılar Trampın seçkiləri uduzmağından yox, udacağından ölümlərinə qədər qorxurlar”.
Amerika mətbuatının və bütövlükdə Qərb KİV-nin də Trampın əleyhinə "işlədiyi” bəlli idi. Aparılan təhlillərin birində göstərilirdi ki, ABŞ-ın gündəlik ciddi qəzetlərinin 185-dən yalnız beşi Trampı dəstəkləyirsə, həftəlik siyasi nəşrlərin heç biri onu müdafiə etmir. Bəs Tramp necə qələbə qazandı?
Siyasətçilərin bir çoxu yazır ki, son bir neçə onillər ərzində ilk dəfə olaraq amerikalılar seçkilərə gəlib "etiraz rejimində” səs verdilər. Yəni heç də hansısa namizədə yox, onun rəqibinin əleyhinə səs verdilər. Axı, şəxsi göstəricilərinə -yəni antipatiya reytinqinə görə də Tramp Klintondan geridə idi. Onu da nəzərə almaq lazımdır ki, Trampa səs verənlərin heç də hər biri seçki ərəfəsində bunu açıq etiraf etmir, rəsmi rəy sorğularında bildirmirdi. Digər tərəfdən, bir amili də nəzərə almaq lazımdır ki, seçicilər Klintonun özündə təcəssüm etdirdiyi bütün hər şeyin əleyhinə, mövcud sistemin əleyhinə səs veridilər. Hətta, Trampın da bu sistemin bir hissəsi olduğu belə nəzərə alındı. Ancaq Tramp başqa hissədir, son illərdə, hətta onilliklərdə sistemdə az təmsil olunan hissə.
Trampın qələbəsindən çox, demokratların məğlubiyyəti təsəvvürünü yaradan bu seçkiləri, Amerika demokratlarının son onilliklərdə həyata keçirdikləri siyasətə "kütlələrin üsyanı”, antielitar inqilab, "qırmızı boyunlardan” "ağ yaxalıqlılara” çağırış kimi də qiymətləndirmək olar. Tramp bütün bu təbəqələri sanki yuxudan oyatdı və onlara demokratik dəyərlərin, insan azadlıqlarının qorunduğu, seçmək hüququnun tanındığı ölkədə yaşadıqlarını xatırlatdı. Hətta buna görə Trampı populizmdə günahlandıranlar belə az olmadı. Lakin məşhur amerikalı politoloq belə yerdə haqlı olaraq yazırdı: "Populizm sadə vətəndaşları dəstəkləyən, ancaq isteblişmentin xoşuna gəlməyən siyasətçiyə asılan yarlıqdır”. Bir sözlə, Trampın qələbəsi ilə Klinton və Buşların simasında ənənəvi klanları təcəssüm etdirən sistemə ciddi zərbə vuruldu. Seçim də məhz onların arasında gedirdi.
BBC-də çalışan və seçki təbliğat kampaniyası zamanı bir neçə ştatda olan jurnalistlərdən biri səfər qeydlərində Trampın qələbəsinin sanki izahını verərək yazır: "Amerika peyzajları sadəcə gözəl olaraq qalmır, həm də keçirilən seçkilərin mahiyyətini anlamağa kömək edir... Postindustrial peyzajlar -Pensilvaniya və Ohayo ştatlarında paslı dəmir konstruksiyaları ağzı günə qalmış zavodlar, - artıq neçə illərdir ki, Amerika topoqrafiyasının daimi elementinə çevrilib. Və onlara yenidən nəzər salıb dərk etməyə başlayırsan ki, "trampizm”in mənbəyini burada axtarmaq lazımdır və ağ fəhlə sinfi arasında Trampa dəstək məhz burada meydana çıxmışdır.
...Şəhərə girişdə sizi bu yaşayış məntəqəsinin adı ilə tam ziddiyyət təşkil edən Trampın və Pensin nəhəng plakatları qarşılayır ki, bu da əyani şəkildə göstərir ki, Klintonun şəhəri Trampın tərəfindədir”.
