"Şerimin damı yox, dam örtüyu yox..."- Paşa Talıblı



Üst-üstə yığın dağları...

...ölkəsiz uzaq dağları,
kölgəsiz yaxın dağları
yetər yan-yana durduğu,
üst-üstə yığın dağları.

Bir mixi yazısı kimi
ya bir qeyb arzusu kimi
ya da ən azı su kimi
oxunsun, oxunsun dağlar.

...dumanları sıx-sıx- qalın,
gün ki görmür köksü yalın.
...rüzgarlardan alın, alın,
üst-üstə yığın dağları.

...üstünə mamır yeriyər
çox qanı qara haqların.
..."Ol!" əmrinə and verirəm,
üst-üstə yığın dağları.


Tutaq ki, nar ağacıyam...

...hücrədə bir hal uyğusu,
canı dimdikləyən kəfkir.
Tutaq ki nar ağacıyam...
Bundan sənə nə, ey fəqir?

Tutaq ki nar ağacıyam...
Ömürlər beləmi baqi?
Hansı budağım sərxoşdu,
bundan sənə nə, ey saqi?

...qanın sonuncu damlası,
sonuncu damladakı qan.
Tutaq ki nar ağacıyam...
Onda nədir məndəki can?

Can, ey can, sənə aşiqəm!..
...huy desən, huyun acıyam.
...bundan sənə nə, ey qafil?
Tutaq ki nar ağacıyam!..


Şerin gölünə daş atmazlar...

Şerimin damı yox, dam örtüyu yox...
Yayın qızmarında bişən damçıdı.
Qalıb ürəyimi deşən söz, eynən
damın örtüyünü deşən damcıdı...

...yəhər də bir cürə dam örtüyüdü!
Kəhər də ondadı yəhər kimdəsə...
...tikanlı olsa da dam tikən olsun-
qırçıdı, damçıdı ya hər kimdisə!

Mən azdan addadım çox tərəflərə...
...yazı da addamaq dedim: gör olar?
Şerimin damı yox, dam örtüyü yox...
Yazdım!..dama-dama, dedim, göl olar.

Paşa Talıblı









İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az