“ADY rəhbəri cəmiyyətə iqtisadi sanksiya tətbiq edib" - ŞOK AÇIQLAMA
Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə açıqlanan qiymətlər cəmiyyətdə ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə, ictimai müzakirələrdə və ekspert rəylərində əsas tənqid hədəfi isə Azərbaycan Dəmir Yolları olub. Vətəndaşlar hesab edir ki, ölkədə minimum əməkhaqqının və orta aylıq gəlirlərin aşağı olduğu bir vaxtda qonşu dövlətə qatar səfərinin bu qədər baha olması insanların sosial vəziyyəti ilə uyğun gəlmir. Xüsusilə ailəvi səfərlər üçün tələb olunan məbləğin yüzlərlə manata çatması narazılığı daha da artırır.
Tənqidlər yalnız qiymətlərlə məhdudlaşmır. İctimai rəydə belə bir fikir formalaşıb ki, son illər nəqliyyat sektorunda həyata keçirilən tarif siyasəti vətəndaşın maraqlarından çox gəlir əldə etməyə hesablanıb. İnsanlar bildirirlər ki, qatar nəqliyyatı dünyada əsasən əlçatan və büdcəyə uyğun alternativ sayıldığı halda, Azərbaycanda əksinə, artıq lüks xidmət səviyyəsinə yaxın qiymətlərlə təqdim olunur. Bu isə xüsusilə Gürcüstana daha münasib alış-veriş, istirahət və turizm məqsədilə səfər edən vətəndaşların imkanlarını məhdudlaşdırır.
Bakı–Tbilisi marşrutu üzrə müəyyən edilən qiymətlər bəzi hallarda aviabiletlərlə müqayisə olunur və bu da əlavə suallar yaradır. İnsanlar soruşurlar ki, daha uzun məsafələrə başqa ölkələrdə qatar biletləri daha ucuz olduğu halda, niyə Azərbaycanda nisbətən qısa hərəkət üzrə bu qədər yüksək tarif tətbiq edilir?
Mövzu ətrafında yaranan narazılıq fonunda əsas müzakirə predmeti budur: Azərbaycan Dəmir Yolları vətəndaş üçün əlçatan nəqliyyat xidməti təqdim edir, yoxsa qatar səfərləri də artıq adi insanların büdcəsinə uyğun olmayan xidmətə çevrilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda illərdir tətbiq edilən qiymət siyasəti vətəndaşların sosial vəziyyətini ağırlaşdırıb və dövlətə bağlı publik qurumlar faktiki olaraq nəzarətsiz fəaliyyət göstərirlər.
"Azərbaycanda uzun illərdir qiymət siyasəti xalqı istismar vəziyyətinə salıb. Publik hüquqi şəxslər istədikləri qiymətləri tətbiq edirlər. AYNA kimi qurumlarda yüksək maaşlar, çoxsaylı müşavir postları var. Milyardlarla vəsait toplanır, amma bunun xalqa faydası görünmür”.
Sərdar Cəlaloğlu bildirib ki, Bakı–Tbilisi istiqamətində müəyyən edilən qiymətlər iqtisadi baxımdan vətəndaşların ölkədən çıxış imkanlarını məhdudlaşdırmağa hesablanıb:
"Bu qiymətlər faktiki olaraq iqtisadi sanksiyadır. İnsanlar Gürcüstana gedərək daha münasib qiymətlərlə alış-veriş edir, ailəsinin bəzi ehtiyaclarını qarşılayır, istirahət imkanından yararlanırlar. İndi isə elə qiymətlər qoyublar ki, insanlar ya səfərdən imtina etsin, ya da böyük xərc çəksin.
Bu cür qiymətlər dünyanın heç bir yerində yoxdur. Məqsəd insanların səfər imkanlarını məhdudlaşdırmaqdır. Gedən sərnişinlər də ciddi maliyyə yükü ilə üzləşirlər”.
O, ölkədə sosial bərabərsizliyin dərinləşdiyini də vurğulayıb:
"Azərbaycanda çox az sayda insan böyük sərvət toplayıb, əhalinin əksəriyyəti isə ağır sosial vəziyyətdə yaşayır. Xalqın passivliyindən istifadə edən bəzi məmurlar bu siyasəti davam etdirirlər. Bu isə təhlükəli tendensiyadır”.
Sərdar Cəlaloğlu hesab edir ki, qiymət artımlarına görə məsuliyyət daşıyan qurumlara nəzarət mexanizmləri gücləndirilməli, publik hüquqi şəxslərin fəaliyyəti yenidən nəzərdən keçirilməlidir.