Qurtuluşdan Zəfərə uzanan şərəfli yol

Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbi idi. Həmin dövrdə Azərbaycan xalqı müharibə şəraitində yaşayırdı. Düşmənlə mübarizə aparmalı olduğumuz bir vaxtda insanlar bir-birinin üzərinə gedir, bir-birinə qəsd edirdilər. Ölkədə siyasi qarşıdurma hökm sürürdü. Əvvəlki təkpartiyalı sistemdən qoparaq yaranan yeni siyasi təşkilatlar isə xalqın inam və ümidlərini doğrulda bilməmişdilər. Belə ağır bir tarixi şəraitdə xalqın ümidi Heydər Əliyevə yönəldi və Ulu öndər xalqın çağırışına cavab verdi. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz bu tarixi zərurətdən doğdu. Ümummilli lider Heydər Əliyev xalqın istəyini və ölkənin qarşısında dayanan ağır problemləri nəzərə alaraq siyasi məsuliyyəti üzərinə götürdü.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Cənubi Qafqazın ən böyük siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi. Bu partiya sonrakı illərdə xalqın inamını doğrultdu, dövlətçilik yolunda böyük siyasi qüvvəyə çevrildi. Tarixə Qurtuluş Partiyası kimi yazılan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında dayanan ən ağır problemlərin həllinə gedən yolun əsas siyasi qüvvələrindən biri oldu. Biz buna görə biz hər zaman Heydər Əliyevə borcluyuq. Çünki Azərbaycanı ağır siyasi böhrandan çıxaran, dövlətçiliyin əsaslarını möhkəmləndirən, xalqı sabitlik və inkişaf yoluna aparan böyük lider məhz Heydər Əliyev oldu.

Heydər Əliyevdən sonrakı dövrdə isə Prezident İlham Əliyev Azərbaycanın qarşısında yeni bir tarixi səhifə açdı. Onun rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrildi, 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Heydər Əliyevin vaxtilə söylədiyi "Mən ona özüm qədər inanıram” sözlərinin necə böyük uzaqgörənlik daşıdığını tarix özü sübut etdi.

Beləliklə, Yeni Azərbaycan Partiyasının Heydər Əliyevlə başlayan Qurtuluş yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər yoluna qədər gəlib çatdı. Bu yol bir siyasi partiyanın tarixindən daha böyükdür. Bu, Azərbaycan dövlətçiliyinin ağır sınaqlardan keçərək Qurtuluşa, Qurtuluşdan Zəfərə uzanan böyük tarixidir.

Tam ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkəmizdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi də bu böyük siyasi yolun yeni səhifəsi oldu. Bir vaxtlar Azərbaycanın ən ağır günlərində xalqın səsinə cavab olaraq yaradılan Yeni Azərbaycan Partiyası bu gün bütövləşmiş və qalib ölkənin siyasi həyatında öz yolunu davam etdirir. Qurultayda Prezident İlham Əliyevin çıxışı partiyanın keçdiyi tarixi yolun, qarşıda dayanan vəzifələrin və yeni dövrün reallıqlarının ifadəsi oldu. Bu gün VIII Qurultayın keçirildiyi tam bütövləşmiş ölkəmizə baxanda Yeni Azərbaycan Partiyasının keçdiyi yolun tarixi miqyası daha aydın görünür. Qurtuluşla başlayan yol Zəfərlə ucaldı. Bu yolun başlanğıcında Ulu öndər Heydər Əliyevin adı, Zəfər səhifəsində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan böyük tarix dayanır.

Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətçiliyinin müasir tarixindən ayrı düşünülə bilməz. Xalqın inamı ilə başlayan bu siyasi yol Heydər Əliyevin Qurtuluş xəttindən Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər salnaməsinə qədər uzanaraq bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkəmizin yeni tarixində öz layiqli yerini tutur. Bu tarix dövlətçilik ənənələrinin qorunması, ölkəmizin qüdrətinin artırılması və qarşıya qoyulan milli hədəflərin gerçəkləşməsi ilə yeni səhifələr qazanıb. Bu gün Yeni Azərbaycan Partiyasının siyasi yolu dövlətçilik tariximizin yeni çağında qarşıya qoyulan hədəflər və gələcəyə hesablanan strateji istiqamətlərlə davam edir./xalqqazeti.az/

Səxavəddin Sadıqov,  
ehtiyatda olan polkovnik







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az