"Azərbaycanda ailə və demoqrafik siyasət kompleks şəkildə qurulmalıdır" - Deputatdan ÇAĞIRIŞ
Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin isə 37,58 manatdan 100 manata çatdırılması nəzərdə tutulub. Bildiyimiz kimi, son 10 ildə uşaqların doğum sayında 70 min azalma var.
Bəs belə qərarlar uşaqların doğum sayını artırmağa kömək edə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Razi Nurullayev düşünür ki, yalnız bu qərarlarla doğum sayında ciddi artıma nail olmaq mümkün deyil:
"Əlbəttə, uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin artırılması və üç yaşınadək uşağa görə aylıq ödənişin müəyyən edilməsi müsbət addımdır. Bu, ailələrə müəyyən dəstək verir. Ancaq uşağın dünyaya gəlməsi ilə bağlı qərar təkcə birdəfəlik ödənişdən asılı deyil. Bu gün gənc ailələri düşündürən əsas məsələlər mənzil təminatı, iş yerləri, gəlirlərin sabitliyi, uşaq bağçalarının əlçatanlığı, təhsil və səhiyyə xərcləridir. Son on ildə doğum sayında müşahidə olunan ciddi azalma da göstərir ki, məsələ daha geniş yanaşma tələb edir. İnanıram ki, Azərbaycanda ailə və demoqrafik siyasət kompleks şəkildə qurulmalıdır. Gənc ailələrə uzunmüddətli sosial təminat, işləyən valideynlərə əlavə güzəştlər, uşaq bağçalarının genişləndirilməsi və çoxuşaqlı ailələrə xüsusi dəstək mexanizmləri gücləndirilməlidir. Əsas məqsəd ailələrdə daha çox uşaq sahibi olmaq üçün həm sosial, həm də iqtisadi inam yaratmaqdır".