Generalın göz yaşlarında bir Vətən vardı…
Bəzən bir görüntü uzun-uzadı danışılan sözlərdən daha çox şey deyir. Bir neçə saniyəlik kadr illərin yaddaşını oyadır, insanın içində çoxdan susmuş bir duyğunu yenidən danışdırır.
27 Sentyabr – Anım Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kənan Seyidovun şəhid anasının qarşısında göz yaşlarına hakim ola bilmədiyi həmin görüntüyə baxanda məndə də belə bir hiss yarandı. General kövrəlmişdi, ürəkdən ağlayırdı… Özünü saxlamağa çalışırdı. Amma bəzi duyğular var ki, qarşısında heç bir rütbə, heç bir iradə dayana bilmir. Göz yaşları səssiz-səssiz süzülməyə başlayır.
Həmin an mənə elə gəldi ki, generalın çiyinlərindəki paqonlar da susub, illərin hərbi xidmətinin sərtliyi də bir anlıq geri çəkilib. Qarşıda artıq bir general yox idi, bir Vətən oğlu dayanmışdı.
Kənan Seyidovu Ağstafada yerləşən N saylı kəşfiyyat taborunda xidmət illərimdən tanıyıram. Onu həmin vaxt tutduğu qərargah rəisi vəzifəsi ilə deyil, əsgərə xoş və tələbkar münasibəti ilə yadda saxlamışam: əsgərin qayğısını öz qayğısı bilən, təlim meydanında kənardan müşahidə etməklə kifayətlənməyən, hazırlıq prosesinə özü birbaşa rəhbərlik edən zabit kimi…
Onun rəhbərliyi ilə gerçəkləşən təlimləri izləyəndə aydın olurdu ki, komandir təkcə nizamnamənin tələb etdiyi bir prosesi yerinə yetirmir, belə təlimlərin sabah döyüş meydanında bir insanın, bir xalqın taleyinə təsir edə biləcəyi məsuliyyəti ilə yaşayır. Ona görə onun tələbkarlığı başadüşülən idi. Kənan Seyidov əsgər və zabitin hazırlığına həssaslıqla yanaşırdı. Həmin illərdə müşahidə etdiyim o komandir xarakteri sonralar Vətən müharibəsinin ağır sınaqlarında daha aydın görünəcəkdi…
2020-ci il sentyabrın 27-də Azərbaycan tarixinin ən ağır və ən şərəfli səhifələrindən biri yazılmağa başladı. Bəli, 44 gün davam edən Vətən müharibəsi dövlət iradəsinin, xalq həmrəyliyinin, əsgər və zabit fədakarlığının bir nöqtədə birləşdiyi böyük tarixi sınaq idi.
Bu mübarizənin başında Ali Baş Komandan, Prezident İlham Əliyev dayanırdı. Müharibənin bütün gedişi boyunca göstərilən siyasi qətiyyət, hərbi-strateji iradə, beynəlxalq müstəvidə Azərbaycanın haqqının müdafiəsi və qarşıya qoyulan məqsədə sona qədər bağlılıq Vətən müharibəsinin Zəfərlə başa çatmasında mühüm rol oynadı.
Amma tarix kitablarında bir neçə cümlə ilə ifadə olunan o böyük Zəfərin arxasında təlimlərdə tər tökən, səngərdə yaşayan qeyrətli oğullarımızın uzun və ağır hekayəsi vardı. Kənan Seyidov da həmin müharibədən keçdi. O, Vətən müharibəsinin iştirakçısı oldu, döyüşlərin ağırlığını yaşadı, Vətən müharibəsinin qəhrəmanlarından biri kimi tariximizin həmin böyük səhifəsində öz izini qoydu.
Ona görə bu gün onun şəhid anasının qarşısında kövrəlməsini sadəcə bir duyğu anı kimi qəbul edə bilmirəm.
Çünki mən onun göz yaşlarında yalnız qarşısındakı şəhidin anasını görmədim.
Mən orada bütün şəhidlərimizi gördüm.
Həmin an Kənan Seyidov ürəyində Azərbaycanın bütün şəhidlərinin xatirəsini daşıyırdı.
Elə bil illərdir içində saxladığı nə varsa, həmin qucaqlaşmanın içində bir anda üzə çıxmışdı.
Döyüş meydanlarının ağır xatirələri…
Silahdaşlarının simaları…
Əsgər səsləri…
Müharibənin sərt günləri…
Və geri qayıtmayanlar…
Mənə elə gəldi ki, o, yalnız qarşısındakı şəhid üçün yox, bütün şəhidlərimizin əvəzində kövrəlirdi.
