Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı

Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı


İndi tanıdınmı Dadaloğlunu...
                      (A.Təhləliyə)

...bir yarpaq şerini oxudum, ustad!
Belə görməmişdim ox udan səni...
...dost sözün dostluğu deyilsə, onda
nədi yastı-yastı oxudan səni?

Belə yaslı-yaslı oxudan nədi...
Yoxsa ki, qoynundan yar atıb səni?
Qor kimi yaradıb o xudan səni,
kül altda qor kimi yaradıb səni!..

Borcundan çıxdığın Məhdimqulusan,
Çıldırlı Şenliksən...goru şen olsun!
Zər kimi düşürsən zərgər əlindən...
Kim səni tutmadı göreşən olsun!

Çinləyib yığmısan çinədanına
yarı qara sazdan, yarı aşıqdan.
...Tufarqan Abbasdan söz oynatmağı,
bayatı çəkməyi Sarı Aşıqdan!

İndi tanıdınmı Dadaloğlunu,
indi tanıdınmı Xəstə Qasımı?..
Bir yarpaq şerini oxudum, ustad!
Elə bil oxudum alın yazımı...


Güllü köynək...

...xatası dəymişdi mənə bir gülün,
könül göynəyimdə qaraca güldü.
Qadası qalacaq mən ölənəcən,
xatası qalacaq...haracan qaldı!

...nağıl söyləmirəm – nağılın olsun!
Odu doğrayırdım, külü kəsirdim...
Xatası dəymişdi mənə bir gülün,
handa o xatalı gülü gəzirdim.

Güllü köynəyimlə gül dərdiyimdən
güllü köynəyimə gül təndi, baskak!
Mənə gələn xata haqdan deyildi,
mənə gələn xata güldəndi, baskak!

Elə bil xam idi, ya xam kimiydi...
Odla oynayırdı küllü göynəyim.
Mənə gələn xata güldəndi, baskak,
xatalı güldəndi güllü köynəyim!


Dünya ruhun edamıdı...

Gözüm, dünya gözəldimi?
Dünyadan ağlın nə kəsir?
...quşlar açıq göy üzündə!
Gözləri bağlı nə gəzir?

O kimdi –heyi yeyilib,
qucaqlasın...dizi yoxdu!
Göz yaşı yuyub aparıb,
yarıyacan üzü yoxdu...

...hansı ruhun edamıdı,
dara çəkən yüz əldimi?
Yüz əldimi dara çəkən...
Dünya yəni düzəldimi?

Başa gələni görürsən?
Dərdin başına gəlirmi?
Gözüm, dünya gözəldimi,
dünya xoşuna gəlirmi?

Gözüm, yaxşı görürsənmi?
Çox qəmə binəsən, gözüm!
Sən axı, görmək üçünsən,
alnımda bə nəsən, gözüm?


Nə vaxtdı bir gözəl şer yazmıram...

...hardadı, hardadı gözəlim şer?
Nə vaxtdı bir gözəl şer yazmıram...
...sərv boylu, ay üzlü, ya mavi gözlü
nə vaxtdı bir gözəl şer yazmıram.

...bağlayıb qapını, çəkib cəftəni
ilhamsız qalmışam bütün həftəni.
Ağzıörtülüdü şer dəftərim,
nə vaxtdı bir gözəl şer yazmıram.

...sözümmü qurtarıb, şəhdi-balımı,
üzümü görünmür, xətti-xalımı?
Paşam der, gəl gör də bu " xoş halımı";
nə vaxtdı bir gözəl şer yazmıram.

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az