Trampın ABŞ-ın xarici siyasəti ilə bağlı verdiyi bəyanatlardan və elan etdiyi proqramlardan çıxış etsək, onda demək olar ki, burada da o, əsl inqilab etməyi planlaşdırır. Amerika politoloqu, Milli Maraqlar Mərkəzinin prezidenti Dmitri Sayms Tarmpın qələbəsini bu istiqamətdən şərh edərək deyir: "Tramp Rusiyaya Hillari Klintondan daha pozitiv yanaşır. Onun beynəlxalq münasibətlər fəlsəfəsi tamam başqadır. O istəmir ki, ABŞ hamıya necə yaşamağı öyrətsin və dünyanın qayda-qanunlarına nəzarət etsin. Tramp istəyir ki, Amerikanın milli maraqlarını sərt şəkildə müdafiə etsin. Əslində o, bu milli maraqları Hillari Klintondan daha yaxşı interpretasiya edir”.
"Donald Tramp Prezidentdir. On milyonlarla amerikalının və bütün dünyanın əksər hissəsinin ağıllarına belə gətirə bilmədikləri bu üç söz indi ABŞ üçün gələcəyə çevrilib”. Məqaləyə bu sözlərlə başlayan "The New York Times” qəzeti daha sonra yazır ki, Donald Trampın qələbəsi bir neçə onilliklər dünyada hakim olan qayda-qanunu tərsinə çevirəcək. "İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq amerikalılar hər iki partiyadan olan Trampın xələflərinin müdafiə etdikləri beynəlmiləlçiliyi ləğv etməyi, təkcə fiziki cəhətdən deyil, metaforik cəhətdən də divarların tikiləcəyini vəd edən insanı prezident seçiblər”.
Müəlliflərin fikrinə görə, Trampın seçkilərdə qələbəsi nümayiş etdirdi ki, Amerika indi daha çox özünün problemlərinə diqqət yetirməyə başlayıb və dünyanın qalan hissəsini "öz ixtiyarına” buraxır.
Əlbəttə, belə proqnozlar və şərhlər son dərəcə bədbin görünsə də, bir gerçəyi etiraf etmək lazımdır ki, siyasətçi kimi Donald Tramp haqqında danışmağa elə də çox arqument yoxdur. Amma "The New York Times”ın yazdığı kimi, "tam dəqiqliyi ilə bir faktı təsdiq etmək olar: "Cənab Tramp müasir tarixdə seçilən ən hazırlıqsız prezidentdir”. Nəşrin yazdığına görə, onun xarakteri əhalisi 320 milyon olan çoxmillətli ölkəni araxasınca aparmağa uyğun gəlmir.
Analitiklər belə bir ehtimalı da nəzərdən qaçırmırlar ki, Donald Trampın qələbəsi Avropanı bürüyən populist və millətçilik əhval-ruhiyyəsini dünyanın başqa yerlərinə də yaya bilər. Avropa və Asiyada qüvvələr nisbəti, alyanslar, maliyyə yardımı almaq tamam dəyişə bilər. Yaxın Şərqdə isə bu qələbə Rusiya ilə fəaliyyətləri razılaşdırmağa, həmçinin İranla yeni münaqişə yaratmağa yol aça bilər. Meksika üçünsə Trampın seçilməsi, çox yəqin, bu şimal qonşusu ilə yeni konfrantasiya əsrinin başlaması gətirib çıxaracaq.