Hər birinin yarımçıq qalan ömrünə görə.
Hər bir ananın ömürlük daşıdığı həsrətə görə.
Hər bir uşağın atasız böyüyən taleyinə görə.
Hər bir ailənin evində heç vaxt dolmayacaq boşluğa görə.
Sanki o göz yaşlarında bütöv bir müharibənin səssiz ağrısı toplanmışdı.
Komandir üçün əsgər heç vaxt sadəcə tabelikdə olan hərbçi olmur. Döyüş başlayanda onun həyatı sənin məsuliyyətinə çevrilir. Onun taleyi sənin taleyinə toxunur. Birlikdə keçilən yol isə illər sonra belə yaddaşdan silinmir.
Ona görə həmin görüntüdə mən yalnız ağlayan bir general görmədim.
Azərbaycanın bütün şəhidlərinin əvəzində bir general ağlayırdı.
Bu kövrəklik, məncə, gücün ən insani tərəfi idi.
Hərbi xidmət insana bir az da sərt olmağı öyrədir. Komandir qərar verməlidir. Əmr verməlidir. Tərəddüd etməməlidir. Əsgərinə güvən verməlidir. Bəzən öz içində qopan fırtınanı belə üzə çıxarmamalıdır.
Amma görünür, əsl komandir şəhid anasının qarşısında özündən gizlənə bilmir. O an yalnız ürək danışır. Generalın göz yaşlarında mən onun ürəyinin səsini eşitdim.
Bir şəhid anasının qarşısında kövrələn generalın göz yaşları mənə bir həqiqəti xatırlatdı: müharibə bitir, amma onun insanın içində qoyduğu iz bitmir.
Silahlar susur.
Səngərlər səssizləşir.
Döyüş meydanları tarixə çevrilir.
Amma şəhidlərin adı yaddaşdan silinmir.
27 Sentyabrın mənası da məhz buradadır.
Bu gün biz təkcə müharibənin başladığı günü xatırlamırıq, həm də Zəfərin dövlətçiliyimiz tarixində hansı qiymət qazandığını düşünürük. Bəli, bu gün Qarabağda dalğalanan bayrağımıza baxanda qürur duyuruq. Şuşaya, Xankəndiyə ayaq basanda fəxr edirik. 44 günlük savaşın nəticəsini düşünəndə Azərbaycan Ordusunun gücü ilə qürurlanırıq. Amma bütün bunların arxasında bir həqiqət dayanır: o torpaqlara gedən yol şəhidlərimizin qanından keçib.
Ona görə qələbəni yaşatmaq həm də Zəfərin qiymətini unutmamaqdır.
Şəhidin adını yadda saxlamaqdır.
Şəhid anasının, balasının əlindən tutmaqdır.
Onların ağrısını illərin o tayında qoymamaqdır.
Və ən başlıcası, bizə əmanət edilən Vətəni onların adına layiq qorumaqdır.
Kənan Seyidovun həmin görüntüsü də mənim üçün məhz belə bir yaddaş oldu.
Bir generalın göz yaşları…
Bir şəhid anasının ağrı-acısına, kədərinə sığınan o anlarda…
Və o göz yaşlarında Vətən üçün can verənlərin müqəddəs xatirəsi…
Bəzi hissləri sözə çevirmək mümkün deyil. Bəzən insan yalnız baxır və anlayır. O görüntüdə də danışmağa ehtiyac yox idi.
Çünki bir şəhid anasının yanında kövrələn generalın göz yaşları hər şeyi deyirdi.
Bəlkə də o göz yaşları şəhidlərimizə ünvanlanan səssiz bir and idi: adınız da, əmanətiniz də unudulmayıb.
Məncə, 27 Sentyabrın ən böyük mənası da elə budur: illər keçsə də, yeni nəsillər həmin günləri yalnız kitablardan oxusa da, şəhidlərimizin xatirəsi bizim içimizdə canlı qalmalıdır.
Çünki torpaqlar azad ediləndə bir tarix yazıldı. Əlbəttə, şəhidlərimizin xatirəsini yaşatdıqca tariximiz mənəvi bir əmanətə çevrilir.
Generalın göz yaşları isə həmin əmanətin qarşısında susan, amma çox şey deyən bir an idi.
Bir general ağlayırdı…
Əslində isə həmin an bir xalqın yaddaşı kövrəlmişdi.
O göz yaşlarında bir ordunun keçdiyi yol, bir xalqın çəkdiyi ağrı və bir Vətənin Zəfərlə yazdığı tarix vardı. Sonda isə xalqın qazandığı Zəfər yaşayırdı…
Ceyhun ALIŞLI