“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu məşhur amerikalı jurnalist Taker Karlson deyib.
T.Karlson bildirib ki, Tramp bu qərarı İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi səbəbilə verə bilər.
"İsrail kəşfiyyatının məlumatına görə, İran Pikaks dağında uranın zənginləşdirilməsini bərpa edə bilər. Amerika arsenalındakı heç bir ənənəvi silah zənginləşdirmənin aparıldığı iddia edilən tunelləri məhv etmək üçün 300 fut möhkəm qraniti vurub keçə bilməz. Oranı məhv etmək üçün yeganə hərbi seçim nüvə zərbəsidir. Netanyahu buna çox çalışır. Bu barədə yekun qərar noyabrın 7-də verilə bilər. Lakin Trampın ətrafında Tehranla məsələnin diplomatik yolla həll edilməsini istəyənlər var.
Netanyahu küncə sıxışıb və çarəsiz vəziyyətdədir. Ötən həftəki seçki nəticələrindən sonra Tramp İsrail siyasətinə birbaşa müdaxilə etməsə və Netanyahuya Knessetdə 61 yer verən digər partiyalarla razılığa gəlməsə, o, hökumət qura bilməz. Əks halda, baş nazirlikdən uzaqlaşdırılması mümkündür. Buna görə Trampa yaxın qalmağa çalışır, hər gün ona zəng edir. İsrailin baş nazirinin bu müharibəyə ehtiyacı var”.
Jurnalistin sözlərinə görə, ABŞ Dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff də Netanyahu ilə eyni fikirdədirlər:
"Sentyabrın 27-də Netanyahu gizlicə Əbu-Dabiyə uçaraq BƏƏ-ni İrana son hücuma dəstək verməyə razı salmağa çalışdı. Lakin imtina cavabı alıb. 8 aylıq münaqişədən sonra Körfəz iqtisadiyyatı sarsılır. Qlobal enerji və gübrə bazarları da həmçinin. Bu vəziyyətdə qlobal böhran qaçılmazdır. Pikaks dağında baş verən yerüstü partlayışın fəsadları Fars körfəzini çirkləndirəcək və 100 milyon insanın su təchizatını çətinləşdirəcək.
ABŞ-dan başqa heç bir ölkə müharibədə nüvə silahından istifadə etməyib, amma bəziləri bunu etmək istəyir. ABŞ-ın İrana nüvə hücumu yeni bir presedent yaradacaq. Ruslar artıq ən azı iki başqa hökumətə bildiriblər ki, Amerikanın İrana nüvə hücumu onları Ukraynaya qarşı nüvə silahından istifadə etməyə vadar edəcək. Pakistan və Hindistan bir-birlərinə qarşı eyni şeyi etməyə meylli olacaqlar, Şimali Koreya isə Seula qarşı eyni şeyi edəcək. İlk nüvə hücumundan sonra Üçüncü Dünya müharibəsi qaçılmazdır və bu, son olacaq”.