Analitiklərin əsl inqilab adlandırdıqları bu Prezident seçkilərinin ABŞ-da keçirilməsinə və "inqilabın” Amerikada "baş verməsinə” baxmayaraq, Avropanın bir çox ölkələrinin isteblişmenti də nokautdadır. Dünənə qədər Trampı ağ yuyub qara sərən, sosial şəbəkələrdə "özündən müştəbeh olan” bu respublikaçı milyarderə prezident postu etibar etməyin "faciə olacağını” yazanlar, bu gerçəyi biləndə, sözün əsl mənasında nokauta düşüblər. Çünki onların bir çoxu Trampın qələbəsini hətta Avro-Atlantika alyansı üçün "brekzit”dən daha təhlükəli-"amerikzit” hesab edirlər. Əlbəttə, bu fikirdə olan təkcə liberal elitanın hakimiyyətdə olan nümayəndələridir, yeniləşmənin tərəfdarları olan sağçı avrotrendlərin nümayəndələri isə Trampın qələbəsindən son dərəcə məmnundurlar.
Hətta dünənə qədər Avropada bir çox siyasətçilər belə düşünürdülər ki, Trampın hakimiyyətə gəlməsi dünya müharibəsini belə qaçılmaz edəcək. Trampa qarşı müharibə elan edən media nümayəndələri bir qədər də irəli gedərək, məşhur İsveç siyasətçisi Karl Bildin bir il bundan əvvəl öz "Twitter” səhifəsində yazdığı belə bir fikri də tez-tez gündəmə gətirirdilər: "Əgər Tramp prezident olsa, bizim hamımız xilas olmaq üçün bunkerdə gizlənməliyik”.
Avstriyanın "Der Standard” qəzeti isə seçkilərin nəticələrinin elan edildiyi günün səhərini "qarabasmalardan sonra oyanış”la müqayisə edir. "Bizim buna hələ alışmağımız lazım gələcək. Biz hələ yaxın aylarda nələrin baş verdiyinə heyrət edəcəyik. Əgər Tramp heç olmasa vədlərinin bir hissəsini yerinə yetirmiş olsa, o zaman dünya siyasətinin daşı-daş üstündə qalmayacaq”.
"The Guardian” isə hesab edir ki, Donald Tramp öz qələbəsi ilə "bütün dünyanı naməlum siyasət dünyasına səyahətə yola saldı”. Bununla belə respublikaçı milyarderin bu qələbəsi "Amerika seçiciləri arasında mövcud hakimiyyət elitasından dərin narazılığa işıq saldı”.
Fransa hökuməti isə Donald Trampın demokrat Hillari Klinton üzərində qələbəsinə ümumiyyətlə, hazır deyildi və ona görə də respublikaçı namizəd üçün təbrik belə hazırlamağı lazım bilməmişdi. Belə bir "seyt-not” vəziyyətə düşən Fransa lideri Fransua Ollandın komandası bəyan edib ki, onlar yeni administrasiyada kimə müraciət edəcəklərini belə bilmirlər: "Biz müsahiblərimizdən heç kimi tanımırıq”.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer də Trampın qələbəsini birmənalı qarşılamayaraq bəyan etmişdir ki, seçkilərin nəticələri Almaniyada əksəriyyətin arzuladığından fərqlidir və yeni prezidentlə "heç də hər şey asan olmayacaq- çoxlu çətinliklər olacaq”. Alman nəşri "Weser Kurier”in rəyinə görə, "dörd ildən sonra balans yekunlaşdırılanda, Avropa Trampa Klintondan daha artıq qiymət ödəməli olacaq”. "Das Erste” nəşri isə Trampın NATO –ya üzvlük üçün daha yüksək pul ödəməyin lazım gəldiyi tələbindən narahat oluğunu bildirərək yazır: "Almaniya və Avropa üçün çətin vaxtlar başlayır”.
Kuluarlarda, sosial şəbəkələrdə və mediada Trampın qələbəsinin daha çox müzakirə olunan tərəflərindən biri də onun Rusiya Federasiyası ilə gələcəkdə hansı münasibətlər quracağı və bunun dünya siyasətinə hansı yeniliklər gətirəcəyidir.
