DÜZ GEDİŞDƏ TƏRS UDUZDUM

DÜZ GEDİŞDƏ TƏRS UDUZDUM
 
Elman GƏDİKLİ

Nədən canıma yanmadı?
Məni torpağı sanmadı.
Sözü üstə dayanmadı,
Atdı göz itən yerinə.

Yoxsa yenə əhdi pozdum?
Düz gedişdə tərs uduzdum,
Niyyət tutub,savab yazdım,-
üzümün tutan yerinə.

Min könüldən vurulmadı,
Can lilləndi, durulmadı,
Güzgü qoşa qırılmadı,
Gözlərim, utan yerinə.

Harda növbə, harda duraq?
Kim yaşayar sınıq-quraq.
Söz basdırdım min bir varaq
Ümidin batan yerinə.

Çox qəribə nəfəs duydum,
Yenə sınıq səsi duydum,
Ürəyimə bir gül qoydum,-
baxtımın yatan yerinə.

      AĞI SADAĞA QOYMUŞAM

Can can çəkir, dərd bir şələ, 
Ruhum bezib, qəm çiləmə.
Söykənmişən söz,qələmə,
Canı varağa qoymuşam.

Bu havaya çox sevinmə,
Ruh qonaqdı can evində.
Sənli günün arxivinə
Qıfıl-qadağa qoymuşam,

Hər küləklə əsmək olmur,
Sözü balla kəsmək olmur,
Ölüm ruhdu-küsmək olmur,
Adı bir ağa qoymuşam.

Ağ nəfəsdi solum-sağım,
Ağın ruhun çətin yığım,
Son kəlməyə necə sığım?
Ağı sadağa qoymuşam.

 NƏ OLACAQ SƏN DƏ SINA

Gedirəm Tanrı köçündə,
Dərd-tələ neçə biçimdə,
Söz dedim sınaq içində,
Sözlərim tanıdı məni.

Neç bilmədim mən kim idim,
Torpağa nədən yem idim?
Bəlkə ovdum...incimədim,
Kədərlə danladı məni.

İçimdən qaça bilmədim,
Can səddin keçə bilmədim,
Ağzımı aça bilmədim,
Gecələr qınadı məni.

Özümlə olmadı aram,
Sağalmadı kədər yaram,
Çox istədim qıraq duram
Hey dərdim yannadı məni.

Bu qəlb səndən çətin sına,
İstəyirsən gündə sına, 
Nə olacaq sən də sına, 
Tanrı da sınadı  məni...
                                
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az