Paşa Talıblı: "Min ildi bir sözə əsir düşmüşük"

 Paşa Talıblı:


Bir yürü...bir tabut..

Bir dəqiqəlik sükut...
Hər şey onun içində!
...kəfən onun, ağ onun,
yer-göy onun içində.

Ən uzun darıxmaqdı
bir dəqiqəlik sükut.
...bir kor qapıdan çıxır,
haqqa yürür bir tabut.

Haqq yürüdən tabuta
yürüdük...və haqladıq!
...birinci dəfə idi
tək ağladıq, ağladıq!

İlk dəfə anasızdı
bilməz bu tabut körpə!
Ağzında ölüm südü...
Ağlamaz ta bu körpə!

...nə vida üçün, nə də
xətirlənənlər üçün!
...bir dəqiqəlik sükut
xatırlananlar üçün!


Nədir şer?

Nədir şer?
Nədir?...ya da bəlkə kim?
Ələgəlməyən ağıl,
unudulmaz müəllim!

Nədir şer?
İşığa bulaşmış toz!
...göz yaşının sahili
nizamda itmiş xaos!

Nədir şer?
Şübhələr, ehtimallar!
...bəlkə eşidən karlar,
bəlkə danışan lallar!

Nədir şer!
Sönmüş suların külü!
Bir gecə...bir şair...bir...
Bütün dərdlərin dili.

Nədir şer?
Gorsuzun xurafatı!
Məna səlahiyyəti
...və dilin mükafatı!

Nədir şer?
Salam! Əleyküm-salam!
Bu şerin də əvvəli
həm də sonu...vəssalam!


Şairlər-sehrbazlar...

Yenə od götürür kirpiklərimiz...
Bir şam da gecənin-gündüzün üstdə!
Min ildi bir sözə əsir düşmüşük,
əsirik min ildi bir sözün üstdə!

Bu sözlü dünyada hər söz deyilir...
...sözə düz çıxanlar çıxır sınaqdan!
...min ilin sonunda gəlib durmuşuq,
min ilin əvvəli gəlir qabaqdan.

...bir şam da gündüzün-gecənin altda-
zamanın çatları düz bitsin deyə!
Biz də bu torpağa ürək basdırdıq...
Üstündə bir qarış söz bitsin deyə!

Hər dəfə toxumu basdırmaq qalır-
Yenə basdırırıq ürəyimizi...
Yenə od götürür kirpiklərimiz,
oda yandırırıq lələyimizi.

Paşa Talıblı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az