Donald Trampın seçkilərdə qələbəsinin Rusiyaya fayda verəcəyi yəqindir və ilk növbədə, bu Qərbin Rusiya Federasiyasına sanksiyalarını zəiflədəcək. Bu rəylə "Renessans Kapital” və "Ekstrat”ın analitikləri çıxış ediblər. "Rusiya Donald Trampın ABŞ prezidenti seçilməsinin ən mötəbər benefisiarlarındandır. "Renessans Kapital”ın qeydlərində belə deyilir. "Ekstrat” analitikləri də bu arqumentlə razıdırlar: "Trampın qələbəsinin qlobal nəticəsi Rusiyaya faydalıdır, çünki Trampın gələcək administrasiyası "iki ölkə arasında səmimiyyət yaratmaq jesti kimi sanksiyaları ləğv edə bilər”.
Əvvəldə də qeyd etdiyimiz kimi, Trampın prezidentliyi geopolitik kontekstdə Amerikanın böyük təcridolunması və xarici ölkələrin işlərinə daha az qarışması ilə nəticələnəcəksə, bu NATO-nu zəiflədəcək və Rusiyanın Avropada mövqeyini nisbətən gücləndirəcək. Analitiklər hesab edirlər ki, belə olan halda, bu, Avrozonanın Rusiya Federasiyası ilə münasibətlərindəki gərginliyi aradan qaldıracaq və yəqin ki, Avropanın sanksiyalarını ləğv edəcək. Çünki bundan sonra ABŞ-ın Avropaya dəstəyinə daha təminat yoxdur. Hə onu demirik ki, seçki öncəsi Tramp özü də bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə Krımın Rusiyanın tərkibində olmasını tanımaq imkanlarına, Rusiya şirkətlərinin və müəssisələrinin üzərindən iqtisadi sanksiyaları götürmək məsələsinə baxacaq.
Analitiklər bu seçkilərdə bir gerçəyin də üzə çıxdığını açıqlayaraq deyirlər ki, amerikalılar lider millət olmaqdan yorulublar və dünyadakı təhlükələrlə mübarizə aparmaq əvəzinə, daxili problemlərə diqqət yetirməyi tələb edirlər. Bu əhvali-ruhiyyə isə təkcə ABŞ-da deyil. İndi milli eqoizm siyasəti bütün dünyanı bürüyüb və bu bizim həyatın yeni reallıqlarındandır.
Bütün bunlarla bərabər, dünyanın marağında olduğu bir məsələ də demokrat namizəd Hillari Klintonun taleyidir. Axı Tramp seçkiöncəsi vəd etmişdi ki, prezident seçiləcəyi təqdirdə xanım Klintonu ədalət məhkəməsinin ixtiyarına verəcək. Ağ evin rəsmi nümayəndəsi Trampın qələbəsindən sonra məhz bunu nəzərə alaraq bildirib ki, Trampın prezidentliyi zamanı ölkənin məhkəmə sistemindən məğlub olan Hillari Klintona qarşı siyasi məqsədlər üçün istifadə olunmayacağına böyük ümid bəsləyir.
Əlbəttə, bütün bunlar ABŞ-ın yeni seçilmiş, amma hələ 2017-ci ilin yanvar ayında fəaliyyətə başlayacaq 45-ci prezidenti Donald Trampın həyata keçirəcəyi siyasət haqqında proqnozlardır. Dünyada isə proqnozların alt-üst olduğu o qədər nümunələr var ki. Məgər elə prezident seçkilərində qalib gələn Donald Trampın seçicilər tərəfindən dəstəklənməsi bütün gözləntiləri və proqnozları alt-üst edib, dünyanı şoka salmadımı? Proqnozlar isə, necə deyərlər, avtoritar ölkələrdə düz çıxır. Demokratik ölkələrdə son nəticədə hər şey seçicilərdən asılı olur. Donald Trampın ABŞ prezidenti seçilməsi bunu bir daha təsdiq etdi.
İLQAR