Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."

Cavid Fərzəli:
Doğma bir günün üzün unudarsan,
heç vaxt getməyən bir gələnin yoxdursa,
heç kimi gözləmirsən.
...qapın, pəncərən yol gözləyir
daş ürəkli buludlarda
göy üzüylə dəniz arasında.
 
Dualar əlini üstündən çəkərsə,
arxasınca getmədiyin yollar ata qarğışından ölər... 
Ürəyini bir qəbirin ayağında             basdırarsan,
daha bir kibrit çöpünə gücün qalmaz...

Kaş ki, üstünü qış alan birində         
hamı eyni üşüyərdi, eyni yanardı...

Qoy, çovğunlar bilməsin
xoşbəxtlik ağ gününə qar olmaqdır,
sevda gülləsindən ayrı düşməkdir.

...Heyif bilməmişəm 
xoşbəxtliyi gözünü çıxarırmış  
başını küçələrin sinəsinə qoyan     yağışların, 
əllərini közə basan  ağacların. 

Eh dostum, 
ertələmək olmur sevdiklərinin gecəsini.
Hər saatın başı əqrəblər təki təklənibdi sevgilər,
hər sabaha üz qoyubdu ayrılıqlar...

Cavid Fərzəli


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az